Frederik Mistral (fr. Frédéric Mistral, oks. Frederic Mistral/Mistrau — klassik dil normalarına görə, Frederi — onun özünün özünü adlandırdığı kimi; 8 sentyabr 1830[1][2][…] – 25 mart 1914[1][2][…]) — provansal şairi və leksikoqraf, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1904).
Frederik Mistral | |
---|---|
Lua xətası: expandTemplate: template "dil-pro" does not exist. | |
Doğum adı | Joseph Étienne Frédéric Mistral |
Təxəllüsü | Mèste Franc[3], Gui de Mount-Pavoun[3], Cousinié Macàri[3], Michèu Gai[3], Lou Cascarelet[3], Grand la Borgno[3], Lou Felibre de Bello Visto[3], Un Maianen[3], Lou Felibre dóu Mas[3], Antoine Chansroux[3], Lou Canounge de N-D. de Casten[3], Lou Felibre de Bèuvezet[3], Lou Felibre Calu[3], Jan Chaplo Verne[3], Un Jouine Felibre[3], Lou Medecin di Torro[3], Tounin Clapo[3], Lou Tout-Obro[3], Ambròsi Boufarel[4] |
Doğum tarixi | 8 sentyabr 1830[1][2][…] |
Vəfat tarixi | 25 mart 1914[1][2][…] (83 yaşında) |
Fəaliyyəti | yazıçı, şair, leksiqraf |
Əsərlərinin dili | Oksitan dili[1][3], fransız dili[1] |
Janrlar | poeziya, lüğət |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
1904-cü ildə ədəbiyyat sahəsində Nobel mükafatını ispan şairi və dramaturq Xose Eçeqarayla bölüşən Frederik Mistral Fransanın cənubunda doğulmuşdu. O, varlı torpaq sahibi Fransua Mistralın yeganə övladı idi. Evlərində fransızcadan fərqlənən provans dilində danışılırdı. Frederik əvvəlcə yerli məktəbdə, sonra Avinyon şəhərindəki pansionatda təhsil almışdı. Burada məktəb yoldaşlarının bütün məsxərə və istehzalarına baxmayaraq o, inadla provans dilində danışırdı.
Doğma dilinin qüdrət və zənginliyini nümayiş etdirmək üçün hətta Vergilinin ilk ekloqunu provanscaya çevirmişdi. Bu sahədə yolgöstərəni provans dilini dirçəltməyə çalışan və özü də bu dildə şeirlər yazan müəllimi Jozef Rumanil idi.
Frederik Mistral 17 yaşında dörd nəğmədən ibarət ilk provans poemasını yazmışdı. Lakin atası onu şair yox, hüquqşünas kimi görmək istəyirdi. Bu istəyin əksinə getməyən Frederik sonda hüquqşünas diplomu alsa da, özünü tamamilə ədəbiyyata həsr etmək qərarında qətiyyət göstərmişdi.
1854-cü ildə Frederik Mistral, Jozef Rumanil və digər bir neçə həvəskar çiçəklənmə dövrü XII-XIII əsrlərə təsadüf edən provans ədəbiyyatını dirçəltmək məqsədi ilə səylərini birləşdirirlər. Onlar tirajı bəzən hətta on min nüsxəyə çatan "Provans almanaxı" dərgisini çap edirdilər. "Felibr" (Provans şairi) kimi tanınan entuziastların əsasını qoyduqları bu ədəbi cərəyan Fransa ədəbiyyatı tarixinə "Felibrij" kimi daxil olmuşdur.
Mistralın pastoral mövzulu "Mireyo" (1859) poeması Felibrij ədəbiyyatının ilk diqqətəlayiq nümunəsi idi. Şair gənc bir qızın uğursuz məhəbbəti fonunda provansal həyatının təkrarsız lövhələrini yaratmışdı. Parisdə yaşayan provonsal yazıçısı Adolf Dümanın təşviqi ilə Mistral poemanın ilk nüsxələrindən birini fransız şairi Alfons de Lamartinə göndərmişdi. Poema ilə tanışlıqdan sonra Lamartin "Böyük şair doğulub!" - deməkdən özünü saxlaya bilməmişdi. Fransız ədəbiyyatının digər görkəmli siması - Stefan Mallarme də eyni fikirdə idi. 1864-cü ildə bəstəkar Şarl Qunonun bu poema əsasında bəstələdiyi "Mireyl" operasının ilk tamaşası Parisdə böyük uğurla tamaşaya qoyulmuşdu.
İlk uğurunun ardınca Mistral üzərində hələ "Mireyo"dan əvvəl işə başladığı "Kalendo" (1867) poemasını tamamlamışdı. 1875-ci ildə onu şair kimi əsas özəllikləri ilə tanıdan "Qızıl adalar" şeirlər kitabını çap etdirmişdi. Bədii yaradıcılıqla yanaşı provans dilinin və mədəniyyətinin dirçəldilməsi, felibrlərə maddi-mənəvi yardım göstərilməsi də daim Mistralın diqqət mərkəzində olmuşdu. O, Felibrijin iclaslarına sədrlik edir, provansca kitablara müqəddimə yazır, provansal orfoqrafiyası və qrammatikası üzərində işləyirdi. Şairin "Felibrij xəzinəsi" adlı ikicildlik provansal-fransız lüğəti ilk dəfə 1878-ci ildə işıq üzü görmüş, sonralar da dəfələrlə çap edilmişdi. Əslində bu kitab adi lüğətdən çox provansal həyatının və mədəniyyətinin bir çox sahələrini əhatə edən ensiklopediya idi.
Mistral yeganə səhnə əsərini – "Kraliça Jano" dramını 1884-cü ildə başa çatdırmışdı. Eyni dövrdə onun Avinyonda papa hakimiyyətinin son günlərini təsvir edən "Nerto" tarixi poeması (1884), XX yüzilliyin astanasında isə "Pono haqqında poema" (1897) əsəri meydana çıxmışdı. Felibrlər hərəkatının 50 illiyinin təntənə ilə qeyd olunduğu 1904-cü ildə Frederik Mistral "xalq ruhunu doğru-düzgün əks etdirən poetik əsərlərinin yeniliyinə və orijinallığına, habelə provansal filologiyası qarşısındakı xidmətlərinə görə" Nobel mükafatına layiq görülmüşdü. Yeni laureat ağır xəstə olduğundan Stokholma, təntənəli təqdimat mərasiminə gedə bilməmişdi.
İsveç Akademiyasının daimi katibi Karl Virsen Mistral yaradıcılığının Alfred Nobelin ədəbi əsərlərə münasibətdə irəli sürdüyü əsas prinsipə – "idealizmə" daha çox cavab verdiyini vurğulayaraq demişdi: "Bütün həyatını milli ruhun, doğma dil və ədəbiyyatın dirçəldilməsi idealına həsr etmiş bir adamdan daha böyük idealist təsəvvürə gətirmək mümkün deyildir".
Frederik Mistral mükafatdan çatan vəsait hesabına əksəriyyəti öz kolleksiyasından ibarət provans mədəniyyəti nümunələrinin toplandığı Atlaten muzeyini yaratmışdı. Həyatının son illərində o, gənclik dövrünün duyğu və yaşantılarını əks etdirən "Mistralın xatirələri" (1906) və provans folkloru mövzusunda şeirlərin yer aldığı "Zeytun yığımı" (1912) kitablarını yazmışdı.
Mistralın yaradıcılığı provans dili və mədəniyyətinin xəzinəsi kimi böyük tarixi-filoloji əhəmiyyətə malikdir. Müasir fransız tənqidçisi Andre Şamson yazır ki, "Mistral hamının diqqətini çəkən mövzulara maraq göstərməsə də, onun provansal şeirlərini oxuyarkən sivilizasiyaların öldüyü, lakin heç zaman yoxa çıxmadığı fikrinə bir daha haqq qazandırmalı olursan".