Gerhart Hauptman

Gerhart Haurtman (alm. Gerhart Hauptmann‎, 15 noyabr 1862[1][2][…]6 iyun 1946[3][1][…]) — naturalist məktəbi təmsilçisi olan alman dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1912).

Gerhart Hauptman
alm. Gerhart Johann Robert Hauptmann
Doğum tarixi 15 noyabr 1862(1862-11-15)[1][2][…]
Vəfat tarixi 6 iyun 1946(1946-06-06)[3][1][…] (83 yaşında)
Vəfat səbəbi bronxit
Təhsili
Fəaliyyəti dramaturq, şair, söz yazıçısı[d], romançı, avtobioqraf[d], ssenarist, yazıçı
Fəaliyyət illəri 1888-ci ildən
Əsərlərinin dili alman dili
İstiqamət naturalizm
Mükafatları Pour le Mérite Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni Order of the Red Eagle 4th Class İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
İmza
gerhart-hauptmann-gesellschaft.de
Vikimənbənin loqosu Gerhart Hauptman Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alman dramaturqu və romançısı Gerhart Hauptman indi Polşa ərazisi sayılan Sileziyada, varlı otel sahibi ailəsində doğulmuşdu. Təhsilini kənd məktəbində və Breslau (indiki Vroslav) gimnaziyasında almışdı. Oxumağa çox səthi və barmaqarası yanaşdığından 15 yaşında fermer olmaq üçün əmisinin yanına göndərilmişdi. Burada bir il qalsa da, əsl həyat məktəbi görmüşdü. "Mən kim olduğumu orada anladım, müstəqillik, qətiyyət kimi keyfiyyətlərə yiyələndim, hadisələrə öz baxışımı tapdım" -deyə yazıçı sonralar "fermerlik həyatını" minnətdarlıqla xatırlamışdı.

Gerhart Hauptman (1914)

Hauptman daha sonra Breslau İncəsənət Akademiyasının heykəltəraşlıq bölümünə daxil olmuşdu. İtaliyada təhsilini davam etdirdiyi illərdə antik sənət və poeziya ilə yaxından maraqlanmış, Prometey haqqındakı əsatirin motivləri əsasında ilk epik-romantik poemasını yazmışdı. 1885-ci ildə özündən yaşlı, lakin zəngin qadınla evlənərək Berlin yaxınlığındakı Erkner qəsəbəsinə köçmüşdü. Bu illər onun həyatında öyrənmə dövrü idi. Hauptman Marksın, Engelsin, habelə Tolstoy, Zolya, İbsen və başqa Avropa klassiklərinin əsərlərini böyük maraqla oxuyurdu.

XIX əsrin sonunda romantizm alman ədəbiyyatının əsas yaradıcılıq metodu olaraq qalırdı. Dramaturgiyada realizmə keçid Hauptmanın adı ilə bağlıdır. 1889-cu ildə "Azad səhnə" teatr-studiyasında onun "Günəşin qürubundan əvvəl" pyesi tamaşaya qoyulmuşdu. Sileziya dialektində yazılmış əsərdə bir kəndli ailəsinin sürətlə varlanması və eyni sürətlə iflasa uğraması fonunda mənəvi-əxlaqi problemlər işıqlandırılırdı. Əsər həyat həqiqəti, təbiiliyi və dilinin sadəliyi ilə diqqəti cəlb edirdi. İlk pyesi ilə Hauptman tamaşaçılarda maraq oyada bilmişdi.

Hauptmanın "Barışıq bayramı" (1890), "Tənhalar" (1891) pyeslərində hələ Henrix İbsenin təsiri aydın duyulurdu. "Toxucular" (1893) pyesi isə onu sənətdə öz dəsti-xətti olan dramaturq kimi məşhurlaşdırdı. Bu əsərdə müəllif iştirakçıları ənənəvi "müsbət" və "mənfi" personajlara bölməmiş, onların hərəkətlərinə qiymət verməyə çalışmamışdı. Tamaşanın qəhrəmanı fərd yox, kütlə şəklində təzahür edirdi.

Mövzu və janr müxtəlifliyi Hauptmanın 90-cı illər yaradıcılığı üçün səciyyəvi idi. Gündəlik həyatın problemlərindən bəhs edən "Xəz manto" (1893) satirik komediyası, XVI əsrin birinci yarısındakı kəndli üsyanlarının panoramını yaradan "Florian Geyer" (1896) tarixi dramı müəllifin həm komik, həm də tragik kimi uğur qazana bildiyini göstərirdi. "Hannelin yüksəlişi" (1894) pyesində isə Hauptman naturalizmdən simvolizmə, gerçəkliklə fantaziyanın vəhdətinə qayıtmışdı.

Gerhart Hauptmanın portreti (1900). Rəssam Lovis Korint

Dramaturqun yaradıcılığı kimi şəxsi həyatı da hadisələrlə zəngin idi. 1904-cü ildə o, ilk arvadını boşamış və dörd il əvvəl ona nikahdankənar oğul doğmuş aktrisa Marqarita Marşalek ilə evlənmişdi. Bir il sonra isə 17 yaşlı rus əsilli aktrisa İda Orloffla eşq macəraları ucbatından ikinci arvadını da boşamışdı. İda Orloff Hauptmanın bir sıra əsərlərində yaddaqalan qadın obrazları yaratmışdı.

Yunanıstana səyahəti (1907) Gerhard Hauptmana xristianlığa bağlılıqla antik mədəniyyət arasındakı ziddiyyətləri təhlil edən və yol qeydləri şəklində yazılan "Yunan baharı" (1908) əsərini ortaya çıxarmaq imkanı vermişdi. Yazıçının "Cinli Emmanuel Kvint" (1910) və "Böyük ananın adası" (1912) romanları da təxminən eyni mövzuya həsr edilmişdi. Tədqiqatçıların fikrincə, dram əsərləri ilə müqayisədə Hauptmanın nəsri o qədər də güclü və təsirli deyildir. 1912-ci ildə Hauptman "dramatik sənət sahəsindəki diqqətəlayiq, məhsuldar və çoxcəhətli fəaliyyətinə görə" Nobel mükafatı laureatı oldu. İsveç Akademiyasının üzvü Hans Hildebrand müəllifin insan ruhunun dərinliklərinə nüfuz etməsini yüksək qiymətləndirmiş, pyeslərindəki realizmin daha yaxşı gələcək uğrunda mübarizədə ciddi amilə çevrildiyini bildirmişdi. Hauptman qısa nitqində öz yaradıcılığından daha çox İsveç Akademiyasının xeyirxah fəaliyyəti üzərində dayanmışdı.

Bütün həyatı boyu pasifist olan Hauptman Almaniyanın başladığı hər iki dünya müharibəsi zamanı da mövqeyini dəyişməmişdi. Lakin Hitler hakimiyyətə gələn zaman əksər mütərəqqi ziyalılar kimi etiraz əlaməti olaraq ölkəni tərk etməməsi onun şəxsiyyət və istedadının pərəstişkarları arasında narazılıq yaratmışdı. "Üçüncü reyx" dövründə Hauptmanın yaradıcılığına ciddi maraq göstərilməmiş, əsərləri səhnədə az oynanılmışdı. Bütün bunlara baxmayaraq faşist ideoloqları onun 17 cildlik külliyatının maliyyələşdirilməsini məqsədəuyğun saymışdılar.

Gerhart Hauptman Ehefrauda nitq edərkən (1932)

İki dünya savaşı arasında Hauptman diqqəti o qədər də cəlb etməyən "Qış balladası" (1917), "Ağ xilaskar" (1920), "İndipodi" (1920) irrasionalist dramlarını, "Suandan olan kafir" (1918) romanını yazmışdı. Yaradıcılığının son dövrünə aid əsərləri içərisində "Günəşin qürubundan əvvəl" (1932) pyesi, "Gənclik illərimin macəraları" (1937) avtobioqrafik romanı diqqəti daha çox çəkir. "Böyük yuxu" (1942) adlı fantastik poemasında Hauptman simvollar və bədii paralellər vasitəsi ilə nasizmə mənfi münasibətini gec də olsa, ifadə etməyə çalışmışdı.

Hauptman Almaniyanın İkinci Dünya müharibəsindəki məğlubiyyətindən bir il sonra, Avropanın yenidən bölünməsi nəticəsində Polşa ərazisində – Aqnetendorfda qalan malikanəsində vəfat etmişdi. SSRİ-də onun yaradıcılığına loyal yanaşılsa da, polyaklar yazıçının Polşada dəfninə razılıq verməmişdilər. Yalnız ölümündən bir ay sonra Hauptmanın nəşini köhnə mal vaqonunda Almaniyaya aparmaq və Hiddensdəki mülkünün həyətində dəfn etmək mümkün olmuşdu.

Bir sıra Nobel laureatları kimi Hauptmanı da zamanın sınığandan çıxmayan müəlliflər sırasına daxil edirlər. Ümumiyyətlə, yazıçının yaradıcılığına münasibət ziddiyyətlidir. Onu "Avropanın sonuncu həqiqi humanistlərindən biri" (H.Qarten) sayanlar da, həyatının son qərinəsində yazdığı əsərlərin "heç bir dəyəri olmadığını və onların saxta səsləndiyini" (C.Qassner) iddia edənlər də var.

  1. "Günəşin qürubundan əvvəl" (Vor Sonnenaufgang), 1889;
  2. "Sülh bayramı" (Das Friedenfest), 1890;
  3. "Tənhalar" (Einsame Menschen), 1891;
  4. "Toxucular" (Die Weber), 1892;
  5. "Həmkar Krampton" (College Crampton), 1892;
  6. "Xəz manto" (Der Biberpelz) 1893;
  7. "Qanelle" (Hanneles Himmelfahrt), 1893;
  8. "Florian Geyer" (Florian Geyer), 1896;
  9. "Elqa" (Elga), 1896;
  10. "Batmış zəng" (Die versunkene Glocke), 1896;
  11. "Arabaçı Qenşel" (Fuhrmann Henschel), 1898;
  12. "Mixael Kramer" (Michael Kramer), 1900;
  13. "Qırmızı xoruz" (Der rote Hahn), 1901;
  14. "Yazıq Henrix" (Der arme Heinrich), 1902;
  15. "Roza Bernd" (Rosa Bernd), 1903;
  16. "Bişofsberqdən olan xanımlar" (Die Jungfern von Bischofsberg), 1905 (вышла в 1907);
  17. "Pippa isə oynayır" (Und Pippa tanzt), 1906;
  18. "Böyük Karlın əsiri" 1908;
  19. "Siçovullar" (Die Ratten), 1911.
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Gerhart Hauptmann (nid.).
  3. 1 2 Гауптман Герхарт // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]