Moris Meterlink

Moris Polidor Mari Bernar Meterlink — (fr. Maurice (Mooris) Polydore Marie Bernard Maeterlinck; 29 avqust 1862[1][2][…], Gent[1][3]6 may 1949[2][3][…], Nitsa[1][3]) — fransız dilində yazan Belçika şairi, dramaturqu və filosofu, məşhur "Mavi quş" fəlsəfi pyes-pritçanın müəllifi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1911).

Moris Meterlink
fr. Maurice Maeterlinck
Doğum adı Maurice Polydore Marie Bernard Maeterlinck
Doğum tarixi 29 avqust 1862(1862-08-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 may 1949(1949-05-06)[2][3][…] (86 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti yazıçı, şair, filosof, esseist, dramaturq, librettoçu, tərcüməçi
Fəaliyyət illəri 1888–1949
Əsərlərinin dili fransız dili
İstiqamət simvolizm
Mükafatları "Fəxri Legion" ordeni komandoru Grand Officer of the Military Order of Saint James of the Sword
İmza
Vikimənbənin loqosu Moris Meterlink Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Belçika dramaturqu və esseisti Moris Polidor Mari Bernar Meterlink imkanlı flamand ailəsinin övladı idi. İlk təhsilini yezuit kollecində almışdı. Kiçik yaşlarında hər şeydən çox poeziya ilə maraqlanırdı. Ailədə əsasən fransızca danışıldığından Meterlink də yazmağa başlayarkən bu dilə üstünlük vermişdi. Valideynləri onun ailə ənənəsini davam etdirərək hüquqşünas olmasını istəyirdilər.

Meterlink ata-anasının iradəsinə qarşı çıxmamışdı. Gent universitetinin hüquq fakültəsini biritmişdi. Lakin 1885-ci ildə təcrübə keçmək üçün getdiyi Parisdə bütün vaxtını və gücünü ədəbi məşğələlərə sərf etmişdi. Simvolist şairlər — Stefan Mal və Vilye de Lil-Adanla tanışlıq onun gələcək həyat yolunu müəyyənləşdirmişdi.

Gentə qayıtdıqdan sonra Meterlink bir müddət atasının notariat kontorunda çalışsa da özünü ədəbiyyatdan kənarda təsəvvür etmirdi. 1886-cı ildə Parisdə, "Pleyada" jurnalında "Günahsızların qətli" adlı novellası dərc olundu. Üç il sonra isə gənc müəllif "İstixanalar" poetik məcmuəsini və "Şahzadə Malen" nağıl-pyesini oxucuların mühakiməsinə verdi. Sonuncu əsər ədəbi mühitdə maraqla qarşılandı. Fransız tənqidçisi Oktav Mirbo "Şahzadə Malen"i şedevr adlandırmış, müəllifini isə Şekspirlə müqayisə etmişdi. Bu səxavətli rəy Moris Meterlinkin hüquqşqnaslıqla əbədi vidalaşıb ədəbiyyata gəlməsi üçün kifayət idi.

Sonrakı illərdə Meterlink ölüm və həyat mövzusunun, reallıqla mistikanın qəribə şəkildə çulğalaşdığı "Çağrılmamış qonaq" (1890), "Korlar" (1890), "Yeddi şahzadə" (1991), "Peleas və Melianda" (1892; bu pyesin motivləri əsasında fransız bəstəkarı Klod Debüssi 1902-ci ildə eyniadlı opera bəstələmişdi) pyeslərini yazdı. Nağıl dünyasının sehri bu əsərlərin hamısı üçün səciyyəvi idi. Qəhrəmanlar az danışır, eyham və işarələrlə anlaşırdılar. Çox mətləblər mətn altında qalırdı. Müəllifin 1894-cü ildə marionet teatrı üçün bir neçə əsər ("Alladina və Palomed", "Orada, içəridə", "Tentajilin ölümü") yazması da canlı aktyorlardan fərqli olaraq kuklalar vasitəsilə rəmzləri daha yaxşı ifadə etmək imkanı ilə bağlı idi. Meterlink 1895-ci ildə müğənni və aktrisa Jorjetta Leblan ilə tanış olmuşdu. 25 il birlikdə yaşamışdılar. Leblan katibə və impressario vəzifəsini öz öhdəsinə götürmüşdü. Həm də "Aqlavena və Selizetta" (1896), "Monna Vanna" (1902), "Juazel" (1903) kimi daha həyati və realist mövzulu pyeslərin baş rollarının ifaçısı kimi məşhurlaşmışdı. Yaradıcılığının və Leblanla əlaqələrinin Gentdə istehza hədəfinə çevrildiyini görən Meterlink 1896-cı ildə Parisə köçmüşdü. Bir müddət hətta dramaturgiyadan uzaqlaşaraq daha çox metafizik esse və traktatlar yazmışdı.

1905-ci ildə o, adını əbədiləşdirən "Göy quş" pyesini tamamladı. Müəllif bu əsərlə yenidən simvolik ifadə tərzinə qayıtmışdı. 1908-ci ildən başlayaraq pyes Moskva, Nyu-York, Paris, London və digər dünya paytaxtlarında uğurla tamaşaya qoyuldu. XX əsrin əvvəllərində Azərbaycan teatrı da Meterlinkin həmin əsərinə müraciət etmiş və pyes Ə. Haqverdiyevin tərcüməsində "Abı quş" adı ilə milli teatrımızın səhnəsində dəfələrlə oynanılmışdı.

Moris Meterlinkin gənclik şəkli

Moris Meterlink 1911-ci ildə Nobel mükafatına layiq görüldü. Mükafat ona "çoxcəhətli ədəbi fəaliyyətinə, ilk növbədə isə təxəyyül zənginliyi və poetik fantaziyanın qüdrəti ilə diqqəti çəkən dram əsərlərinə görə" verilmişdi. Maraqlıdır ki, İsveç Akademiyasının daimi katibi K. Virsen Meterlink yaradıcılığında əslində zəif əsər kimi qiymətləndirilən "Aqlavena və Selizetta" dramını fərqləndirmişdi. Bir sıra həmkarları kimi Meterlink də mükafatın təqdimat mərasimində iştirak edə bilməmişdi. Onun diplom və medalı Belçikanın Stokholmdakı səfirinə təqdim olunmuşdu. Fransızca yazan Moris Meterlinkə Fransa Akademiyasına üzvük təklif edilmişdi. Lakin bunun üçün Belçika vətəndaşlığından çıxmaq tələb olunduğunu öyrəndikdən sonra müəllif razılaşmamışdı.

Birinci Dünya müharibəsində Belçika Almaniya işğalına məruz qaldığından Fransaya pənah gətirən Meterlink Xarici legiona qoşulmaq istəsə də, yaşına və səhhətinə görə qəbul etməmişdilər. O, vətəndaşlıq vəzifəsini ABŞ və Avropada müharibə əleyhinə təbliğati mühazirələr oxumaqla yerinə yetirmişdi.

Həyatının son illərində Meterlink pyeslərdən daha çox məqalə və esselər yazmışdı. Nobel laureatı kimi qələmə aldığı maraqlı əsərlərdən biri "Termitlərin həyatı" (1926) antiutopiyası idi. "Məkanın həyatı" (1928), "Qarışqaların həyatı" (1930) üslub baxımından bu əsərə yaxın idilər. Müəllif "Termitlərin həyatı"nda insanları mütəşəkkil, lakin küt, ruhsuz və beyinsiz məxluqlara — termitlərə çevirən kommunizm ideologiyasının və totalitar rejimlərin rəmzi modelini yaratmışdı. 1932-ci ildə Belçika kralı I Albert Meterlinkə qraf titulu vermişdi.

Hitler Almaniyası Avropa üçün təhlükəyə çevriləndə Meterlink Portuqaliya diktatoru Salazarın dəvəti ilə Lissabona köçmüşdü. Faşistlər Portuqaliyaya yaxınlaşanda isə daha uzaqlara – ABŞ-yə mühacirət etmişdi. Müəllifin son səhnə əsəri 1945-ci ildə tamamladığı "Janna D`Ark" faciəsi idi. Həyatının son illərində Meterlink "Mavi köpücüklər" adlandırdığı xatirələri üzərində işləyirdi. Moris Meterlink yalnız 1947-ci ildə ABŞ-dən Avropaya, Fransaya qayıda bilmiş və iki ildən sonra Nitsada həyatla vidalaşmışdı. Katolik kilsəsi ilə problemlərinin mövcudluğundan dəfni dini ayinlər icra olunmadan keçirilmişdi.

Meterlinkin dramaturgiyası müasir dövrdə də maraq doğurur. Onu haqlı olaraq absurd teatrının banilərindən biri sayırlar. Tənqidçi Joanna Kozoffun fikrincə bir sənətkar kimi Meterlinkin ədəbi uzunömürlülüyünün sirri onun heç vaxt sənəti təbliğata çevirməməsi, ümumbəşəri dəyərlərə önəm verməsi ilə bağlıdır.

  • Tentajilin ölümü (pyes) (1894).
  • Aqlavena və Selizetta, Ariana və Mavi Saqqal (pyes-nağıllar) (1896).
  • Müdriklik və tale (1898).
  • Gizli məbəd (1902).
  • Beatrisa bacı (dram) (1900).
  • Arıların həyatı (1901)
  • Monna Vanna (tarixi dram) (1902).
  • Müqəddəs Antoniyanın möcüzəsi (pyes) (1903).
  • Mavi quş (pyes) (1905)
  • Güllərin şüuru (1907)
  • Nişanlanma (pyes) (1918) — bir növ "Mavi quş"un davamıdır.
  • Stilmondun burqomistri (pyes) (1919)
  • Torpağın duzu (pyes) (1919)
  • Termitlərin həyatı (1926)
  • Məkanın həyatı (1928)
  • Qarışqaların həyatı (1930)
  • Allahın qarşısında (1937)
  • Janna dArk (1945)
  • Göy qovuqlar (xoş xatirələr) (memuarlar) (1948).
  1. 1 2 3 4 5 6 Метерлинк // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 4. С. 797–801.
  2. 1 2 3 4 Maurice Maeterlinck // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 5 6 Archivio Storico Ricordi. 1808.
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Şablon:Nobel ədəbiyyat 1901–1925