Verner fon Heydenstam (isv. Verner von Heidenstam; 6 iyul 1859[1][2][…] – 20 may 1940[3][1][…]) — isveçli yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1916).
Verner fon Heydenstam | |
---|---|
isv. Carl Gustaf Verner von Heidenstam | |
Doğum tarixi | 6 iyul 1859[1][2][…] |
Vəfat tarixi | 20 may 1940[3][1][…] (80 yaşında) |
Fəaliyyəti | yazıçı, şair, rəssam |
Üzvlüyü | |
Mükafatları | |
Verner fon Heydenstam Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
İsveç şairi və romançısı Karl Qustav Verner fon Heydenstam qədim və zəngin zadəgan nəslindən idi. İsveçin cənubunda, Elshammar şəhərində doğulmuşdu. Xəstəhal, çəkingən və zəif uşaq olan Karl Qustav kiçik yaşlarından İsveç saqalarının sehrkar mühitinə düşmüş, çılğın ədəbiyyat həvəskarı kimi böyümüşdü.
Səhhəti ilə əlaqədar valideynləri yeganə övladlarını Aralıq dənizi sahillərinə - İtaliya və Yunanıstana göndərmişdilər. Burada isə o, özünün etiraf etdiyi kimi "hər şeyi suçəkən kimi canına çəkdiyi bir zamanda" cənub ölkələrinin çoxmillətli və çoxmədəniyyətli mühitinə düşmüşdü. Təbii ki, zəngin və azad gənc əyalət universitetinin auditoriyalarında antik dövr haqqında cansıxıcı mühazirələrə qulaq asmaq əvəzinə Afina Akropolunu gəzib dolaşmağı, xristian mədəniyyətini mənimsəmək əvəzinə bütün varlığı ilə Şərq, daha doğrusu Aralıq dənizi sivilizasiyasını öyrənməyi daha üstün tutmuşdu.
Karl Qustav ardıcıl təhsil almamışdı. Çox gənc yaşda isveçrəli Emiliya Uqqla ilə evlənmişdi. Həyatı tam təmin olunduğundan gələcək üçün hər hansı konkret planı yox idi. Ədəbiyyata və gözəl sənətlərə marağını nəzərə alan atası 1883-cü ildə onu təhsilini tamamlamaq üçün Parisə göndərmişdi. Burada Karl Qustav bir müddət Gözəl Sənətlər məktəbində rəssamlığın sirlərinə yiyələnməyə çalışmışdı.
1886-cı ildə Heydenstamın həyatında əlamətdar hadisə baş verdi: o, İsveçrədə həmvətəni, şair və dramaturq Avqust Strindberqlə tanış oldu. Bu tanışlıq tezliklə dostluğa çevrildi və Karl Qustavın rəssam olmaq fikrindən daşınaraq özünü ədəbi yaradıcılıqda axtarmaq qərarı ilə nəticələndi. Növbəti il o, İsveçə qayıtdı. Vətənində ilk poetik uğuru sayıla biləcək "Zəvvarlıq və səyahət illəri" (1888) kitabını çap etdirdi. Onun şeirlərində uşaqlıq dövrünün saf xatirələri ilə Şərq ekzotikası qəribə bir şəkildə çulğaşırdı. Dövrün tutqun naturalist poeziyası fonunda bu şeirlər öz hərarəti, işıq və istiliyi, obrazlarının yeniliyi və rəngarəngliyi ilə diqqəti çəkirdi.
Aralıq dənizinin klassik mədəni-mənəvi dünyası müəllifin "Endimion" (1889) romanında təsvir olunmuşdu. Ədəbi manifest kimi qələmə aldığı "Renessans" (1890) kitabında isə İsveç şairi naturalizmi tənqid edir, zəngin təxəyyülə, canlı gözəllik hissinə, həyati və işıqlı realizmə əsaslanan yeni poetik estetika yaratmaq zərurətindən danışırdı. Ədəbiyyatdan tələb olunan bu keyfiyyətlər Heydenstamın mənzum "Hans Alyenus" (1892) romanında öz əksini tapmışdı.
Sadəcə "Şeirlər" (1895) adlandırdığı ikinci kitabı çap olunduqdan sonra Haydenstam İsveç ədəbiyyatının aparıcı simasına çevrildi. İsveç əsilli Amerika tənqidçisi Alrik Qustavson bu kitab haqqında yazırdı ki, ""Şerlər"in hər misrasına humanizm həkk olunub, onların hər biri öz kökü, mayası ilə şairin qədim tarixə malik Vətəni qarşısındakı pərəstiş hissinə əsaslanır".
İsveçin tarixi keçmişinə bağlılıq, yeni milli mif yaratmaq niyyəti Heydenstamın yaradıcılıq uğuru kimi qiymətləndirilən "XII Karlın müharibələri" (1897-1898) kitabında da aydın hiss olunur. Müəllif müəyyən dərəcədə ideallaşdırdığı, vətənpərvər qəhrəman kimi təqdim etdiyi XII Karlı müasir İsveç cəmiyyətinin ifrat materializminə və hər şeydə şəxsi fayda güdmək prinsipinə qarşı qoymuşdu.
Yazıçının "Müqəddəs Briqittanın ziyarəti" (1901), iki cildlik "Folkunqların şəcərəsi" (1905-1907) romanları və yenə də iki cilddən ibarət "İsveçlilər və onların rəhbərləri" (1908-1910) mənsur poeması İsveçin tarixi keçmişinə həsr olunmuşdu. Böyük tarixi simalardan bəhs edən bu əsərlər yüksək vətənpərvərlik ruhu və dərin idealizmi ilə seçilirdi. Onları tam əsasla müəllifin də mənsub olduğu İsveç aristokratiyasının tarixi simasını açan manifest adlandırmaq mümkündür.
Maraqlıdır ki, bu zəmində Karl Qustav sənət müəllimi saydığı Avqust Strindberqlə qarşı-qarşıya gəlməli olmuşdu. Strindberq özünü fəhlə sinfinin ideoloqlarından sayırdı və aristokratiyanı müdafiə mövqeyi tutduğuna görə Heydenstamı "yunkerlərin şairi" adlandırırdı. İki məşhur sənətkarın mətbuat səhifələrinə çıxan polemikası qarşılıqlı ittihamlarla dolu idi.
Lakin Heydenstamın növbəti poetik məcmuəsi – "Yeni şeirlər" kitabı (1915) ünvanına söylənən ittihamların fövqündə dayandığını, həqiqətən də milli ədəbiyyatı dünya miqyasında təmsil edəcək səviyyəyə yüksəldiyini göstərdi.
1916-cı ildə Karl Qustav Heydenstam "İsveç ədəbiyyatında yeni eranın aparıcı nümayəndələrindən biri kimi mühüm yerinə və mövqeyinə görə" həmvətəninin təsis etdiyi mükafatı alan ikinci isveçli oldu. Müharibəyə görə bu dəfə də təqdimat mərasimi keçirilməmişdi. Tənqidçi Sven Sederman İsveç Akademiyası üçün hazırladığı ədəbi-bioqrafik oçerkdə yeni laureatı "İsveç poeziyasını dirçəldən təkrarsız sənətkarlar kəhkəşanının ən parlaq ulduzu" adlandırmışdı. Nobel mükafatı aldıqdan sonra uşaqlıq illəri haqqındakı "Şabalıdlar çiçəkləyəndə" adlı idealizə olunmuş xatirələrini çıxmaq şərti ilə Heydenstam heç bir yeni əsər yaratmamışdı. O, özündən iyirmi yaş cavan olan üçüncü xanımı ilə Vettern gölünün sahilindəki dəbdəbəli evində sakit, rahat həyat yaşamışdı.
XX əsrin əvvəllərində Heydenstam dostu və opponenti Strindberqlə birlikdə həqiqətən də İsveçin ən yaxşı şairi idi. İndi isə onu tam əsasla yalnız ədəbiyyat tarixçilərinin maraq dairəsinə daxil olan Nobel laureatlarından saymaq mümkündür.