Yaponiyanın nüvə silahı proqramı (日本の原子爆弾開発, Nihon no genshibakudan kaihatsu?) — ilk dəfə İkinci dünya müharibəsi zamanı Yaponiya imperiyası tərəfindən həyata keçirilmiş nüvə silahı proqramına verilən ad. Almaniya nüvə silahı proqramı kimi Yaponiyanın da nüvə silahı proqramı müxtəlif problemlərlə üzləşmiş və Hiroşima ilə Naqasakinin 1945-ci ilin avqustunda ABŞ tərəfindən atom bombardmanına məruz qalmasından öncə laboratoriya mərhələsindən o tərəfə keçə bilməmişdir.
Hal-hazırda Yaponiyanın nüvə enerjisi infrastrukturu Yaponiyaya nüvə silahları hazırlamağa imkan verir. Yaponiyanın qeyri-hərbiləşdirilməsi və ABŞ-nin nüvə qalxanı Yaponiyada nüvə silahlarının istehsalı ilə bağlı ciddi məhdudiyyətlər qoysa da, Şimali Koreyanın nüvə silahı sınaqları keçirməsi Yaponiyada bəzi siyasətçilərin və hərbçilərin bu siyasətdən imtina edilməsinə dəstək vermələrinə səbəb olmuşdur.[1][2]
1934-cü ildə Tokio Universitetinin professoru Hikoasaka Tadayoşi "atom fizikası nəzəriyyəsi"ni yayımlamışdır. Hikosaka bildirmişdi ki, atomun nüvəsi özündə böyük enerji saxlayır və bu enerjinin ayrılması məişətdə və silahların alınmasında istifadə oluna bilər.[3] 1938-ci ilin dekabrından alman kimyaçılar Otto Han və Frits Ştrassman "Naturwissenschaften" jurnalına göndərdikləri əlyazmada uran elementinin neytronlarla bombardmanı zamanı barium elementinin müşahidə olunduğunu qeyd etmişdirlər.[4] Onlar bu məlumatı Liza Meytnerə və xalası oğlu Otto Robert Frişə çatdırmışdırlar. Onlar bu hadisənin nüvə parçalanması olduğunu güman etmiştirler[5] və 13 yanvar 1939-cu ildə Friş bunu təcrübi yolla təsdiqləmişdir.[6] Bütün dünyadakı fizikaçıları dərhal zəncirvari nüvə reaksiyalarının həyata keçirilə biləcəyini anlamış və hökumətlərini nüvə silahlarının istehsalının mümkünlüyü barədə məlumatlandırmışdırlar.
Yaponiyanın atom proqramında aparıcı şəxs Nils Borun yaxın həmkarı, Albert Eynşteynin müasiri Yoşio Nişina olmuşdur.[7] O, Kleyn-Nişina düsturunun da çıxarılmasında iştirak etmişdir.[8] Nişina 1917-ci ildə Tokioda yaradılmış RİKEN İnstitutunda 1931-ci ildə yüksək enerji fizikasını öyrənmək üçün öz Nüvə Tədqiqatlar Laboratoriyasını qurmuşdur.[9] 1936-cı ildə Nişina öz ilk 660 millimetrlik siklotronunu hazırlamışdır. 1937-ci ildə isə 220 tonluq, 1500 millimetrlik ikinci siklotronunu yaratmışdır. 1938-ci ildə Yaponiya Kaliforniya Universitetindən də bir siklotron almışdır.[7]
1939-cu ildə Nişina nüvə parçalanmasının hərbi potensialını anlamış və nüvə silahları üzərində işləyən ABŞ-nin bunu Yaponiyaya qarşı istifadə edə biləcəyindən narahat olmuşdur. Belə ki, 1939-cu ildə ABŞ prezidenti Franklin Ruzvelt ABŞ-də nüvə silahları üzrə ilk tədqiqatları başlatmış, bu isə Manhetten layihəsinə çevrilmişdir. Yaponiyanın ABŞ-dən siklotron aldığı laboratoriya isə nüvə silahı tədqiqatlarının əsas yerlərindən biri olmuşdur.
1940-cı ilin yayının əvvəlində Nişina leytenant-general Takeo Yasuda ilə qatarda görüşmüşdür. Yasuda bu zaman Hərbi Aviasiya Departamentinin Texniki Tədqiqatlar İnstitutunun direktoru idi. Nişina Yasudaya nüvə silahlarının hazırlanmasının mümkünlüyündən bəhs etmişdir.[10] Lakin Yaponiya nüvə silahı proqramı Hideki Toconun nüvə silahlarının mümkünlüyünün araşdırılması əmrinin Yasuda tərəfindən icra edildiyi 1941-ci ilin aprelinə kimi başlamamışdır. Yasuda əmri RİKEN İnstitutunun direktoru Masatoşi Okoçiyə ötürmüş, o isə öz növbəsində Nişinaya ötürmüşdür. 1941-ci ildə Nişinanın Nüvə Tədqiqatlar Laboratoriyasında 100-dən çox tədqiqatçı var idi.[11]
Eyni zamanda Yaponiya imperiya hərbi-dəniz donanmasının Texnologiya Tədqiqat İnstitutunun öz ayrı araşdırmaları var idi və nüvə silahları haqqında məsləhətlər almaq üçün Tokiodakı İmperiya Universitetinin professorlarını işə cəlb etmişdir. Bu, Nişinanın sədrliyi ilə Nüvə Fizikasının Tətbiqi üzrə Tədqiqat Komitəsinin yaradılmasına səbəb olmuşdur. Komitənin 1942-ci ilin iyulu ilə 1943-cü ilin martı arasında 10 görüşü baş tutmuşdur. Komitənin təqdim etdiyi bir hesabatda atom bombasının hazırlanmasının prinsipcə mümkün olduğu, lakin "hətta ABŞ-nin belə müharibə dövründə atomun gücünün tətbiqini anlamasının çətin olduğu" bildirilmişdir. Bu, donanmanın nüvə silahlarına olan marağının azalmasına, əvəzində diqqəti radara yönəltməsinə səbəb olmuşdur.[11]
Ordu həvəsdən düşməmiş və tezlikdə komitə RİKEN-də Ni-Qo layihəsi adlı təcrübi layihə başlatdıqları haqqında hesabat təqdim etmişdir. Məqsəd uran-235 elementini elektromaqnit parçalama, qaz diffuziyası və sentrafuqa parçalaması kimi alternativ metodlarla yox, termiki diffuziya metodu ilə parçalamaq idi. 1945-ci ilin fevralına kimi RİKEN kompleksində kiçik alim qrupu elementar separatorda kiçik miqdarda material ala bilmişdir. RİKEN-in siklotronu həmin materialın uran-235 olmadığını müəyyənləşdirmişdir. Separator layihəsi 2 ay sonra ABŞ-nin Tokionu 1945-ci ilin martında bombardman etməsi zamanı baş verən yanğına görə bitirilmişdir. Nüvə reaktoru tikmək üçün heç bir cəhd edilməmişdir. Ağır su yox idi, lakin Nişinanın separatoruna nəzarət edən Takeuçi Masa hesablamışdı ki, əgər uran 5-10 % miqdarda uran-235 ilə zənginləşdirilsə, yüngül su da bəs edəcəkdi.[11]
Təcrübələr davam edərkən ordu və donanma Fukuşima prefekturasında, Koreyada, Çində, Birmada uran filizi axtarışında idi.[11] Yaponiya alman müttəfiqlərindən də material tələb etmiş və U-234 adlı alman sualtı qayıq 500 kiloqram emal edilməmiş uranium oksidlə 1945-ci ilin aprelində Yaponiyaya yola düşmüşdür. Lakin Almaniyanın təslim olmasından sonra sualtı qayıq da Atlantik okeanında ABŞ-yə təslim olmuşdur. Uranium oksid sualtı qayığın ad bənzərliyinə görə səhvən "U-235" kimi qeydə alınmışdır və onun dəqiq xarakteristikası naməlum qalır. Bəzi mənbələrə görə bu material silah məqsədi ilə deyil, aviasiya yanacağı üçün istifadə olunan sintetik metanolun istehsalında katalizator kimi nəzərdə tutulmuşdu.[12][13]
Uilyamsa görə "Yüksək keyfiyyətli uranın almanların atom layihəsinə mane olduğu kimi, yaponlara da bomba hazırlamağa mane oldu". Bu, Manhetten layihəsinin intellektual qrupunun yekunlaşdırması idi. Onlar həmçinin Yaponiya nüvə fizikaçıların dünyanın digər dövlətlərinin nüvə fizikaçıları qədər yaxşı olduqlarını qeyd etmişdirlər.[14]
1943-cü ildə fərqli bir donanma komandiri Kiotoda İmperiya Universitetində Bunsaku Arakatsunun başçılığı altında F-Qo layihəsi adlı bir nüvə tədqiqat proqramı başlatmışdı. Arakatsu bir neçə ilini Kembricdə Ernest Rezerfordun yanında Kavendiş laboratoriyasında və Albert Eynşteynin yanında Berlin Universitetində oxuyaraq keçirmişdi. Nişina ilə birlikdə Arakatsu Yaponiyada ən tanınmış nüvə fizikaçısı idi.[15] Onun komandasına 1949-cu ildə Nobel mükafatı qazanmış ilk yapon fizikaçı olacaq Hideki Yukava da daxil idi.
Müharibənin əvvəllərində Donanma Tədqiqat İnstitutunun Kimya Bölməsinin başçısı komandir Kitaqava Arakatsu Arakatsudan uran-235-i parçalamağı istəmişdir. İş ləng gedirdi, lakin müharibənin bitməsindən qısa müddət öncə ultrasentrifuqa hazırlamışdır və tələb olunan nəticəni əldə edəcəyinə ümid etmişdir. Maşının dizaynı ancaq Yaponiyanın təslim olduğu vaxtda tamamlanmışdır.[11][16]
Yaponiyanın təslim olmasından qısa müddət sonra Manhetten layihəsinin atom bombası missiyası sentyabrda Yaponiyaya göndərilmişdir və onlar F-Qo layihəsinin Koreya və Kyuşudakı elektrolitik ammonyak fabriklərindən aylıq 20 qram ağır su əldə etdiyini bildirmişdirlər. Sənayeçi Cun Noquçi bir neçə il öncə ağır su istehsalını başlatmışdı. 1926-cı ildə Noquçi Koreyanın şimal-şərqində Konan şəhərində Koreya Hidro Elektrik Şirkətini qurmuşdu. Bu yer gübrə istehsalı üçün ammonyak istehsalı ilə məşğul olmağa başlamışdır.[11]
16 oktyabr 1945-ci ildə Nişina ABŞ-dən RİKEN-də bioloji və tibbi tədqiqatlar üçün iki siklotrondan istifadə etməyə icazə vermələrini xahiş etmişdir. Xahişi tezliklə yerinə yetirilmişdir. Lakin 10 noyabrda ABŞ-nin Vaşinqtondakı Müharibə Katibliyindən RIKEN, Kioto Universiteti və Osaka Universitetindəki siklotronların məhv edilməsi barədə göstərişlər verilmişdir.[17] Siklotronlar 24 noyabrda məhv edilmişdir. RIKEN-in siklotronları Tokio körfəzinə atılmışdır.[18]
Siklotronların məhv edilməsinə qarşı yazdığı bir məktubda Nişina RIKEN-dəki siklotronların Ni-Qo layihəsində rəsmi olaraq istifadə olunduğunu, lakin hazırda nüvə silahı istehsalında işə yaramadığını qeyd etmişdir. Nişina bu layihəyə daxil olmasını onunla izah edirdi ki, siklotronlar ona nüvə energetikası üzrə sadə tədqiqatlar aparmağa imkan verəcəkdi, ona görə də cihazlar üzərində işləməyə davam edirdi. Layihənin hərbi tərəfi ona maddi imkanlardan yaxşı yararlanmaq imkanı verirdi. O, bu haqda vicdan əzabı çəkmirdi, çünki müharibənin bitməsindən öncə Yaponiyada nüvə silahlarının istehsal oluna biləcəyinə inanmırdı.[18]
2 oktyabr 1946-cı ildə "Atlanta Constitution" jurnalı müharibədən sonra Koreyada 24-cü cinayət istintaq briqadasında istintaqçı olan müxbir Devid Snellin hekayəsini yayımlamışdır. Snell Koreyanın Hınnam (Konan) şəhəri yaxınlığında şəhərin SSRİ tərəfindən işğal edilməsindən öncə uğurla nüvə silahı sınağı keçirdiyini iddia etmişdir.[19] O, bu məlumatı Hınnamda əks-kəşfiyyətdən məsuliyyət daşıyan kapitan Vakabayaşi adlı yapon zabitindən 1945-ci ilin sentyabrından Seuldan əldə etdiyini bildirmişdir.[20][21][22] MQAK rəsmiləri Yaponiyanın müharibə zamanı nüvə fizikasına olan marağı haqqındakı bütün məlumatlara ciddi senzura tətbiq etdiyindən, Snellin hesabatını diqqətə almamışdırlar.[23]
1947-48-ci illərdəki istintaqlar zamanı yapon alimlərdən nüvə silahı sınağı keçirilməsi barədə sorğular alınmışdır. Snellin qeydləri Robert Uilkoks tərəfindən 1985-ci ildə "Yaponiyanın gizli müharibəsi: Yaponiyanın öz atom bombasını hazırlamaq üçün zamanla yarışı" adlı kitabından təkrarlanmışdır. Uilkoks kitabında Yaponiyanın Hınnam şəhərində nüvə proqramına malik olduğunu göstərən sübut olduğunu göstərmişdir.[24] Bu məlumatlar Enerji Departamentinin işçisi Rocer Enders tərəfindən yazılmış və "Military Affairs"[25] jurnalında nəşr olunmuş tənqidində təkzib olunmuşdur.
1946-cı ildə müharibədəki işləri haqqında danışan Arakatsu atom bombası hazırlamaq üçün "böyük addımlar" atdığını və çox güman ki, SSRİ-nin birinə sahib olduğunu qeyd etmişdir.[26]
Hiroşima və Naqasakinin bombalanmasından sonra Yaponiya ciddi antinüvə ideyalar mənimsəmişdir. Müharibədən sonra qəbul edilmiş konstitusiya hücum məqsədli hərbi birləşmələri qadağan edir. 1967-ci ildə Yaponiya Üç Qeyri-Nüvə Prinsipi qəbul etmişdir: nüvə silahlarını istehsal etmək, malik olmaq və istifadə etmək olmaz. Buna baxmayaraq, Yaponiyanın nüvə silahına malik olması fikri qalmağa davam etmişdir. 1964-cü ildə Çinin ilk nüvə silahı sınağından sonra Yaponiyanın baş naziri Eysaku Sato ABŞ prezidenti Lindon Consona 1965-ci ilin yanvarında baş tutmuş görüşdə bildirmişdi ki, Çin kommunistlərinin nüvə silahı varsa, Yaponiyanın da olmalıdır. Consonun administrasiyası Satonun bu fikrindən, xüsusilə, "hazırda Yaponiya ictimaiyyəti bu fikirlə razılaşmayacaq, amma gənc nəsil məlumatlandırıla bilər" sözlərindən şoka düşmüşdür.[27]
Satonun administrasiyası boyunca Yaponiya nüvə silahı variantını müzakirə etməyə davam etmişdir. Təklifə görə böyük strateji silahlardan fərqli olaraq taktiki nüvə silahları Yaponiya konstitusiyasında icazə verildiyi kimi müdafiə silahı kimi qəbul edilə bilər. Gələcək baş nazir Yasuhiro Nakasone tərəfindən tərtib olunan ağ kitabda kiçik çıxımlı, tamamilə müdafiə funksiyalı nüvə silahlarının kontitusiyaya zidd olmadığı, lakin xarici reaksiyanın və mümkün müharibənin yaradacağı təhlükəyə görə "hazırda" nüvə silahlarına malik olmayacaqları bildirilmişdir.[27]
Conson administrasiyası Satonun fikirlərindən narahat olmuş və Yaponiyanın Nüvə Silahlarının Yayılmasının Qabağının Alınması Müqaviləsinə imzalamasını təmin etməyi başlıca məqsədlərdən biri kimi seçmişdir. 1967-ci ilin dekabrında Yaponiya ictimaiyyətini yenidən əmin etmək üçün Sato Üç Qeyri-Nüvə Prinsipini qəbul etdiklərini açıqlamışdır. Parlament tərəfindən qəbul edilmiş bu prinsiplər qanun olmasa da, həmin vaxtdan Yaponiyanın nüvə siyasətinin əsasını təşkil edir.[27]
Satonun siyasi məsləhətçilərindən biri olan Key Vakayzumiyə görə Sato tezliklə bu prinsiplərin çox məhdudlaşdırıcı olduğunu anlamışdır və 1968-ci ilin fevralında "Dörd Nüvə Siyasətini" açıqlamışdır:
Qeyd olunmuşdur ki, əgər ABŞ-nin dəstəyi mümkün olmazsa, Yaponiya seçimsiz qalarsa, nüvə seçimindən istifadə edə bilər. Başqa sözlə, Yaponiyanın nüvə seçimi qalmışdır.[28]
Yaponiya Nüvə Silahlarının Yayılmasının Qabağının Alınması Müqaviləsini 1970-ci ildə imzalamış, 1976-cı ildə ratifikasiya etmişdir.[27]
1998-ci ildə Hindistan, Pakistan və Şimali Koreyanın nüvə silahı sınaqları keçirməsi Yaponiyada nüvə silahının istehsal olunması məsələsini bir daha gündəmə gətirmişdir. Yaponiya hal-hazırda sahib olduğu resurslara, texnologiyaya və kapitala görə cəmi 1 il ərzində nüvə silahı istehsal etmək potensialına malikdir. Buna görə də de-fakto nüvə ölkəsi hesab olunur.[27][29][30]
2012-ci ilin məlumatına görə Yaponiyada 1000-dən çox nüvə başlığına bəs edəcək 9 ton plutonium ehtiyatı var.[31][32] Bundan əlavə, Yaponiyada ABŞ və Böyük Britaniyadan idxal etdiyi yüksək zənginləşdirilmiş urana da malikdir. 2014-cü ilin məlumatına görə 1200-1400 kiloqram urana sahibdir.[33] Yaponiyada plutonium istehsalı üçün Rokkaşo istehsal zavodu[31] və uran istehsalı üçün zavod var.[30][34] 24 mart 2014-cü ildə Yaponiya silah dərəcəli 320 kiloqram uran və plutoniumu ABŞ-yə qaytarmağa razı olmuş[35] və 2016-cı ildə qaytarmağa başlamışdır.[36]
29 mart 2019-cu ildə ABŞ prezidenti Donald Tramp Yaponiyanın öz nüvə silahlarını istehsal etməli olduğunu, çünki ABŞ-nin Yaponiyanı qorumaq üçün çox xərc çəkdiyini bildirmişdir.[37]