Yunis Paşa (ö. 1517) — Yavuz Sultan Səlim dönəmində 23 yanvar 1517 - 13 sentyabr 1517 tarixlərində ümumilikdə 7 ay 20 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı, Osmanlıların Misirdəki ilk bəylərbəyi.[1]
Yunis Paşa | |
---|---|
يونس باشا | |
| |
23 yanvar 1517 – 13 sentyabr 1517 | |
Əvvəlki | Xədim Sənan Paşa |
Sonrakı | Piri Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XV əsr |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | başın kəsilməsi |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Əslihan xanım Sultan |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Dövrün mənbələrində həyatının ilk illəri haqqında və saraya necə alınması barədə məlumat yoxdur. Buna baxmayaraq bəzi araşdırmalarda alban əsili olduğu və dəvşirilərək saraya alındığı bilinir. II Bəyazid dönəminə aid xəzinə dəftərlərində qapıçıbaşı olaraq qeyd olunur. 1501-1505 tarixlərində qapıçıbaşı olmuş, ardından 10 sentyabr tarixində yeniçəri ağalığı ilə saraydan ayrılmışdır. Ehtimal olunur ki, hələ qapıçıbaşı ikən II Bəyazidin qızı Səlcuq Sultanın Mustafa Paşaoğlu Mehmed bəylə olan evliliyindən doğulan Aslıhan xanım Sultanla evləndirilmişdir.[2] Bu evlilik haqqında ilk yazılı mənbə isə 19 fevral 1502 tarixli xəzinə dəftərləridir. 5 il davam edən yeniçəri ağalığı dövründə 1509 tarixli İstanbul zəlzələsinə şahid oldu və İstanbulun yenidən bərpasında vəzifələndirildi. Şahqulu ağa Təkəli üsyanı əsnasında üsyanı yatırmaqla vəzifələndirilən Sədrəzəm Əli Paşanın rəhbərlik etdiyi yeniçərilərlə getməyərək paytaxtda qaldı.[3] Şahzadə Səlimin taxt uğrunda ayaqlandığı və Rumeliyə gələrək atası II Bəyazidə məktub yazdığı günlərdə tabeliyindəki yeniçərilərin Şahzadə Səlimi dəstəkləməsinə baxmayaraq Yunis ağa padşahın tərəfini tutmuş, bunun qarşılığında da 1 sentyabr 1511 tarixində Anadolu bəylərbəyi seçildi.[4][5]
Yunis Paşanın Anadolu bəylərbəyiliyi şox çəkmədi. 12 yanvar 1512 tarixində Sənan Paşa üçüncü vəzir seçildi və ondan boşalan Rumeli bəylərbəyiliyinə Yunis Paşa gətirildi. Ehtimal olunur ki, bu illərdə o da Şahzadə Səlimin tərəfdarları arasına qatılmışdır. Yavuz Sultan Səlimin taxta çıxması ilə II Bəyazidlə birlikdə Dimetokaya çəkildi. Ancaq II Bəyazidin yolda vəfat etməsilə Rumeli bəylərbəyiliyindən alınaraq o illərdəki ən uzaq region olan Bosniya bəylərbəyiliyinə gətirildi. Bunun səbəbi isə vaxtilə ata-oğul arasında gedən taxt mübarizəsində şahzadənin tərəfini tutması idi. Uzun müddət Bosniya bəylərbəyi olan Yunis Paşa Çaldıran səfəri əsnasında burada qalan ölkənin qərb sərhəddini qorudu. Bu əsnada 25 sentyabr 1515 tarixində Klis qalasını ələ keçirdi. Ardından 13 oktyabrda paytaxta çağırılmış, 14 dekabrda Ədirnəyə gələrək burada paşalarla görüşmüş, oğlu Mehmed Çələbi ilə birlikdə hədiyyələr təqdim etmişdir.[6] Ancaq o gün toplanan divan məclisində qəzəblənən Sultan Səlim paşanı və oğlunu qəbul etməmiş, paşanın gətirdiyi hədiyyələr də divan otağında qalmışdır. Gəldikdən 2 gün sonra Sultan Səlimlə görüşən Yunis Paşa bu əsnada Rumeli bəylərbəyi seçildi, ancaq Misir səfərindən öncə 26 aprel 1516 tarixində vəzir seçildi. Mərcidabık döyüşündə ordunun sol cinahında yer aldı. Qələbənin ardından Hələb əmiri Xeyir bəyin Osmanlıya tabe olmasında və Sinay səhrasının 13 gün ərzində keçilməsində mühüm rol oynadı. 15 dekabr 1516 tarixində Dəməşqdən Misirə yola düşən padşahın yanında yer aldı və onunla birlikdə Qüds şəhərini ziyarət etdi. Ridaniyə döyüşündə də sol cinahda yer alan Yunis Paşa Sədrəzəm Sənan Paşaya hücum edərək ölümünə səbəb olan Məmlük dəstələrini darmadağın etdi. Ardından Qahirənin ələ keçirilməsi ilə vəzifələndirildi. 3 gün davam edən mübarizənin ardından şəhər ələ keçirildi. Bu əsnada oxla yaralandı. Şəhərin ələ keçirilməsindən sonra 3 fevral 1517 tarixində sədarətə gətirildi.[7] Yaralandığına görə, Qahirədən qaçan son Məmlük sultanı Tomanbayı təqib edə bilmədi və şəhərdə qaldı.[8][9]
Tomanbayın ələ keçirilməsinin ardından 10 aprel 1517 tarixində toplanan divan məclisində Misir bəylərbəyi seçildi və Yunis Paşa Qahirədəki təhlükəsizliyi təmin etmək, yerli Məmlük əmirlərini Osmanlıya tabe etmək və bölgədə Osmanlı sistemini qurmaqla vəzifələndirildi. Ancaq bu vəzifələri düzgün yerinə yetirmədi. Buradakı ərəb və Məmlük əmirlərinə qarşı sərt tədbirlər aldı və buna görə də yerli əhali Yunis Paşadan narazı qaldı. Buna görə də bu vəzifəsində çox qala bilmədi. İstanbula dönüş yolunda ikən 31 avqust 1517 tarixində Misir bəylərbəyiliyindən alındı və yerinə Xeyir bəy gətirildi. Buna baxmayaraq sədarətdə qaldı. Ancaq Yunis Paşa bunu qəbul etmədi və padşaha öz etirazını bildirdi. Bundan başqa ələ keçirilən Canbərdi Qəzainin bağışlanaraq Dəməşq hakimi təyin olunmasına da qarşı çıxan Yunis Paşa toplanan bir divan məclisində Sultan Səlimi o qədər qəzəbləndirmişdi ki, məclisin ardından 13 sentyabr 1517 tarixində Sultan Səlimin göndərdiyi cəlladlar vasitəsilə edam edilmiş, başı 3 gün nizəyə taxılaraq gəzdirilmişdir. Ardından cənazəsi yol üzərindəykən dəfn olunmuşdur.[10][11]