Ayşə Xatun

Ayşə Xatun (1476, Bağçasaray1539, İstanbul) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin xanımı və Krım xanı Məngli Gərayın qızı.

Ayşə Xatun
türk. Ayşe Hatun
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bağçasaray, Krım xanlığı
Vəfat tarixi
Vəfat yeri İstanbul, Osmanlı imperiyası
Fəaliyyəti əsilzadə
Atası Məngli Gəray
Həyat yoldaşları Şahzadə Mehmed
Yavuz Sultan Səlim
Uşağı Fatma xanım Sultan
Ailəsi Gəraylar

Həyatı haqqında yetərli məlumat yoxdur. Atası Məngli Gəray həm Krımdakı səltənətini gücləndirmək, həm də Osmanlıda davam edən taxt mübarizəsində yer almaq məqsədilə şahzadələrdən birinə yaxınlaşmaq niyyətində idi. İlk seçimi Sultan Bəyazidin ən kiçik oğlu və Krım yaxınlığındakı Kəfədə sancaqbəyi olan Şahzadə Mehmed oldu. Gəlinən qarşılıqlı razılığa əsasən, Ayşə Xatun 1504-cü ildə Şahzadə Mehmedlə nikahlandı. Bəzi mənbələrə görə, şahzadənin Fatma xanım Sultan (ö. 1566) adlı yeganə övladı məhz bu nikahdan dünyaya gəlmişdir. Ancaq taxt mübarizəsinin qızğın ərəfəsində ikən Şahzadə Mehmed 1507-ci ildə anidən vəfat etdi. Üstəlik onun taxt mübarizəsini davam etdirəcək bir oğlu da yox idi. Bu səbəblə yeni evlilik sazişi bağlananadək Ayşə Xatun Krıma geri qaytarıldı.

Bu səbəblə, Məngli Gəray qurulan bu ittifaqı davam etdirmək məqsədilə, qızını bu dəfə də Sultan Bəyazidin Trabzonda sancaqbəyi olan oğlu Şahzadə Səlimlə evləndirmək istədi. Üstəlik Şahzadə Səlimin bir varisi və taxt iddiasını dəstəkləyən güclü müttəfiqləri vardı. Ancaq bu müttəfiqlərinin dəstəyinə baxmayaraq, Şahzadə Səlim 1511-ci ilin avqustunda Çorlu yaxınlığında atasına məğlub oldu və az sayda adamıyla birlikdə Kəfəyə, ordan isə Krıma qaçdı. Burada ikən Məngli Gərayın ittifaq təklifini qəbul etdi və atasının etirazlarına baxmayaraq xanın qızı Ayşə Xatunla nikahlandı.

Bu əsnada Sultan Bəyazid öncə böyük oğlu Şahzadə Əhmədi, daha sonra isə Şahzadə Qorqudu İstanbula çağıraraq taxtı onlara verməyə cəhd etmiş, ancaq paytaxtdakı yeniçərilər və dövlət bürokratiyasındakı Səlim tərəfdarları buna qarşı çıxmışdı. Bu səbəblə əlacsız qalan Sultan Bəyazid Şahzadə Səlimə məktub yazaraq onu paytaxta çağırdı və taxtı təhvil verdi.

Beləcə, Ayşə Xatun da Şahzadə Səlimlə birlikdə İstanbula yola düşdü və onun digər taxt iddiaçılarını (qardaşları və onların oğulları) aradan qaldırdığı müddət boyunca 1513-cü ilin aprelinədək İstanbulda onu gözlədi. Tamamilə siyasi bir evlilik olan bu nikahdan övladı olmayan Ayşə Xatun bəzi mənəblərdə BeyhanŞah Sultanın anası olaraq qeyd edilsə də, onların doğum və evlənmə tarixləri bu iddianı çürüdür. Yavuz Sultan Səlimin vəfatının ardından köhnə saraya göndərilən Ayşə Xatunun son illəriylə bağlı məlumat yoxdur. 1539-cu ildə köhnə sarayda vəfat etdi.

  • Peirce, Leslie P., The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire, Oxford University Press, 1993, ISBN 0-19-508677-5
  • Sakaoğlu, Necdet, Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler, Oğlak Yayıncılık. (2008) ISBN 978-9-753-29623-6
  • Bahadıroğlu, Yavuz, Resimli Osmanlı Tarihi, Nesil Yayınları, 15. Baskı, 2009, ISBN 978-975-269-299-2