Beyhan Sultan (d. 1497 - ö. 1559) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin qızı.
Beyhan Sultan | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Trabzon sancaqbəyliyi, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Amasiya sancaqbəyliyi, Osmanlı imperiyası |
Dəfn yeri |
Yavuz Sultan Səlim külliyəsi, İstanbul və ya Beyhan Sultan türbəsi, Sultan Murad külliyəsi, Skopye |
Atası | Yavuz Sultan Səlim |
Anası | Ayşə Hafsa Sultan |
Həyat yoldaşları |
Kürəkən Fərhad Paşa Mehmed Paşa |
Uşağı | Əsməhan xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | sünni islam |
Beyhan Sultan 1497-ci ildə Trabzonda dünyaya gəldi. Atası Sultan Bəyazidin oğlu və o illərdə Trabzon sancaqbəyi olan Şahzadə Səlim, anası isə cariyələrindən Ayşə Hafsa Sultandır. Uşaqlıq illəri ailəsiylə birlikdə Trabzonda keçən Beyhan Sultan 1509-cu ildə anası və digər azyaşlı bacılarıyla birlikdə, Kəfə sancaqbəyi təyin edilən qardaşı Şahzadə Süleymanın yanına - Krıma yollandı. Atasının taxta çıxmasının ardından İstanbula çağırıldılar və 1513-cü ilin aprelində atası digər bütün rəqiblərini aradan qaldıraraq İstanbula qayıtdı. Gəldikdən dərhal sonra Şahzadə Süleyman Manisa sancaqbəyliyi ilə paytaxtdan göndərildi. Beyhan Sultan isə atasının istəyilə yeniçəri ağası Fərhad ağayla nigahlanaraq İstanbulda qaldı. Toy mərasiminin ardından Fərhad Paşa 1516-cı ildə Rumeli bəylərbəyi təyin edildi və bu ünvanla Yavuz Sultan Səlimin bir çox səfərlərinə qatıldı. Bu evlilikdən övladının olub-olmadığı bilinmir.
1520-ci ildə atasının vəfatının ardından yeganə qardaşı Şahzadə Süleyman taxta çıxdı. O əsnada Fərhad Paşa artıq divanda üçüncü vəzirliyə qədər yüksəlmişdi. 1521-ci ildə baş verən Canbərdi Qəzai üsyanını yatıraraq paytaxta geri döndü və qısa müddətliyinə Şam bəylərbəyi oldu. Ancaq zülmkarlığı və rüşvətxorluğu səbəbilə əhalidən gələn şikayətlərlə Fərhad Paşa çox keçmədən bütün vəzifələrindən azad edildi. Beyhan Sultan və anası Ayşə Hafsa Validə Sultanın müdaxiləsiylə canı bağışlanan Fərhad Paşa rütbəsi aşağı salınaraq Səməndirə sancaqbəyliyiylə paytaxtdan uzaqlaşdırıldı. Beyhan Sultan da onunla birlikdə Skopyeyə göndərildi.
Ancaq göndərildiyi bölgədə də öz rüşvət çarxını quran Fərhad Paşa Ədirnəyə çağırıldı və burada 1 noyabr 1524-cü ildə edam edildi. Hadisənin ardından Beyhan Sultanın ənənəyə uyğun olaraq İstanbulda yaşamaq yerinə Skopyedə qalması, onun qardaşıyla münasibətlərinin pisləşməsini göstərir. Rəvayətə görə, "İnşallah bu qara paltarı tezliklə qardaşım üçün geyinərəm" dedikdən sonra sürgün edilmiş, öz istəyilə Skopyedə yaşamağına icazə verilmişdir.
Sonrakı həyatıyla bağlı dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə, qalan ömrünü sürgündə keçirmiş, bəzi mənbələrə görə isə dövlət bürokratiyasından Mehmed Paşayla evlənərək Əsməhan xanım Sultan adlı bir qızı dünyaya gəlmişdir.
1559-cu ildə Amasiyada vəfat etmiş, o əsnada Amasiya sancaqbəyi olan Şahzadə Bəyazidi ziyarət etdiyi və ya üsyankar şahzadəyə məsləhətçi olaraq göndərildiyi güman edilir. Dəfn yeri haqqında 2 fərqli iddia var: bəzi mənbələrə görə, Beyhan Sultan atasının Yavuz Sultan Səlim külliyəsinə dəfn edilmiş, bəzi mənbələrə görə isə Skopyedə Sultan Murad külliyəsindəki Beyhan Sultan türbəsinə dəfn edilmişdir.