Müsəlman Sosialist Bloku

Müsəlman Sosialist Bloku və ya qısaca MSB — 1917-ci ilin payız ayında azərbaycanlı eserlər və sosialistlər tərəfindən təsis olunmuş blok.

Müsəlman Sosialist Bloku
MSB
Lideri Aslan bəy Səfikürdski
İbrahim bəy Heydərov
Quruluş tarixi Payız 1917
Dağılma tarixi 28 may 1918
Sələfi İttifaq Partiyası
Xələfi Sosialistlər fraksiyası
İdeologiya Sosializm
Müttəfiqlər Hümmət Partiyası
Milli Şura
7 / 44

1905-ci ilin oktyabrında Sosialist İnqilabçılar Partiyasının Bakı komitəsinin əsasında İttifaq Partiyası yarandı. Aslan bəy Səfikürdski də bu partiyanın sıralarına qoşulmuşdur.

1917-ci il noyabrın 26–28-də Müəssislər Məclisinə keçirilən seçkilərdə iştirak edən 8 əsas partiya sırasında 159 770 seçiciyə malik Müsəlman Sosialist Bloku (MSB) da var idi.[1][2][3][4] 60 000 seçiciyə bir deputat qaydası ilə Müsəlman Sosialist Bloku həmin seçkilərdə 3 yer qazana bilmişdi. Bununla da Aslan bəy Səfıkürdskinin başçılıq etdiyi Müsəlman Sosialist Bloku nüfuzlu və təşkilati cəhətdən möhkəm bir siyasi partiyaya çevrildi. 1918 il yanvarın 5-də Rusiya Müəssislər Məclisi buraxıldı və fevralın 10-da Tiflisdə Zaqafqaziya Seyminin təsis iclası çağırıldı. Seymin təşkilində hər 20.000 seçiciyə 1 deputat yeri verildiyindən bu quruma Müsəlman Sosialist Blokundan 7 nümayəndə seçildi.[5]

Camo bəy Hacınski həbs edildikdən sonra verdiyi ifadədə belə açıqlamışdır:[6]

" Fevral inqilabının əvvəlində, təqribən 1917-ci ilin mayında, yaxud iyununda o zaman Tiflisdə olan və Müvəqqəti Hökumətin Xüsusi Zaqafqaziya Komitəsində və fəhlə-kəndli deputatların diyar mərkəzində işləyən bir qrup şəxs Müəssislər Məclisinə öz siyahımızı təqdim etmək məqsədi ilə qeyri-partiya sosialist qrupu yaratmaq fikrinə düşdük. Bu qrup Müsəlman Sosialist Bloku adı altında yaradıldı, seçkidə müstəqil siyahı ilə iştirak etdi və Müəssislər Məclisinə üç deputat keçirdi. Bu qrupun tərkibinə Əhməd bəy Pepinov, İbrahim bəy Heydərov, Aslan bəy Səfikürdski, Rza Qaraşarlı, Əlixan Qantəmir, Məmməd Məhərrəmov, Bağır bəy Rzayev və bir neçə nəfər daxil idi. Zaqafqaziya Seymi təşkil ediləndə bizim qrupdan 7 nəfər Seymin tərkibinə daxil olub, Müsəlman Sosialist Bloku adı altında fraksiya yaratdılar. "

Azərbaycan Xalq Cümhuriyyəti dövrü

[redaktə | mənbəni redaktə et]

1918-ci il mayın 27-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası yarandıqda Müsəlman Sosialist Bloku da parlamentə daxil oldu. Həmçinin Milli Şuranın təklifi ilə təşkil olunan ilk hökumətdə Müsəlman Sosialist Blokunu Xudadat bəy Məlik-Aslanov təmsil etdi. Milli Şuranın məqsəd və vəzifələrini Cənubi Qafqazın bütün müsəlman bölgələrində xalq kütlələrinə izah etmək üçün göndərilən nümayəndələr arasında, habelə iyunun 18-də İstanbula yola düşən nümayəndə heyətinin tərkibində Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədovla yanaşı, Müsəlman Sosialist Blokunun sədri Aslan bəy Səfıkürdski də var idi.[7] Parlamentdə olan sol qüvvələr "Sosialistlər fraksiyası" altında birləşdilər. Beləliklə Müsəlman Sosialist Blokunun varlığı sona çatdı.

Zaqafqaziya Seyminin buraxıldığı 26 may 1918-ci ilin dekabrında Azərbaycan Parlamentini çağırmaq qərara alındı və keçmiş Zaqafqaziya Seyminin bütün müsəlman üzvləri Bakıya dəvət edildi. Azərbaycan Parlamentinin tərkibinə daxil olan Seymin keçmiş iki bloku − Müsəlman Sosialist Bloku və Hümmət Partiyası Sosialistlər fraksiyası və ya Sosialistlər ittifaqı adı altında birləşdilər və Parlamentin buraxılmasına qədər bir yerdə işlədilər.

1919-cu ilin payızında Bakı eserləri arasında ayrılıq baş verdi. Sosialist firqəsinin üzvləri Azərbaycan Sosial Demokrat Fəhlə Partiyasını təsis etdi. Aqrar məsələdə onlarla anlaşmayan üzvlər isə Azərbaycan Sosialist İnqilabçılar Partiyası və ya Xalqçı Partiyasını təsis etdilər. Beləliklə İttifaq Partiyasının iki xələfi sol — "Əkinçi Partiyası" və sağ — "Xalqçı Partiyası" fəaliyyət göstərməyə başladı.

Cənubi Qafqaz dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar, ümumilikdə, səslərin 73%-ni qazandılar. Azərbaycan partiyalarının aldığı səslərin 66,5%-i Müsavat PartiyasıMüsəlman Milli Komitələrinin ortaq 10 nömrəli siyahısının payına düşürdü. Azərbaycan partiyalarına verilən səslərin 17,2%-ini alan Müsəlman Sosialist Blokunun uğuru onun aqrar məsələlərdə radikal mövqeyi ilə izah oluna bilər.[8] Belə ki, blok səslərin çoxunu Azərbaycanın qərbindəki kənd rayonlarında qazanmışdı. Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə bütün Rusiya üzrə bolşeviklər 23,9% səs toplaya bildilər və Məclisdə üstünlüyü 62%-dən çox səs toplamış eser və menşeviklər bloku əldə etdi. Bu tərkibdə işə başlayan Ümum-Rusiya Müəssislər Məclisi bolşevik platformasında durmadığı üçün bir gün sonra buraxıldı.[9]

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 215. ISBN 9952-417-44-4.
  2. Айдын Балаев. Азербайджанское национальное движение в 1917-1918 гг. Елм. 1998. səh. 126. 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-29.
  3. Richard G. Hovannisian. Armenia on the Road to Independence, 1918. University of California Press. 1967. 108. ISBN 978-0-520-00574-7.
  4. Aдpec-каледарь Азербаиджанской Ресбублики на 1920 г., Б., 1920
  5. Cəmil Həsənli. Foreign Policy of the Republic of Azerbaijan: The Difficult Road to Western Integration, 1918-1920. Routledge. 16 December 2015. 24–25. ISBN 978-1-317-36617-1. 1 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 July 2021.
  6. Ədalət Tahirzadə. "Camo bəy Hacınski". moderator.az. 29.07.2021 tarixində arxivləşdirilib.
  7. Çıraqzadə V., Aslan bəy Səfikürdski, B., 1994
  8. Tadeusz Swietochowski. Russian Azerbaijan, 1905-1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge University Press. 7 June 2004. səh. 108. ISBN 978-0-521-52245-8. 29 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 July 2021.
  9. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 419. ISBN 9952-417-44-4.