Zivər Nəcəfqulu qızı Məmmədova (14 iyun 1902, Bakı – 22 aprel 1980, Bakı) — ilk azərbaycanlı heykəltaraş qadın.
Zivər Məmmədova | |
---|---|
Doğum tarixi | 14 iyun 1902 |
Doğum yeri | |
Vəfat tarixi | 22 aprel 1980 (77 yaşında) |
Vəfat yeri | |
Uşağı | |
Fəaliyyəti | heykəltaraş |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi, heykəltaraş Tokay Məmmədovun anasıdır.
Zivər Məmmədova 1902-ci il iyunun 14-də Bakı şəhərində Nəcəfqulu Tağıyevin ailəsində anadan olub[1]. 1909-cu ildə təhsil almaq üçün "Müqəddəs Nina" qızlar gimnaziyasına daxil olub. Məktəbi bitirdikdən sonra rəssamlıq kursuna daxil olur. Kursu bitirdikdən sonra eyni vaxtda iki ali məktəbə — Azərbaycan Ali Rəssamlıq Məktəbinə və Dövlət Türk Musiqi Məktəbinə daxil olub. 1924-cü ildə Ali Rəssamlıq Məktəbini bitirib[2].
Ali təhsil aldıqdan sonra Stepan Erzya və Pinxos Sabsayın emalatxanasında fəaliyyət göstərib[3]. O, həm də portret ustası kimi tanınıb və zəngin qalereya yaradıb. 1930–1940-cı illər arasında Əzim Əzimzadə, Hüseynqulu Sarabski, Məşədi Əzizbəyov, İdris Süleymanov, Hüseynbala Əliyev, Bəsti Bağırova və digərlərinin portret büstlərini hazırlayıb[4]. Bundan başqa Əzim Əzimzadənin Fəxri Xiyabanda yerləşən qəbirüstü abidəsini də o hazırlayıb[5].
Zivər Məmmədova həm də peşəkar skripkaçı kimi də tanınıb. Üzeyir Hacıbəylinin yaratdığı Dövlət Simfonik Orkestrində skripkaçı kimi fəaliyyət göstərib[6]. 1923-cü ildə "Arşin mal alan" operettasının ilk tamaşasında da ifaçılar arasında olub. Bir müddət Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi işləyib[6].
1950-ci ildə bəstəkar Üzeyir Hacıbəylinin gipsdən heykəlini hazırlayıb. Bu abidə həm də Üzeyir Hacıbəylinin naturadan çəkilmiş yeganə portreti kimi də tarixə düşüb. Zivər xanımın həmçinin "Kolxozçu qadın" (gips, 1940), "Qız gəlincik ilə" (dekorativ fiquru, çini, şirəüstü naxış, 1950), "Rəqqasə" (dekorativ fiqur, çini, şirəüstü naxış, qızılla zərləmə, 1954) və digər əsərləri xüsusi fərqlənib[6].
Zivər Məmmədova 22 aprel 1980-ci ildə Bakıda vəfat edib[6].
Zivər Məmmədova 1924-cü ildə Həbib Məmmədovla ailə həyatı qurub[6]. Bu evlilikdən Gülbəniz və Tokay adlı övladları dünyaya gəlib. Həyat yoldaşı Həbib Məmmədov 1928–1930-cu illərdə Moskvada Bauman adına texniki peşə məktəbində təhsil aldığı üçün bu müddət ərzində Moskvada yaşayıb. Burada xalq komissarları sovetində korrektor-tərcüməçi vəzifəsində çalışıb[6].
Oğlu Tokay Məmmədov heykəltaraş və rəssamdır[7]. O, 1962-ci ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi, 1973-cü ildə Azərbaycan SSR xalq rəssamı, 1975-ci ildə SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, 1978-ci ildə isə SSRİ dövlət mükafatı laureatı adlarına layiq görülüb[8].