Şərq xardal yarpaqyeyəni
Şərq xardal yarpaqyeyəni (lat. Phyllotreta nigripes) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Yarpaqyeyən böcəklər fəsiləsinə aid olan növ.
Bu həşəratın üst qanadları qabarıq şəkildə, başı, qabaq kürəyi və üst qanadları göy və ya yaşıl, ayaqları və bığcıqları isə sarı rəngli olur.
Böcəklərin qışlaması tarla və bostanların kənarındakı bitki qalıqlarının altında başa çatır. Onlar yazda adətən martın sonunda görünürlər.
İlk dövrdə müxtəlif kələmkimilər və alaq otları ilə qidalanırlar, daha sonra kələm, turp, xardal, şalğam və s. bitkilərə zərər vururlar.
Qidalandıqdan sonra onlarda cütləşmə və yumurtaqoyma prosesi başlayır. Aran rayonlarında kütləvi cütləşmə aprelin sonu, yumurtaqoyma isə may və iyunun başlanğıcında müşahidə edilir. Dişilər yumurtaları çox vaxt səthə yaxın qatlarında olan bitki gövdələrinin əsasına, bəzən isə yarpaqların alt tərəfinə qoyurlar.