Xubəli Əzizov
Əzizov Xubəli Fətəli oğlu — fizika-riyaziyyat elmləri doktoru, professor.
Əzizov Xubəli Fətəli oğlu 1949-cu ildə Azərbaycan Respublikasının Lerik rayonunun Buruq kəndində anadan olmuşdur. 1971-ci ildə "mexanik" ixtisası üzrə ADU-nin mexanika-riyaziyyat fakültəsini bitirib. 1971-1989-cu illərdə Azərbaycan EADNQYPİ-nun "Hidrodinamika" laboratoriyasında böyük laborant, mühəndis və böyük elmi işçi vəzifələrində işləyib. 1980-ci ildə "Yeraltı hidrodinamikanın bəzi fəza məsələləri və qeyri-bircins məsaməli mühitlərdə mayenin süzülmə məsələləri" mövzusunda namizədlik, 1994-cü ildə isə "Məsaməli mühitdə köçürülmənin qeyri-stasionar və qeyri-xətti hadisələrinin tədqiqi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1989-1995-ci illərdə Azərbaycan EA MRİ-da "Neft və gazın qeyri-xətti mexanikası" şöbəsinin baş və aparıcı elmi işçisi işləmişdir. 1995-ci ildən 2014-cü ilə qədər Nijnevartovsk Dövlət humanitar universitetində professor, "Tətbiqi riyaziyyat və fizika" kafedrasının müdiri işləmişdir. 2007-2014-cü illərdə Tümen neft və qaz universitetinin professoru və bu universitetin Nijnevartovsk filialının elm üzrə direktor müavini işlmişdir. 2014-cü ildə vəzifəsindən istefa etmiş və ailəsi ilə Moskva şəhərinə köçmüşdür. İki oğlu, üç qızı vardır.