Vaqif Məmmədov (yazıçı)
Vaqif Məmmədov (28 iyul 1948, Sədərək, Noraşen rayonu – 6 fevral 2016) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı, Azərbaycan Jurnalistlər Birliyinin (1992), Azərbaycan Yazıçılar Birliyinin (1995), İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və Avrasiya Yazarlar Birliyinin (2010) üzvü.
Vaqif Məmmədov 1948-ci il iyun ayının 28-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Naxçıvan şəhər pedaqoji məktəbini (1968) və Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini (1975) bitirib.
1970-ci ildən bədii yazıları mətbuatda çap olunur. Şeirləri Türkiyədə, İranda, İraqda, Rusiyada, Ukraynada, Belarusiyada, Özbəkistanda, Almaniyada, Bolqarıstanda, Yunanıstanda, ABŞ-da çap olunmuşdur.
YUNESKO xətti ilə Bağdadda keçirilən Füzuli günlərində (1994), Bayburtda keçirilən 7-ci Uluslararası Dədə-Qorqud Kültür-Sənət Şölənində (2001), Ankarada keçirilən "Erməni iddiaları və Azərbaycan gerçəyi" beynəlxalq simpoziumunda (2005), Tehranda və Təbrizdə keçirilən Şəhriyar günlərində (2006), Hollandiyada keçirilən Xocalı soyqırımına aid beynəlxalq simpoziumda (2007), Pakistanda keçirilən "Sufizm və sülh" beynəlxalq konfransinda (2010) iştirak və çıxış etmiş, "Daşkənd təranəsi" beynəlxalq poeziya müsabiqəsinin (1983) və digər bir neçə beynəlxalq şeir müsabiqələrinin qalibi olmuşdur.
Azərbaycan Jurnalistlər Birliyinin (1992), Azərbaycan Yazıçılar Birliyinin (1995), İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və Avrasiya Yazarlar Birliyinin (2010) üzvüdür.
2001-ci ildə "Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunun yaranması və inkişaf yolu" mövzusunda dissertasiya müdafiə edib tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
1995–2000-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub. 1968–1975-ci illərdə Sədərək kənd orta məktəbində müəllim, 1975–1978-ci illərdə Sədərək kənd 1 nömrəli orta məktəbində ibtidai siniflər üzrə direktor müavini, 1978–1982-ci illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1982–1995-ci illərdə həmin məktəbdə direktor vəzifələrində çalışmışdır.