Hüseyn Hüseynov (energetik)
Hüseyn Hüseynov ( tam adı: Hüseyn Cəlil oğlu Hüseynov; 20 dekabr 1978, Füzuli rayonu və ya Qaraxanbəyli, Füzuli rayonu) — Texnika elmləri doktoru, dosent, Gənclər Mükafatı laureatı (2013), "odluq qurğusu" patentinin müəllifi, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru (2024-cü il aprelin 2-dən).
== Həyat və fəaliyyəti ==
Hüseyn Hüseynov 20 dekabr 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur. 1985-ci ildə Qaraxanbəyli kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1996-cı ildə Binəqədi rayonu 179 saylı məktəbi bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının "Energetika" fakültəsinə daxil olmuş, 2000-ci ildə "Yüksək gərginliklərin fizikası və texnikası" ixtisası üzrə bakalavr pilləsindən məzun olmuşdur. 2002-ci ildə isə eyni Akademiyanın magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
Hüseyn Hüseynov 2002-2015-ci illərdə AMEA Fizika İnstitutunda mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2015-2016-cı illərdə AMEA Rəyasət Heyəti aparatının Elm və Təsil İdarəsinin Elmi-analiktik şöbəsinin rəis müavini, 2016-2017-ci illərdə AMEA Rəyasət Heyəti aparatının Elm və Təsil İdarəsinin magistratura şöbəsinin rəisi, 2017-2021-ci illərdə AMEA Rəyasət Heyəti aparatının Elm və Təsil İdarəsinin rəis müavini, 2021-2022-ci illərdə AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat İdarəsinin rəis müavini, 2022-2023-cü illərdə AMEA Rəyasət Heyəti aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri, 2023-2024-cü illərdə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri vəzifələrini icra etmişdir. O, həmçinin Azərbaycan Texniki Universitetinin dosentidir.
O, həmçinin 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi Gənc Alim və Mütəxəssislərin I qrant müsabiqəsinin (EİF/GAM-1-2011-2(4)-26/02/1-M-02) və 2014-cü ildə isə 5-ci Mobillik qrantının EİF-Mob-5-2014-2(17)-14/01/1 qalibi olmuşdur.
Müxtəlif illərdə Norveç və İspaniya krallıqları, Türkiyə Respublikası, Şimali Kipr Türk Respublikası, Gürcüstan Respublikası, İran İslam Respublikası, Rusiya Federasiyasında keçirilən beynəlxalq elmi konfrans və treyninqlərin iştirakçısı olmuşdur.