Enliyarpaq zəngçiçəyi
Enliyarpaq zəngçiçəyi (lat. Campanula latifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin zəngçiçəyi cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Hündürlüyü 1 m-dən yuxarı, gövdəsi düz, sadə, çılpaq və ya kifayət qədər seyrək tüklüdür, uzununa-zolaqlı çoxillik ot bitkisidir. Kökü liflidir, südlü şirəsi vardır. Yarpaqları çılpaq, bəzən nahamar olur, uzunluğu 7–12 sm, eni 3–6 sm-dir, alt tərəfdən tutqundur, kənarları qeyri-müntəzəm iki növ mişarvaridir; kökətrafı yarpaqlar yumurtaşəkilli-uzunsovdur, qaidə hissəsi ürəkşəkillidir, gövdə yarpaqlarına nisbətən daha uzun dişlidir; aşağı gövdə yarpaqları qısa saplaqlı, yumurtaşəkilli və sivriləşmişdir, yuxarı yarpaqlar oturaq, daha ensiz və demək olar ki, tamkənarlıdır. Çiçəkləri iridir, saplaqlıdır, yuxarı yarpaqların qoltuğunda bir ədəd olmaqla yerləşmiş, düzdür, ensiz, demək olar ki, sünbülşəkilli və nisbətən seyrəkçiçəkli salxım əmələ gətirəndir. Tac göy və ya bəzən, demək olar ki, ağ rəngdədir. Uzun yumşaq tüklərdən ibarət olan qıfşəkilli daxili şırımlıdır. Qutucuq üç deşiklə açılır, yumurtaşəkilli və enəndir. Toxumları yumurtaşəkilli, yastıtəhər və tutqun-sarı rəndədir.