Naxçıvan zərbxanası
Naxçıvan zərbxanası – erkən orta əsrlərdən Naxçıvan şəhərində fəaliyyətə başlamış sikkəkəsən zərbxana.
Tarixi qaynaqlardan məlumdur ki, Naxçıvan şəhəri qədim zamanlardan mühüm ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Bu şəhər İranın, Gürcüstanın (xüsusilə Msxeti bölgəsinin) bir sıra iri şəhərləri ilə, Qara dəniz limanları, Kiçik Asiya və Beynəlnəhreyndəki şəhərlərlə sıx ticarət əlaqələri saxlayırdı. Əmtəə istehsalının artımıvə ticarətin inkişafı pul dövriyyəsinin inkişafına da vüsət verirdi.
Naxçıvan şəhərində ilk zərbxana Sasani şahənşahı I Xosrov Ənuşirəvani – Adilin (531 – 579) hakimiyyətinin üçüncü ilində (534) təsis edildiyi bəllidir. Bu zərbxana, Azərbaycandakı ən qədim zərbxanalardan biri hesab olunur. Tarixçi – numizmat, prof. Y. A. Poxomovun fikrincə, əldə olunmuş, pəhləvi dilində “Naxç” işarəsi ilə kəsilmiş Sasani sikkələri Naxçıvan zərbxanasına məxsusdur.
Naxçıvan zərbxanasında Sasani hökmdarlarından IV Hörmüz (579 – 590), VI Bəhram Çubin (590 – 591), II Xosrov Pərviz (591 – 628), II Qubad (628), III Ərdəşir (628 – 629), Fərruxan Şəhrvəraz (629), V Hörmüz (631 – 632), III Xosrov (632), III Yezdəgird (632 – 651) və başqalarının adından gümüş dirhəmlər kəsilmişdir.
Numizmatik materiallardan aydın olur ki, Böyük İpək Yolu üstündə yerləşən Naxçıvanın Şərq – Qərb ticarət əlaqələrində əhəmiyyətli rolu, buranın özündə ticarətin və sənətkarlığın inkişafı XI – XII əsrlərdə Naxçıvan zərbxanasında İraq Səlcuq sultanlarının, o cümlədən Azərbaycan atabəylərinin (Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Özbək və s.) adından mis dirhəm və felslərin zərbinin daha da artmasına səbəb olmuşdur.