Zeydilik
Zeydilik (ərəb. زيدية) məzhəbi — İslamın Şiə məzhəbinin fiqhi məzhəblərindən biri. 4-cü imam İmam Əli ibn Hüseyn Zeynül Abidinin (ə) oğlu Zeyd ibn Əlinin davamçılarıdır. Zeydilər, 4-cü imam Zeynül Abidindən (ə) sonra Zeydi imam bilirlər. İndi də Yəmən və ətrafında zeydiyyə firqəsinə bağlı insanlar kifayət qədər sayca üstünlüyə malikdirlər.
Zeydilik təriqəti Zeydilik hərəkatının nəticəsində yaranmışdır. Zeyd Əməvilər tərəfindən qətlə yetirildikdən sonra onun vəfalı silah dostları və övladları Əməvi rejiminə qarşı daha da əzmkarlıqla mübarizə aparmağa başladılar. Zeydin şəhid olmasından sonra onun hərəkatını davam etdirən oğlanları Yəhya (Yəhya ibn Zeyd), İsa (İsa ibn Zeyd)və "Züddəmə" (gözüyaşlı) ləqəbli Hüseynin (Hüseyn ibn Zeyd) nəvəsi Yəhyanın (Yəhya ibn Hüseyn ibn Zeyd) və eləcə də ardıcılları İbrahimin, İmam Həsənin (ə) nəticəsi "Zunnəfsizzəkiyyə" (saf nəfs sahibi) ləqəbli Məhəmmədin (Məhəmməd ibn Abdullah ibn Həsən Mutəna ibn Həsən Müctəba) və başqalarının adlarını çəkmək olar. Məhz onların zərbələrindən sonra, onların qanları bahasına Əməvi hökuməti zəifləyib süquta uğradı. Zeyd hərəkatı uzun müddət yaşadı, gücləndi, Əməvi və Abbasi xəlifələrinə qarşı mübarizə apardı.