Zərdab
Zərdab – Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati mərkəzi.
Öz coğrafi mövqeyinə görə bir zamanlar Kürdən əlverişli keçid kimi mühüm strateji rol oynamışdır. Zaman-zaman uzaq ölkələrdən yola çıxan səyyahlar, karvanlar və qoşunlar Kür çayını Zərdab ərazisindən keçmişlər.
Mənbələrdə göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları 1500 −1501-ci illərdə Ərzincandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından Kürü keçmiş, Şamaxıya getmişdir. 1 Şah Təhmasib öz ordusuyla Şirvana (1538-ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan Kürü keçmiş, Zərdaba gəlmiş, buradan Qəbələyə, sonra Şamaxıya yürüş etmişdir. Professor Oqtay Əfəndiyev Azərbaycan Səfəvilər dövləti əsərində belə yazır:
I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı… Zilhiccənin 11-də (fevralın 2-də) (bu, tarixi mənbələrdə Zərdabın qədim adını ifadə edir) keçidinin yanından Kürü keçdi… Əli Şabana gəldi.
Ötən əsrin 70-ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və keyfiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qadın bəzək şeyləri, məişət və mədəniyyət əşyaları üzə çıxırdı və indi bunların bir çox nümunələri Zərdab tarix diyarşunaslıq muzeyində eksponad kimi nümayiş etdirilir. Ümumiyytlə 1578-ci ilə aid tarixi mənbələrdə Zərdabın adına rast gəlinir.
Bir çox mənbələr Zərdab adını fars dilində zərd (sarı) və ab (su) sözlərinin birləşməsindən yarandığını göstərir, xəstəlik yayan sarı su mənasını verdiyini bildirir. Bəzi tədqiqatçılar isə bu adın axmaz, gölməçə mənasında işlədildiyini iddia edirlər.