Həsənbəy Zərdabi

Həsən bəy Zərdabi (tam adı: Həsən bəy Səlim bəy oğlu Məlikov; 28 iyun 1837, 1837[1] və ya 28 iyun 1842[2], Zərdab, Göyçay qəzası28 noyabr 1907[2], 1907[1] və ya 15 (28) noyabr 1907[2], Bakı) — Azərbaycan publisisti, pedaqoq, maarifçi-demokrat, təbiətşünas və darvinist alim,[3] "Əkinçi" qəzetinin redaktoru və Azərbaycan milli mətbuatının banisi.

Həsən bəy Zərdabi
Doğum tarixi 28 iyun 1837(1837-06-28), 1837[1] və ya 28 iyun 1842(1842-06-28)[2]
Doğum yeri
Vəfat tarixi 28 noyabr 1907(1907-11-28)[2], 1907[1] və ya 15 (28) noyabr 1907[2]
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşı
Uşaqları Midhət bəy, Səfvət bəy, Pəri xanım, Qəribsoltan xanım
Atası Səlim bəy Məlikov[d]
Təhsili
  • Moskva İmperator Universiteti[d]
Fəaliyyəti jurnalist, maarifçi, təbiətşünas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Həsən bəy Zərdabi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.[4]

Həsən bəy Səlimoglu (Zərdabi) 1837-ci il iyun ayının 28-də (bəzi mənbələrdə 1842-ci il) keçmiş Bakı quberniyasına daxil olan Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olmuşdur. Həsən bəy Zərdabi ilk təhsilini Zərdab kəndindəki mədrəsədə almışdır. Burada ərəbcəfarsca öyrənən Zərdabi 1852-ci ildə Şamaxı şəhərində açılan rusca dünyəvi təhsil verən məktəbə yazılmışdır. Məktəbi bitirmək üçün imtahan verəndə Qafqaz Təhsil Komissiyası Müdiri baron Nikolayın diqqətini çəkmiş və baron onu dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərməyi təklif etmişdir. Bu ərəfələrdə atası vəfat edən Zərdabiyə böyük qardaşları Tiflisə getməyə icazə verməmişdilər. Tiflisdə yaşayan atasının dayısı general Fərəc bəy Ağayev bu hadisədən sonra hadisəyə müdaxilə edərək, Zərdabini Tiflisə gətizdirmişdir.[5]

Tiflisdəki məktəb üçün girdiyi imtahanları uğurla bitirən Zərdabi 1858-ci ildə I Tiflis məktəbinin V sinfinə qəbul olmuşdur. 1861-ci ildə həmin məktəbi uğurla bitirən Zərdabi elə eyni ildə dövlət təqaüdü ilə Moskva Universiteti Fizika-Riyaziyyat fakültəsində Təbiət elmləri üzrə təhsil almağa göndərilmişdir. 1865-ci ildə bu universiteti fərqlənmə diplomu ilə bitirmişdir.[6] Ali təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılması qərarı qəbul edilmişdir, lakin vətəninə olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu onu Azərbaycana çəkib gətirmişdir.

Zərdabinin dünyagörüşünün formalaşması Moskva Dövlət Universitetində oxuduğu illərdə daha da sürətlənmişdir. Bu dövrdə Rusiyada çarlıq əleyhinə gənclik hərəkatları var idi. Bu hərəkatın rəhbərləri Moskvada yaşamaqda və hərarətli tərəfdarları olan gənclər də Moskva Universitetində oxumaqda idi. Bu çevrə ilə yaxın əlaqələr quran Zərdabi oxuduğu fakültədəki müəllimlərin vasitəsilə Darvinizmdən təsirlənmişdir.

Zərdabi universitet illərində dövrün irəlidə gedən elm adamları ilə tanışmışdır. Tarixçi Solovyov və yazıçı Pleşeyevlə yaxın münasibəti olmuşdur. Solovyovun evinə tez-tez gedən Zərdabi Solovyovun qızına qarşı hissləri olmuşdur. İdealist Zərdabi Solovyovun qızı ilə evlənəcəyi təqdirdə həm gələcəyə yönəlmiş ideallarından əl çəkmək məcburiyyətində qalacağını, həm də bu davranışının xalqı tərəfindən heç xoş qarşılanmayacağını düşünərək təhsilini tamamladıqdan sonra universitetdə qalması yönündəki təklifləri rədd etmiş və xalqına xidmət etmək üçün vətəninə dönmüşdür.

"Əkinçi" qəzetinə qədərki fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Zərdabi universiteti bitirdikdən sonra Tiflisdə Torpaq İdarəsində (Mejovoy Plata) işləməyə başlayır. Bu vəzifədən ayrıldıqdan sonra 28 fevral 1868-ci ildə Qubada məhkəmə katibi olaraq işləməyə başlayır. 4 oktyabr 1868-ci il tarixində işinə son verildikdən sonra bir müddət müstəqil məhkəmə vəkilliyi etmişdir. 18 noyabr 1869-cu ildə Bakıda məktəbə təbiət elmləri üzrə müəllim kimi işə düzəlmişdir. Bununla da onun həyatında yeni dövr — maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayır, lakin problemin çətinliyi onda idi ki, Həsən bəy Qafqazda o zaman fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər içərisində ali təhsilli yeganə azərbaycanlı idi. Azərbaycanlı şagirdlər də yox dərəcəsində idi. Bununla da, Həsən bəy azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat aparmağı qarşısına məqsəd qoyur. Bundan sonra, müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda "Cəmiyyət-xeyriyyə" də yaratmışdı. Həmin ilin bütün yayını Həsən bəy Zərdabi gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy VəzirovƏsgərağa Adıgözəlov (Gorani) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolanaraq rəsmi dəftərə "Cəmiyyət-xeyriyyə"yə üzv yazdırmaqla məşğul olmuşdu.

Yoxsul və kimsəsiz uşaqların tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün savadlı türk (azərbaycanlı) qadın müəllimlərə ehtiyac yarandığından, Həsən bəy Zərdabi 1872-ci ildən "Qafqaz" qəzetində Tiflis "Müqəddəs Nina" Qadın gimnaziyasını bitirən qızların müəllim kimi peşəsini davam etdirməklərini təbliğ edir. Bundan sonra, Zərdabi bir gün "Qafqaz" qəzetindəki xəbərdən Tiflisdə olan Müqəddəs Nina adlı qız məktəbindən məzun olanların arasında Nalçik şəhərində anadan olan və Balkar türklərindən olan Hənifə xanım Abayevanın da olduğunu öyrənir. Bundan sonra Tiflisə gedən Zərdabi Hənifə xanımı taparaq onunla tanış olur və ona gələcəklə bağlı fikirlərini deyir. Hənifə xanımın da eyni fikirdə olduğunu öyrənən Zərdabi ona evlənmə təklifi edir. Təklifi qəbul edən Hənifə xanım Zərdabi ilə birlikdə yaşamaq üçün Bakı şəhərinə köçür.

Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramaturqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M. F. Axundovun "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyaları tamaşaya qoyulmuşdur.[7]

O, zəhmətkeş kütlələrin xoşbəxtlik və tərəqqisini elmdə görmüş, elmin, təhsilin həyatla əlaqəsinə böyük əhəmiyyət vermişdir. Həsən bəy Zərdabi geniş ictimai fəaliyyət göstərmiş, N. Nərimanov ilə birlikdə 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilmiş birinci qurultayının işində yaxından iştirak etmişdir.[6] Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət vermiş, 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək göstərmişdir. Gündəlik həyatında və işində xalqla sıx bağlı olmuş, asudə vaxtlarını xalq arasında keçirmiş, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirmişdir. Apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdır.[8]

"Əkinçi" qəzeti

[redaktə | mənbəni redaktə et]

Qəzetin nəşr edilməsi fikri

[redaktə | mənbəni redaktə et]
Həsən bəy Zərdabinin Azərbaycan Milli Ensiklopediyası binası qarşısında heykəli

Zərdabi Xeyriyyə Cəmiyyəti, teatr və müəllimlik yolu ilə xidmət etdiyi xalqa daha çox xidmət etmənin yollarını axtarır. Çətin olsa da türkcə qəzet açmaq istəyi olan Zərdabi Həyat qəzetində yazdığı "Rusiyada əvvəlimçi türk qəzeti" adlı məqaləsində bunu belə izah edir:

" Bizim Cəmiyyəti-i Xeyriyyə bina tutmadığından teatr təşkil etdiyimiz salonun boş qaldığı zaman anladım ki, müsəlman qardaşlarımızı bir yerə toplayıb məktəblər açdıraraq küçədəki uşaqları oxutmaq münkün deyildir. Elmsiz bu dövrdə yaşamaq münkün deyildir. Nə etməli ? Hər kəsi çağırıram gəlmirlər, göstərirəm görmürlər, deyirəm anlamırlar. Sonunda başa düşdüm ki, səs-küy salaraq, məcburi başa salmaqdan başqa çarəm yoxdur. Mütləq bu izah etdiklərimi bir gün başa düşən olacaqdır. Axan bir suyun altına nə qədər sərt daş qoyursan qoy, zamanla o daş əriyib yox olacaqdır. Əgər elədirsə, doğru söz də bir gün başa düşüləcəkdir. Onun üçün mütləq qəzet nəşr etdirmək gərəkdir. Hər il qəzet oxuyanlardan 10 nəfər anlasa, onların sayı hər il artacaqdır. Suyun önünü kəsən o bənd sonunda dayana bilməyib yıxılacaqdır ! "

Qəzetin nəşri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın mərkəzi şəhəri kimi Bakının sürətli inkişafı milli mətbuatın yaranması zərurətini doğurmuşdur. Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etmişdir. Zərdabi türkcə qəzet nəşr etdirmək üçün müraciət etmiş, lakin buna nail ola bilməmişdi. Sonda Bakı valisi Staroselskinni senzura məsələsini öz öhdəsinə götürməsindən sonra qəzet çıxarmaq üçün icazə alına bilindi.

Bununla əlaqədar o İstanbuldan hürufat gətizdirmiş və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq olmuşdur. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. Əkinçi qəzeti Azərbaycan, həmçinin də bütün Rusiyada nəşr olunan ilk türk dilli qəzetdir.[9]

1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300–400 tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür.

"Əkinçi" qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlumi millət" imzası ilə məqalələri dərc olunmuşdur.

Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdur. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsilə xalqa çatdıra bilirdilər. O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə belə fikirlərin səslənməsi Azərbaycanı əsarət altında saxlayan imperiya məmurlarını ciddi narahat edirdi.

İlk mətbu orqan kimi "Əkinçi" öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şerlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi. Təbii ki, bu cür demokratik məqalələrindən sonra çarizmin diqtəsi ilə özlərini "ziyalı" sayan bəzi üzdəniraq insanlar yerbəyerdən "Əkinçi"nin üzərinə hucuma keçdilər.[10]

1877-ci il sentyabrın 29-da "Əkinçi" öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carçısı olan "Əkinçi" realist Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi.

Azərbaycan Milli Mətbuatının 135 illiyinə həsr olunmuş gümüş sikkə

"Əkinçi" qəzetindən sonrakı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Zərdabi ölümünə yaxın iflic keçirmişdir. İflic xüsusilə dilində olduğu üçün danışa bilmir, lakin o buna fikir verməyərək ölümünə qədər Kaspi qəzetindəki vəzifəsini davam etdirmişdir. 28 noyabr 1907-ci il tarixində vəfat etmişdir. Cənazəsi çox böyük kütlənin müşayiəti ilə dəfn edilmişdir. Rusiyanın demək olar ki, hər bir regionundan oxucular onun ölümü haqqında məlumatlar yaymışdır.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Təbiət Tarixi Muzeyi Həsən bəy Zərdabinin adını daşıyır.

Yazıçı-publisist Sona Vəliyeva Zərdabinin fəaliyyətindən bəhs edən "İşığa gedən yol" (2016) romanının müəllifidir.[11][12]

2020-ci ildə Qubada Həsən bəy Zərdabinin xatirə kompleksi yaradılıb.[13]

Tağıyevin qızlar məktəbi və Həsən bəy Zərdabi

[redaktə | mənbəni redaktə et]

XIX əsrin II yarısından etibarən Azərbaycan təhsil və mədəniyyət sahəsində xeyli yeni dəyişiklik yaşamışdır.[14] Mədrəsələrlə yanaşı yeni məktəblər açılmağa başlamışdır. Hacı Zeynalabdin Tağıyev qız məktəbi açmaq üçün Çar III Aleksandra müraciət etmişdir, ancaq bu istək də geri çevrilmişdir. Çarın ölümündən sonra Hacı Zeynalabdin Tağıyev çarın həyat yoldaşı Aleksandra Fyodorovnaya çox dəyərli hədiyyələr göndərərək məktəb açmaq üçün icazə istəyir, əgər icazə verilərsə məktəbə onun adının veriləcəyini bildirir. Beləcə icazə alınır və məktəbin nizamnaməsi Zərdabi tərəfindən yazılır. Nizamnamədən sonra yaradılan idarə heyətinin rəhbərliyinə Tağıyev, rəhbər müavinliyinə Tağıyevin istəyi ilə Zərdabi gətirilir. 1901-ci ilin sentyabrında hər şey hazır olduğu halda yetəri qədər şagird olmadığı üçün məktəb açılmır. Zərdabi özü və dostları Bakı ətrafına gedərək, birbaşa xalqdan qızlarını oxutmalarını istəyir. Nəticədə 1901-ci ilin 7 oktyabrında 58 qız şagird ilə məktəb fəaliyyətə başlayır.[15]

Azərbaycan tarixində bir ilk olan qız məktəbinin açılmasında Hacı Zeynalabdin Tağıyev, Həsən bəy Zərdabi və Hənifə xanımın böyük zəhmətləri olmuşdur.[15]

"Əkinçi" qəzetinin nəşri dayandırıldıqdan sonrakı dövr

[redaktə | mənbəni redaktə et]

1880-ci ildən etibarən Həsən bəy Zərdabi doğma kəndi Zərdabda yaşamışdır.[6] O, kənd təsərrüfatı sahəsində kəndlilərə məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq o yenə də mətbuatda fəal iştirak edirdi.

1880–1890-cı illərdə naşirin BakıdaTiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur.

Həsən bəy Zərdabi 1875-ci ildə "Əkinçi" qəzetinin 1, 4, 8-ci, 1876-cı ildə 26-cı saylarında və 1899-cu il "Kaspi" qəzetinin 172-ci sayında torpaqşünaslığın əsas müddəaları və əkinçilik mədəniyyəti haqqında ətraflı məlumatlar vermişdir, torpağın xışla deyil, kotanla şumlanmasını təklif etmişdir.

Həyatının son illərində Həsən bəy Zərdabi Bakı Şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq etmişdir. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də o olmuşdur.

Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic olmuş və 1907-ci il noyabr ayının 28-də vəfat etmişdir. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılmış, mərhumun sümükləri bir neçə il evdə ailəsinin yanında qalmışdır. 1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunmuşdur.[6]

2020-ci ildə Qubada Milli Mətbuat Günü Həsən bəy Zərdabi abidəsi ucaldılıb.[16]

  • A. Abdullayev, M. İbrahimov, Z. Cavadov. Zərdabi yurdunun övladları. Bakı: 2002
  • İ. Rüstəmov. Həsənbəy Zərdabi. Bakı: 1969
  • "Xəzər" jurnalı. Bakı: 1990
  • Əli Hüseynov, Məcnun Babayev. Məşhur biologiya alimləri. Bakı: Maarif, 2002, səh.59
  • Əlibəyzadə E. M. Azərbaycan dilinin tarixi. İki cilddə. II cild. Bakı: Azərnəşr, 2008, s. 415-444.
  1. 1 2 3 4 Faceted Application of Subject Terminology.
  2. 1 2 3 4 5 6 Педагоги и психологи мира (rus.). 2012.
  3. ЗӘРДАБИ Һәсән бәј // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 323.
  4. """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
  5. Nezirli, Şemistan, Azərbaycan Generalları, (Bakı: Gənçlik, 1991).
  6. 1 2 3 4 H. Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 193–198.
  7. Yeşilot, Okan, "Çarlık Yönetiminde Azerbaycan", Türkler, Yeni Türkiye Yayınları, Cilt: 18, 2002.
  8. "Rəbiyyə Zərdabinin Həsən bəy Zərdabi ilə qan qohumluğu yoxdur". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-12.
  9. Zenkovsky, Serge A., Rusiyada Pantürkizm və müsəlmanlıq.
  10. Zeynalov, Nəriman, "Əkinci Yaşayır", KomMunist, 15 yanvar 1980.
  11. CBC. ""İşığa gedən yol" kitabı Həsən bəy Zərdabiyə həsr olunub" (az.). Youtube.com. 23.09.2016. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-23.
  12. Lider TV. "Səda - "İşığa gedən yol" kitabı təqdim olundu" (az.). Youtube.com. 23.09.2016. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-24.
  13. AzərTAc. "Qubada Həsən bəy Zərdabinin xatirə kompleksi yaradılıb" (az.). Youtube.com. 05.06.2020. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-05.
  14. Swietochowski, Tadeusz, Müsəlman camaatdan milli kimliyə Rusiya Azərbaycanı −1905–1920.
  15. 1 2 Yeşilot, Okan, Tagiyev, (İstanbul: Kaknüs Yayınları, 2004)
  16. İctimai TV. "Qubada milli mətbuatın 145 illiyi qeyd olunub" (az.). Youtube.com. 22.07.2020. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]