Elxan Məmmədov (rəsmi şəxs)
Elxan Məmmədov (18 iyun 1979, Bakı) — Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi (2007–2022), UEFA Avropa Liqası Finalı-nın 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici, 2020-ci ildə UEFA Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi üzrə Yerli Təşkilat Komitəsinin sədr müavini, FIFA Fair Play və Sosial Məsuliyyət Komitəsinin üzvü, UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin vitse-prezidenti, 29 may, 2019-cu ildən isə həmin komitənin sədridir.
== Həyatı ==
Elxan Məmmədov 18 iyun, 1979-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olmuşdur.
=== Təhsili ===
1999-cu ildə Amerika InterContinental Universitetində (London, Böyük Britaniya) Biznesin İdarəedilməsi və Korporativ İdarəetmə ixtisası üzrə bakalavr dərəcəsi almışdır.
2011-ci ildə Liverpul Universiteti tərəfindən təşkil edilən Futbol Klubları və Assosiasiyaların İdarəçiliyi üzrə Təlimdə iştirak etmişdir. O, həmçinin 2012-ci ildə Salford Universitetində (Mançester, Böyük Britaniya) İdarəetmə Planlaşdırması ixtisası üzrə aspirantura təhsilini başa vurmuşdur.
2016-cı ildə Parisdə Sciences Po İnstitutunun əməkdaşlığı ilə təşkil edilən Avropa İdman İdarəetmə (European Sport Governance (MESGO)) proqramını bitirmişdir.
=== İş təcrübəsi ===
1996–1997-ci illərdə Baku Investment Ltd-də maddi-texniki əməliyyatlar üzrə nəzarətçi köməkçisi işləmişdir. American InterContinental Universitetini bitirdikdən sonra 2000–2008-ci illərdə Natavan Biznes Mərkəzində direktor müavini, Natavan şirkətinin və Baku Investment Ltd-nin icraçı direktoru vəzifələrində işləmişdir.
==== AFFA ====
Elxan Məmmədov 2007–2022-ci illərdə AFFA-nın baş katibi çalışmışdır
Hazırda E. Məmmədov UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin vitse-prezidenti (2008-ci ildən) və FIFA Fair Play və Sosial Məsuliyyət Komitəsinin üzvüdür. O, 2009–2012-ci illər ərzində UEFA nümayəndəsi kimi də fəaliyyət göstərmişdir.