Əfsanə
Əfsanə (lat. legenda - "oxu", "oxunan") — epik növün janrı. Əfsanə şifahi xalq ədəbiyyatına aiddir.
Əfsanə geniş mənada ədəbi növ olaraq Avropa ədəbiyyatında VI əsrdən başlayaraq yazılı ədəbiyyatın aparıcı janrlarından biri kimi geniş yayılmışdır. Poetik söz sənəti — folklorda isə əfsanə şifahi xalq hekayəti ənənəsinə daxildir. Bu baxımdan, əfsanənin əsas məğzini o hekayətlər təşkil edir ki, onların əsasında möcüzə, söyləyici, yaxud dinləyicilər tərəfindən təsdiq olunmuş, inanılmış tərzdə anlaşılan bir obraz yəqin edilsin. Bununla da rəvayətlərdən fərqli olaraq əfsanələr həmişə öz fantastik məzmun çalarına görə seçilir. Onlar həm keçmişdə — diaxronik, həm hazırda, həm də gələcəkdə — sinxronik baş verən hadisələr kimi söylənir.
Əfsanələr daha çox xalqın tarixini, dünya görüşünü, xəyal və arzularını özündə əks etdirir. Azərbaycan əfsanələri, əsasən, aşağıdakı mövzulardadır:
Heyvanlar, quşlar haqqında;
Təbiət mənzələri (ağac, çiçək, gül, dağ, daş, qaya, bulaq, çay, dəniz və s.) haqqında;
Yer adları haqqında;
Tayfa, el, xalq, nəsil haqqında;
Səma cisimləri haqqında;
Tarixi şəxsiyyətlər haqqında;
Nizami mövzuları haqqında;
Ailə məişət məsələləri haqqında.