Əşrəf Əlimirzəyev
Əlimirzəyev Əşrəf Oruc oğlu (8 fevral 1910, Qəmərvan, Nuxa qəzası – 13 yanvar 1982, Qutqaşen) — Sosialist Əməyi Qəhrəmanı (1966).
Əlimirzəyev Əşrəf Oruc oğlu 08 fevral 1910-cu ildə indiki Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. Kiçik yaşlarında atasını itirmiş, məhz ona görə əmək fəaliyyətinə də çox erkən yaşlarından başlamışdır.
1933–1953-cü illərdə o vaxtkı Qutqaşın rayonunun "Yeni kənd", "Bakı fəhləsi", "Şən həyat" kolxozlarında mühasib, Qəmərvan Kənd Sovetinin sədri, Qutqaşın rayonu heyvandarlıq məhsulları üzrə tədarük müvəkkilinin müavini, 1953–1967-ci illərdə "Bakı fəhləsi", 1967–1976-cı illər "Xanlar" adına kolxozda sədr vəzifəsində çalışmışdır.
1958-ci ildə Heyvandarlıq sahəsində yüksək əmək göstəricilərinə və əmək fəaliyyətindəki nailiyyətlərinə görə Lenin ordeni və 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı, ikinci Lenin ordeninə layiq görülmüş, 1958-ci ildə Azərbaycan SSRİ Ali Sovetinin (V–VI çağırış) deputatı seçilmişdir.
1966-cı Sov.İKP-nın XXIII və 1969-cu ildə Ümumittifaq kolxozçularının III Qurultayının nümayəndəsi seçilmişdir.
Dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı olmuş, sərginin 4 qızıl və gümüş medalları ilə təltif edilmişdir. Təhsilə göstərdiyi qayğıya görə Qabaqcıl Maarif xadimi medalına layiq görülmüşdür.
İkinci dünya müharibəsinin iştirakçısı olmuş, qələbə medalı ilə təltif edilmişdir.
Qəmərvan kəndində sədr işlədiyi müddətdə məktəb binası, xəstəxana, klub, mehmanxana, su dəyirmanı, taxta emalı sexi, hamam tikdirmişdir.