ƏSRALI
ƏSRARƏNGİZ
OBASTAN VİKİ
Şəfaül-əsrar
Şəfaül-əsrar — Seyid Yəhya Bakuvinin türk dilində yazılmış yeganə əsəridir. Bu əsər ehtiva etdiyi mövzular etibarilə mütəfəkkirin Əsaraüt-talibin və digər əsərlərinin şərhi mahiyyətindədir. Bir müridin mürşidliyə gedən yolda keçməsi lazım gələn 70 məqamdan söz açılaraq, bu məqamların nələr olduğu açıqlanır və bu məqamlara yetişmək üçün lazım gələn vəzifələr izah olunur. Əsərdə təsəvvüf yolunu izləyənlər üçün elmin vacib olduğu sıx-sıx vurğulanır. Həqiqi şeyx ilə saxta şeyxlərin xüsusiyyətləri açıqlanaraq, həqiqi şeyxə tabe oladan bu yolla gedilə bilinməyəcəyi bildirilir. İbadətlərin batini mənaları, zikrin çeşidləri və hikmətləri şərh olunur. Əsərdə Quran ayələri, hədislər və bir sıra sufilərin sözlərinə dönə-dönə müraciət edilmişdir. "Ziyaül-Buyustəri" ləqəbli "Mahmud ibn Ömər bin Mövlana Süleyman Hocam" adlı katib Seyid Yəhyanın dağınıq və köhnəlmiş vəziyyətdə olan bu əsərini toplayaraq yenidən yazdığını əsərin sonunda ifadə etmişdir. Katib onu müəllif nüsxələrindən köçürmüşdür. Manisa Muradiyyə Kitabxanası kataloqunda bu ad ilə qeydli bir əsərə rast gəlinsə də bu tamam başqa bir kitabdır.
Hafizul Əsrar
Şərh Sualati - Gülşəni-əsrar
Şərh Sualati – Gülşəni-əsrar – Müəllifi Seyid Yəhya Bakuvi olan bu əsər məşhur azərbaycanlı sufi şeyxi, filosof-alim Şeyx Mahmud Şəbüstərinin Gülşəni-raz adlı məsnəvisinin şərhidir. 1071 beytdən ibarət olan bu əsərdə ruh, nəfs, könül, sirr, qəbz-bəst, vaxt, yaxınlıq-uzaqlıq, qeybət, üns, heybət, əməl-yəqin, eynəl-yəqin haqqında soruşulan suallara mənzum olaraq verilən cavablardan ibarətdir. Mahmud Şəbüstərinin bu əsəri sufilər arasında çox rəğbətlə qarşılanmış, ona bir sıra şərhlər yazılmışdır. Bunlardan biri də Seyid Yəhyanın yazdığı Şərhi-sualati – Gülşəni-əsrar əsəridir.
Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi
Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi (1848, Təbriz – bilinmir) — XIX əsr Azərbaycan təzkirəçilərindəndir. “Behcətüş-şüəra” adlı təzkirənin müəllifidir. Bu təzkirəçi haqqında məlumatı Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbaycan” təzkirəsindən alırıq. Əsrar təxəllüslü Əlişah Təbrizi Şah Nemətulla təriqətinə bağlı olan dərvişlərdəndir. O, h.1265/1848-ci ildə anadan olmuşdur. İyirmi beş min beytdən ibarət divanı vardır. M.Tərbiyət Əsrarın iki kitab təlif etdiyini, orada h. XIII / m. XIX əsr Azərbaycan söz ustalarının və növhə yazan şairlərin şeirlərini, eləcə də divanlarında daha çox türk dilində və nadir hallarda fars dilində şeir, qəzəl və rübailər olan şairlərin tərcümeyi-halını topladığını qeyd edir. “Behcətüş-şüəra” təzkirəsi haqqında daha ətraflı məlumat Əhməd Gülçin Məaninin “Farsca təzkirələrin tarixi” əsərində verilmişdir.
Əsrarüt-Talibin
Əsrarüt-Talibin – Seyid Yəhya Bakuvinin müəllifi olduğu əsər. Əsər kəlimeyi-tövhidin ərflərinin sayına uyğun olaraq 24 fəslə ayrılmışdır. Hər fəsildə təriqət yolunun sirləri açıqlanır. Bəhs edilən mövzulardan bəziləri bunlardır: elm və növləri, şəriət-təriqət-mərifət, zikr və prinsipləri, tövhid kəlməsinin Hz.Əliyə təlqini, tövbə, övliya, təsəvvüf kəlməsinin qaynağı, qəlb, mənfi və müsbət insani xüsusiyyətlər, dərvişin halları, ibadətin təsəvvüfi yönləri, cazibə, feyz, xəlvət-üzlət, təriqətə girənlərin virdləri, yuxuların yozumu, təsəvvüf əhlinin inancları və s. Əsərdə təsəvvüfi məsələlər qısa və xüsusi olaraq izah edilmişdir. Fəlsəfi yozum və şərhlərə də təsadüf edilir. Seyid Yəhyanın Şəfaül-əsrar əsərinin xülasəsi mahiyyətində olan bu əsər təsəvvüf dairələrində olduqca məşhur olmuşdur. Kitabxanalarda bir çox nüsxələri vardır. Məzmunu və üslubu Seyid Yəhyaya aid olduğunu təsdiq edir. Əsrarüt-Talibin bəzən başqa müəlliflərə də aid edilmişdir.
Əsrarül-məlaküt
"Əsrarül-məlakut" (Kainatın sirləri) — XIX əsr Azərbaycan maarifçi-alimi, tarixçisi Abbasqulu ağa Bakıxanovun 1839–1840-cı illərdə yazdığı astronomiyaya dair essesi. Əsər fars dilindədir və kosmoqrafiya məsələlərinə həsr olunub. Əsəri ərəb dilinə müəllif özü tərcümə edib. Bakıxanovun fikrincə, bu əsər onun yarımçıq qalmış "Ümumi coğrafiya"sının "riyazi hissəsini" təmsil edir. Əlyazmanın ərəb dilinə tərcüməsi eyni nüsxələrdə mühafizə olunur. Abbasqulu ağa Bakıxanov 19-cu əsrin 30-cu illərinin sonlarından Polşa astronomu Nikolay Kopernikin vəfatının 300 illiyinə hazırlıqla əlaqədar kosmoqrafiya məsələlərini öyrənməyə başladı. Hələ 30-cu illərin əvvəllərində Bakıxanovun diqqətini Böyük coğrafi kəşflər və Varşavada olarkən Bakıxanovun sistemi ilə maraqlandığı Kopernik tərəfindən dünyanın heliosentrik sistemi cəlb etmişdi. Həmin vaxt Bakıxanovun əlində "Kəşfül-Karaib" əsərinin əlyazması var idi, onun son səhifəsində belə bir qeyd vardı: "Kopernik 1543-cü ildə Yerin fırlanmasını sübut etdi. Varşava, 8 noyabr 1833-cü il". Kopernikin "Göy cisimlərinin fırlanması haqqında" adlı əsərinin Tiflisdə nəşri ilə əlaqədar "astronom Kopernikin abidəsinin ucaldılması üçün" könüllü ianələr toplanmağa başlaması da Bakıxanovun kosmoqrafiya məsələlərinə diqqətini çəkdi.

Значение слова в других словарях