Müseyib Şahbazov
Müseyib Əli oğlu Şahbazov (1898, Petrovsk-Port, Dağıstan vilayəti – 2 yanvar 1938, Bakı) — Azərbaycan-sovet partiya və dövlət xadimi, inqilabçı, Azərbaycan SSR xalq maarif komissarı (1932–1933, 1935–1937).
== Həyatı ==
Müseyib Əli oğlu Şahbazov 1898-ci ildə Dağıstan vilayətinin Petrovsk-Port şəhərində (hazırkı Mahaçqala) xırda tacir ailəsində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində aldıqdan sonra atası ilə Həştərxana gedib, bir müddət sonra Dərbənddəki realnı məktəbdə təhsilini davam etdirmişdir. Həmin dövrdə burada təhsil alan Məzahir Rzayev, İsay Yakimoviç, Kərim Məmmədbəyov və başqaları ilə tanışlıq etmişdir, onda ictimai işlərlə maraqlanmağa başlamışdır.Məktəb yaşlarından ictimai həyatla yaxından maraqlanaraq bədii dərnəklərə qoşulmuş və qadağan edilmiş kitablar oxumuşdur. Tədricən marksist ədəbiyyatını öyrənməyə, fəhlə yığıncaqları və mitinqlərə getməyə başlamışdır. Onun inqilabi fəaliyyətinin ilk dövrləri Dağıstanda keçmişdir. Sonra hökumət tərəfindən təqiblərə məruz qalmış və Həştərxana getmişdir. 1918-ci il aprelin əvvəlində Həştərxana gələn Müseyib Şahbazov, Nəriman Nərimanovun başçılıq etdiyi RK(b)P quberniya komitəsi yanında təşkil edilmiş müsəlman bölməsi ilə əlaqə yaratmış və partiya sıralarına qoşulmuşdur.Müseyib Şahbazov RK(b)P quberniya komitəsinin zəmanəti ilə Moskvaya oxumağa göndərilmiş, Moskva Qırmızı Professura Ədəbiyyat İnstitutunu bitirdikdən sonra XIII Ordunun siyasi şöbəsində işləməyə səfərbər edilmişdir. 1918-ci ildən həmin ordunun siyasi şöbəsində təbliğatçılıq etmiş, Həştərxanda "Hümmət" təşkilatının katibi, Dərbənd inqilab komitəsinin katibi, RK(b)P Cənubi Dağıstan və və Qaytaq-Tabasaran dairə komitələrinin katibi olmuşdur.1921-ci ildə Sovet Azərbaycanına gəlmiş, əvvəlcə əksinqilabla mübarizə aparan Fövqəladə Komissiyada işləməyə başlamış, sonra Gəncə Qəza İcraiyyə Komitəsinə rəhbərlik etmiş, Azərbaycan SSR xalq ədliyyə komissarının müavini işləmişdir. 1923-cü ildən AK(b)P MK-nın təbliğat-təşviqat şöbəsinin müdiri, AK(b)P Gəncə Qəza Komitəsinin katibi işləmişdir.Müseyib Şahbazov 22 iyun 1929-cu ildə Tağı Şahbazinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Dövlət Universitetinə rektor seçilmişdir.