Çərkəzistan
Çərkəzistan və ya Çərkəziya (adıq Адыгэ Хэку, Adıgə Xəku, mənası – "Adıq vətəni"; adıq Хэкужъ, Xəkujz, mənası – "Qədim vətən") — indiki Rusiyanın cənubunda, Şimali Qafqazda Qara dənizin şimal-şərq sahili boyunca yerləşən ölkə və tarixi vilayət. Rusiya–çərkəz müharibəsi (1763–1864) zamanı Rusiya imperiyası tərəfindən fəth və işğal edilmişdir. İşğaldan sonra Çərkəz soyqırımı baş tutmuşdur və nəticədə çərkəz xalqının 90%-i ya bölgədən sürgün edilmiş, ya da kütləvi şəkildə qətlə yetirilmişdir.
Hüquqi və beynəlxalq müstəvidə Avstriya ilə Osmanlı imperiyaları arasında 1739-cu il Belqrad müqaviləsi Şərqi Çərkəzistanın (Kabarda) müstəqilliyinin tanınmasını nəzərdə tuturdu. Həm Rusiya imperiyası, həm də Osmanlı imperiyası bunu tanımışdır. 1814–1815-ci illərdə keçirilən Vyana konqresi də Çərkəzistanın müstəqilliyinin tanınmasını şərtləndirmişdir. 1837-ci ildə çərkəz liderləri Avropa ölkələrinə hüquqi tanınma tələbi ilə məktublar göndərmişdir. Bunun ardınca Britaniya imperiyası Çərkəzistanı tanımışdır. Buna baxmayaraq, Rusiya–çərkəz müharibəsi zamanı Rusiya imperiyası Çərkəzistanı müstəqil bir region kimi tanınamış, region üzərində heç bir nəzarəti və mülkiyyəti olmamasına baxmayaraq, ona üsyançıların işğalı altında olan Rusiya torpağı kimi yanaşmışdır. Rusiya generalları çərkəzləri etnik adlarına görə yox, "dağlılar", "quldurlar", "dağlı murdarlar" adlandırırdılar.