Şeytan
Şeytan və ya satana – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafor, "şərə meyllilik" və ya Tanrının casusu kimi qəbul edilir.
Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda "Mastema" adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir.
Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur.