Şomu Nobori
Şomu Nobori (昇 曙夢, Nobori Şomu, 17 iyul 1878, Oşima adası, Ryukyu adaları – 22 noyabr 1958, Tokio[d]) və ya doğum adı ilə Naotaka Nobori (昇 直隆, Nobori Naotaka) – Yaponiya tərcüməçisi və pedaqoqu. O, rus dilinin mütəxəssisi olmuş və rus ədəbiyyatının bir çox əsərini yapon dilinə tərcümə etmişdir.
Nobori 1878-ci ildə Kaqoşima prefekturasının Amami Oşima adasında doğulmuşdur. Yaponiyalı Nikolay tərəfindən açılmış ilahiyyat seminariyasında rus dilini öyrənmişdir. 1903-cü ildə Yunan Ortodoks Seminariyasından məzun olmuş və burada təlimçi kimi işləməyə başlamışdır. Daha sonra Hərbi Akademiyada rus dili üzrə professor olmuşdur. Vaseda və Nihon universitetlərində də müəllimlik etmişdir. Fyodr Dostoyevski, Lev Tolstoy, Aleksandr Kuprin, Leonid Andreyev və Fyodr Soloqub kimi bir çox rus ədibinin əsərlərini yapon dilinə tərcümə etmişdir. Mixail Artsibaşevin "Sanin" romanını, eləcə də, "Qorxu" və "Gecə" hekayələrini yapon dilinə qazandırmışdır. Nobori Rusiya ilə əlaqələr üzrə Yaponiya kabinetinin xüsusi məsləhətçisi olmuşdur.