Nəriman Əbdülrəhmanlı
Əbdülrəhmanlı Nəriman Hacı oğlu (3 iyun 1958, Düzəyrəm, Kaxetiya) — Azərbaycan nasiri, publisist, tərcüməçi, ssenariçi.
Nəriman Əbdülrəhmanlı 1958-ci il iyunun 3-də Gürcüstan Respublikası Qaraçöp mahalının Düzəyrəm kəndində anadan olub. 1975-ci ildə Düzəyrəm kənd orta məktəbini, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1983-cü ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb. 1980-ci ildən "Daşkəsən", "Sovet Gürcüstanı" qəzetlərində, "Kino" qəzeti və "Yeni filmlər" jurnalı redaksiyasında, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Yaddaş" sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Müdafıə Nazirliyinin kino-telestudiyasında, "Hərbi bilik" jurnalında, "Lider" televiziyasında, "Ulduz" jurnalında, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, "Qanun", "Adiloğlu" nəşriyyatlarında müxtəlif vəzifələrdə işləyib, BSU-nun yaradıcılıq fakültəsində nəsr kursunu aparıb. 2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Tərcümə Mərkəzində çalışır, 2023-cü ildən dünya ədəbiyyatı şöbəsinin müdiridir.
N.Əbdülrəhmanlının ilk publisistik yazıları 80-ci illərdə çap olunub. 80-ci illərdə hekayələri, 90-cı illərdə povestləri, 2000-ci illərdə romanları işıq üzü görüb. 80-ci illərin axırlarından kinopublisistika və kino tarixi ilə ciddi məşğul olub, 4 cildlik "Azərbaycan kino sənəti tarixi" monoqrafiyasını yazmaqla yanaşı, qələmə aldığı ssenarilər üzrə bədii və sənədli kinofilmlər çəkilib, 2001-2003-cü illərdə isə "Lider" televiziyasında silsilə sənədli filmlərin yaradılmasında iştirak edib. O 1991-1993-cü illərdə "Gümüş Aypara" Beynəlxalq Aşqabat kinofestivalının Azərbaycan üzrə icraçı direktoru кimi fəaliyyət göstərib.