Əmircan (Bakı)
Əmircan — Bakının Suraxanı rayonunda şəhər tipli qəsəbə. Hazırda Əmircan kəndində 53 küçə, 6 məktəb, 10 uşaq bağçası, 3 xəstəxana, 1 internat məktəbi, park, Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, Tofiq İsmayılov adına qəsəbə stadionu (Azərsun Arena), Məşədi Əzizbəyov adına klub, A.Bakıxanov adına və Neftçilər kitabxanaları var.
Əmircan Bakının şərqində, Bülbülə gölünün sahilində yerləşir. Bakının Suraxanı rayonunun mərkəzi sayılır.1936-cı ildə qəsəbə statusu almışdır. Abşeronun ən qədim kəndlərindən biri olan Əmircanın köhnə adı Xilə olmuşdur. Təsadüfi deyil ki, Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə,yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanırdı. XIV əsrdə Əmir Nizaməddin hacıların ziyarətinə başçılıq etdiyi üçün onun əmirhac titulu kəndə verilir.
Əmircan əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Əmircanda evlərin sayı 1849-cu ildə 277, 1886-cı ildə 379 və 1921-ci ildə 615 idi.