Əbdüləli bəy Əmircanov (18 (30) may 1874, Nuxa – 15 may 1948, İstanbul) — Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri.[1]
Əbdüləli bəy Əmircanov | |
---|---|
17 iyun 1918 – 6 oktyabr 1918 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Məmmədhəsən Hacınski |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 (30) may 1874 |
Doğum yeri | |
Vəfat tarixi | 15 may 1948 (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Şirəli bəy Əmircanov |
Uşağı | |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Əbdüləli Şirəli bəy oğlu Əmircanov 1874-cü ildə Şəki şəhərində anadan olub.[2] 1876–1883-də Şəki şəhər məktəbində oxumuşdur. 1888-ci ildə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitutunu bitirib.[3] Daha sonra Şəki, Lənkəran və Bakıda müəllim kimi fəaliyyət göstərib.[4] Teymur bəy Bayraməlibəyovla birlikdə bir çox mədəni-maarif tədbirlərini həyata keçirmişdir.
Əmircanov XX əsrin əvvəllərindən Bakıda müəllim, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib işləmiş, mədəni-maarif cəmiyyətlərinin işində yaxından iştirak etmiş, "Nəşri-maarif" cəmyyəti təftiş komissiyasının üzvü, Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti sədrinin müavini olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra siyasi proseslərə qoşulmuşdur. Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi.
1918-ci ilin martında Bakıda türklərə qarşı törədilən soyqırım zamanı minlərlə azərbaycanlının ölümdən xilas olunmasında, şəhərdə qırğının qarşısının alınmasında müstəsna xidmətlər göstərmişdi. Böyük qardaşı, Moskva Universitetinin hüquq fakültəsinin məzunu, tanınmış hüquqşünas Qasım bəy Əmircanov ermənilər tərəfindən öldürülmüşdü.
Əmircanov Azərbaycan Xalq Cumhuriyyətinin ikinci hökumət kabinəsində (1918, iyun-oktyabr) maliyyə naziri, dövlət nəzarətçisi (1918, oktyabr-dekabr) olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"na (1918, 19 noyabr) əsasən, Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinə seçilmişdir (1918, dekabr). Bitərəflər qrupuna daxil olan Əmircanov Parlamentdə maliyyə-büdcə və sorğu komissiyalarının üzvü olmuşdur. O, xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün 1919-cu ilin ortalarda Bakıda "Dəyanət" şirkətinin təsis olunmasında iştirak etmişdir.
Əbdüləli bəy Əmircanov Xosrov bəy Sultanov, Behbud xan Cavanşir və Teymur bəy Makinski ilə birgə fikir ayrılıqları səbəbi ilə 1919-cu ilin fevralında Müsavat və bitərəflər fraksiyasından ayrılmışdır.[5]
Aprel işğalından sonra İstanbula mühacirət etmiş, orada fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin üzvü olmuşdur[6]. O, 1948-ci ildə İstanbulda vəfat etmişdi.
Əbdüləli bəy Səltənət xanım Əlibəyova ilə ailə qurmuşdu. Fuad bəy, Rüstəm bəy, Rəşid bəy, Murad bəy adlı oğulları, Valiyə xanım, Məryəm xanım adlı qızları vardı.