Arif Mehdiyev
Arif Şəfaət oğlu Mehdiyev (19 dekabr 1934, Bakı – 19 dekabr 2016, Bakı) — əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 2002-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik.
O, 1992-ci ildən Beynəlxalq mühəndis akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika astronavtika və aeronavtika institutunun üzvü olmuşdur.
== Həyatı və Elmi fəaliyyəti ==
Arif Mehdiyev 1934-cü il dekabr ayının 19-da Bakı şəhərində Azərbaycanın məşhur geoloqu, geologiya–minerologiya elmləri doktoru, əməkdar elm xadimi, Şəfaət Mehdiyevin ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952–1957-ci illərdə Moskva Elektrotexniki Rabitə İnstitutunda radiorabitə mühəndisi ixtisası üzrə ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda başlayan Arif Mehdiyev 1961–1965-ci illərdə SSRİ Elektron Sənayesi Nazirliyinin tərkibindəki qapalı müəssisədə, 1965–1966-cı illərdə isə Azərbaycan Dövlət Plan Komitəsində böyük mühəndis, 1966-cı ildə yenidən Respublika Elmlər Akademiyasının Fizika İnstitutuna qayıdaraq 1974-cü ilədək burada böyük elmi işçi vəzifəsində çalışmışdır. Arif Mehdiyev 1973-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasının sonralar Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutuna çevrilmiş "Xəzər" Elmi Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində işləməyə başlamışdır. 1979-cu ildə o, həmin Mərkəzin əsasında yaradılmış Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda baş direktorun birinci müavini vəzifəsinə keçirilmişdir. Arif Mehdiyev Birliyin bazasında yaradılmış Azərbaycan Milli Aerokosmik Agentliyinin ilk baş direktoru olmuşdur.
2001-ci ildə Arif Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti seçilərək 2007-ci ilədək bu vəzifəni icra etmişdir. 2002-ci ildən etibarən ömrünün sonunadək o, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsində çalışmışdır.