Məmməd Arif
Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu (29 may (11 iyun) 1904, Bakı – 27 dekabr 1975, Bakı) — Azərbaycan tənqidçisi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1936), filologiya elmləri doktoru (1954), professor (1955), Azərbaycan SSR EA müxbir üzvü (1955), Azərbaycan SSR EA həqiqi üzvü (1958), Azərbaycanın SSR Əməkdar elm xadimi (1960), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974).
== Həyatı ==
Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Əslən Xızı torpağının Bəylik adlanan ərazisindəndir. Bu ərazidən olan nəsil indi də Xızıda ehtiramla yad edilir.
Bakıdakı rus-tatar məktəbini bitirdikdən sonra Məmməd Arif 1920–1930-cu illərdə I dərəcəli 5-ci sovet məktəbində (direktor S.S.Axundov) müəllim işləmişdir. Eyni zamanda o, Xalq Maarifi İnstitutunda təhsil almış və 1925-ci ildə bu institutu bitirmişdir. 1925–1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Şərq" fakültəsində oxumuş, Universiteti bitirdikdən sonra 1930–1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır.
Məmməd Arif 1932–1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, "Rus ədəbiyyatı" kafedrasının dosenti olmuşdur. Uzun illər Azərbaycan Dövlət Universitetində çalışmış, 1941–1950-ci illərdə burada "Rus ədəbiyyatı" kafedrasının müdiri olmuş, 1955-ci ildə professor elmi adını almışdır. Eyni zamanda o, 1930–1940-cı illərdə Azərbaycan Respublikası maarif nazirinin (komissarının) müavini vəzifəsini tutmuş, 1941–1947-ci illərdə "Vətən uğrunda" ("İnqilab və mədəniyyət", yəni indiki "Azərbaycan") jurnalının baş redaktoru işləmişdir.