I Axsartan
I Axsartan (gürc. აღსართან I), yaxud I Axsitan – Şəki - Kaxeti hökmdarı. Mənbələrdə adı ilk dəfə 1062-ci, sonuncu dəfə isə 1082-ci ildə baş vermiş hadisələrin təsvirində çəkilmişdir. XVIII əsr gürcü tarixçi-coğrafiyaşünası Vaxuşti Baqrationi I Axsartanın konkret olaraq 1058-ci ildən 1084-cü ilə qədər hakimiyyətdə olduğunu və 1084-cü ildə vəfat etdiyini göstərsə də XII əsr erməni tarixçisi Samuel Anesi 1082-ci il üçün Şəki çarı II Kverikenin adını çəkir.
== Həyatı və siyasi fəaliyyəti ==
I Axsartanın hakimiyyətə başladığı ilk illərdə Şəki-Kaxeti qərbdən gürcü çarı IV Baqratın (1027—1072), cənubdan Şəddadilərin, şərqdən isə Şirvanşahların təcavüzünə məruz qalırdı. IV Baqratın əbədi rəqibi, Şəki-Kaxetinin isə müttəfiqi olan Kldekari eristavı Liparitin (1021—1059) Konstantinopolda vəfat etməsindən sonra IV Baqrat Şəki-Kaxeti qalalarını bir-bir ələ keçirməyə başladı. XII əsrdən gec olmayaraq yazılmış “Kartli salnaməsi”nə görə Alp Arslanın birinci Gürcüstan yürüşünə (1064-1065) qədər IV Baqrat Kvetera və Naxçivani qalaları istisna olmaqla, artıq bütün Hereti və Kaxeti qalalarını tutmuşdu. Mənbələrə görə bu dövrdə Şəddadilər Xornabuci, Aradeti və Vecini qalalarını (1065), Şirvanşahlar isə Maluq qalasını (1053) əllərində saxlayırdılar.
Bütün bunlara baxmayaraq I Axsartan siyasi məharət nümayiş etdirərək əlindən çıxmış qalaları əksər hallarda heç bir döyüş əməliyyatı keçirmədən bir-bir geri alır və öz dövründə regionun ən nüfuzlu hökmdarlarından birinə çevrilir.
=== Tiflisi və açarlarını qəbul etməsi və satması ===
XI əsrin son rübünün əvvəlində namalum müəllif tərəfindən yazılmış “Tarix-i əl-Bab”a görə 1062-ci ildə Tiflisin tanınmış adamlarından bir qrupu Şəddadi hökmdarı Əbüləsvar Şavurun yanına gedərək Tiflisin açarlarını ona təqdim edirlər və ondan xahiş edirlər ki, kim olur olsun, bir nəfər göndərsin qalanı təslim edək.