Türkiyə böyükşəhər bələdiyyələri siyahısı
Böyükşəhər bələdiyyəsi — şəhər mərkəzi birdən çox bələdiyyəyə bölünmüş və sıx vilayətlərdə bələdiyyə xidmətlərini tam şəkildə davam etdirmək və koordinasiyanı təmin etmək üçün qanunla qurulan dövlət idarəsi. 6360 saylı Türkiyə Böyükşəhər Bələdiyyəsi Qanununa görə, 750.000 nəfərdən çox əhalisi olan vilayət bələdiyyələri, böyükşəhər bələdiyyələrinə çevrilir. Orqanları Böyükşəhər Bələdiyyə Başçısı, Böyükşəhər Bələdiyyə Məclisi və Böyükşəhər Bələdiyyə Komitəsidir. Böyük şəhərlər arasında İstanbul əhalisi 15 milyon, Ankara 5 milyon, İzmir 4 milyon və Bursa əhalisi 3 milyonu keçmişdir. Antalya, Adana, Konya, Şanlıurfa və Qaziantepdə isə əhalinin sayı 2 milyondan yuxarıdır. 30 böyükşəhər bələdiyyəsi hüdudlarında yaşayan əhali 64 milyonun üzərindədir. Başqa sözlə, böyük bələdiyyələrin sərhədləri daxilində yaşayan əhali ölkənin ümumi əhalisinin təqribən 78 faizini təşkil edir. Digər 51 vilayətin əhalisinin ümumi əhaliyə nisbəti isə təxminən 22%-dir. 2009-cu ildə, 16 böyük şəhər tabeliyində 146 ilçə bələdiyyəsi mövcud olmuşdur. Ən çox ilçə bələdiyyəsinə sahib olan vilayət, 39 ilçəylə İstanbul olmuşdur.