Sürəyya Qacar
Sürəyya xanım Sədrəddin Mirzə qızı Qovanlı-Qacar (18 aprel (1 may) 1910, Şuşa, Qafqaz canişinliyi, Rusiya imperiyası – 27 iyul 1992, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR (1954) və Ermənistan SSR xalq artisti.
== Həyatı ==
Sürəyya Qacar 1 may 1910-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1927 ildə Bakı Pedaqoji Texnikumunu bitirmişdi. 1927-39-cu illərdə Azərbaycan Opera və Balet Teatrının solisti olmuş, burada Leyli, Əsli, Gülnaz, Asya ("Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Z. Hacıbəyli) partiyalarında çıxış etmişdir. 1940-cı ildən Azərbaycan Dövlət Filarmoniyasında solist (fasilələrlə), 1968 ildən vokal üzrə məsləhətçi-müəllim işləmişdi. Repertuarında Azərbaycan xalq mahnıları, muğamlar, eləcə də xarici ölkə xalqlarının və bəstəkarlarının mahnıları əsas yer tutmuşdu. O, 27 iyul 1992-ci ildə vəfat edib.
== Partiyaları ==
Leyli - Leyli və Məcnun (Üzeyir Hacıbəyov)
Əsli - Əsli və Kərəm (Üzeyir Hacıbəyov)
Gülnaz - O, olmasın, bu olsun (Üzeyir Hacıbəyov)
Şahsənəm - Aşıq Qərib (Zülfüqar Hacıbəyov)
== Mükafatları ==
Sürəyya xanım Qacar Azərbaycan SSR (1954 oktyabr) və Ermənistan SSRxalq artisti fəxri adını almış, iki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdi.
== Ailəsi ==
Atası Sədrəddin Mirzə Qacar məşhur Bəhmənilər ailəsinə mənsub olmuşdur. Bəhməni ailəsi Qacarlar sülaləsinin bir tirəsi olmuş və ailənin əsasını qoyan Bəhmən Mirzə Qacar bir müddət İran Azərbaycanının valisi kimi çalışmışdır.