İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələri
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müddəalar İKT ali orqanı — üzv ölkələrinin dövlət və hökumət başçılarının zirvə görüşlərində qəbul olunmuş bir sıra sənədlərdə öz əksini tapmışdır. Onların içində 13–15 dekabr 1994-cü ildə Kasablanka şəhəri, Mərakeş Krallığında keçirilmiş İKT-nin Yeddinci Zirvə Görüşünün sənədlərini və 9–11 dekabr 1997-ci ildə Tehran şəhəri, İran İslam Respublikasında keçirilmiş İKT-nin Səkkizinci Zirvə Görüşünün sənədlərini, 2000-ci ilin 12–13 noyabr tarixində Qətərin Doha şəhərində keçirilmiş İKT Doqquzuncu Zirvə Görüşündə, 2003-cü ilin oktyabr ayında İKT Onuncu Zirvə Görüşündə (Putrajaya, Malayziya) qəbul olunmuş Yekun Kommünikeni (33-cü bənd), 2005-ci ilin dekabr ayında İKT Üçüncü Fövqəladə Zirvə Görüşündə (Məkkə, Səudiyyə Ərəbistanı) qəbul olunmuş Yekun Kommünikeni, 2008-ci ilin mart ayında İKT On Birinci Zirvə Görüşündə (Dakar, Seneqal Respublikası) qəbul olunmuş Yekun Kommünikeni (61-ci bənd) göstərmək olar.
Bununla yanaşı, Doqquzuncu Zirvə Görüşündə (Doha, Qətər) qəbul olunmuş 21/9-P (IS) saylı "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü" adlı qətnaməni, 21/9-E (IS) saylı "Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında" qətnaməni, 25/9-C saylı "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında" qətnaməni, onuncu Zirvə Görüşündə (Putrajaya, Malayziyada) qəbul olunmuş 12/I0-P (IS) saylı "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında" qətnaməni, 21/10-E (IS) saylı "Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında" qətnaməni, mədəniyyət məsələləri mövzusuna dair Mədəniyyət və İslam işləri üzrə qətnamələrin "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında" qətnaməni, on birinci Zirvə Görüşündə (Dakar, Seneqal Respublikası) qəbul olunmuş 10/11-P (IS) saylı "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında" qətnaməni, 2/11-E (IS) saylı "Üzv dövlətlərə və İKT-yə üzv olmayan ölkələrə və müsəlman icmalarına iqtisadi yardım edilməsinə aid fəaliyyət haqqında" qətnaməsinin "Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi" bölməsini, mədəniyyət və sosial məsələlər üzrə qətnamələrdə 2/11-C (IS) saylı "İslam müqəddəs yerlərinin müdafiəsi haqqında"qətnaməni də göstərmək olar.
Ümumiyyətlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müddəalar İKT Xarici İşlər Nazirləri Şurasının sessiyalarında qəbul olunmuş müxtəlif sənədlərdə, o cümlədən yekun kommünikelər və bəyanatlarda və çoxsaylı qətnamələrdə öz əksini tapmışdır.
20 sentyabr 2016-cı ildə Nyu-yorkda BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təsis edilmiş Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun ilk iclası keçirilib. İclasa İƏT-in Baş katibi İyad bin Amin Mədəni sədrlik edib. Kontakt qrupunun tərkibinə yeddi dövlət — Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Qambiya və Cibuti daxildir. Coğrafi təmsilçilik prinsipi ilə götürdükdə İƏT çərçivəsində olan bütün regionlar təmsil olunub.
20 sentyabr 2017-ci ildə BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupun iclası keçirilib. İclasda xarici işlər naziri Elmar Məmmədyarov, Kontakt Qrupa daxil olan digər üzv dövlətlərin nümayəndələri və İƏT-in Baş katibliyinin rəsmiləri çıxış ediblər.