"Əmək" ordeni
"Əmək" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi (ordeni). 2017-ci il 25 yanvarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib.
Azərbaycan Respublikasının "Əmək" ordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycan Respublikasının inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən:sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında (emalında) kənd təsərrüfatının inkişafına təsir edən yüksək göstəricilərə, istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə; yüksəkkeyfiyyətli məhsul istehsalına (hazırlanmasına, yetişdirilməsinə), yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə təltif edilirlər.
Azərbaycan Respublikasının "Əmək" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır.
Azərbaycan Respublikasının "Əmək" ordeni (bundan sonra – orden) daxili diametrinin içərisində hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz yerləşən bütöv ayparadan ibarətdir.
Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir.
Ordenin ön tərəfi
Ayparanın xarici diametri 38 mm, daxili diametri 30 mm-dir. Ayparanın aşağı hissəsinin mərkəzində dairə boyunca "ƏMƏK" sözü yazılmışdır. "ƏMƏK" sözü basma üsulu ilə ayparanın daxilində həkk olunmuşdur. Hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduzun üzərində milli ornamentləri əks etdirən naxışlar həkk olunmuşdur.