Qafqaz cəbhəsi (Birinci Dünya Müharibəsi)
Qafqaz cəbhəsi — Birinci dünya müharibəsi dövründə Osmanlı İmperiyası ilə Rusiya imperiyasının qarşı-qarşıya gəldiyi, sonradan Azərbaycan, Ermənistan, Gürcüstan, Alman İmperiyası, Sentrokaspi Diktaturası və Britaniya İmperiyasının iştirak etdiyi hərbi münaqişə.
Özündən asılı olmayaraq Azərbaycan da Birinci Dünya müharibəsinə cəlb olunmuşdu. Bu Şimali Azərbaycanın müharibə edən Rusiya imperiyasının tərkibində olması və müharibə edən dövlətlərin ona dair planları ilə əlaqədar idi. Belə ki, çox əlverişli coğrafi mövqedə yerləşən və öz yeraltı, yerüstü sərvətləri ilə seçilən Azərbaycan iri dövlətlərin maraq dairəsində idi. Burada alman, rus, ingilis rəqabəti daha qabarıq özünü göstərirdi. Almaniya tərəfindən müharibədə iştirak edən Osmanlı imperiyasının də müsəlman Qafqazına, xüsusən Azərbaycana böyük marağı var idi. Birinci Dünya müharibəsi illərində Azərbaycan mövzusuna aydınlıq gətirmək üçün üç mühüm məsələ ön plana çəkilməlidir. Birincisi, Cənubi Qafqaz regionunda Azərbaycanın geosiyasi mövqeyinə aydınlıq gətirmək lazımdır. Beynəlxalq münasibətlər sistemində işlənən "geopolitika" sözü, yunan sözü olub iki hissədən ibarətdi. Geo-yer, politikos-hər nə varsa dövlətlə bağlıdır və s.