Azərbaycan buzlaqları
Azərbaycan buzlaqları— Azərbaycan ərazisində buzlaqlar Böyük Qafqazın şimal-şərq yamacında, Qusarçayın hövzəsində mövcuddur.
Azərbaycanda buzlaqlar və çoxillik qar talaları, əsasən Böyük Qafqaz dağlarının ən uca zirvələrində mövcud olmaqla, çox kiçik sahə tutur. Bunun əsas səbəbi Şərqi Qafqazda, xüsusilə Böyük Qafqaz dağ sisteminin Azərbaycan ərazisinə daxil olan cənub-şərq hissəsində qar xəttinin çox yüksəkdə (3900 m) yerləşməsidir. Böyük Qafqazın Qara dəniz silsilələrində isə (Abxaziyada) qar xətti cəmi 2800 m yüksəkdə yerləşir. Buna görə bu dağlıq ərazinin qərb və mərkəz hissələrində buzlaqlar və çoxillik qar daha çox sahə tutur.
Cənub-Şərqi Qafqaz buzlaqlarının 3,62 km2 Bazardüzü zirvəsində, 1,0 km2-i Bazaryurd zirvəsində, 0,51 km2-i Tufan zirvəsində, 1.08 km2-i isə Şahdağ massivində yerləşir. Buzlaqların əsas hissəsi (5,64 km2) Qusarçay, 1,01 km2 isə Qudyalçay hövzəsindədir. Qusarçay hövzəsinin 0,81%-ni, Qudyalçayın hövzəsinin isə 0,13%-ni buzlaqlar təşkil edir. Bu rəqəmlərin çox kiçik olmasına baxmayaraq, buzlaqlar və qarlar həmin çayların qidalanmasında əhəmiyyətli yer tutmaqla, onların su rejiminə böyük təsir göstərir.
Kiçik Qafqazda yalnız Zəngəzur silsiləsinin Qapıçıq zirvəsində kiçik (0,15 km2) buzlaqlar var.