Kafir Qala döyüşü
Kafir Qala döyüşü — Herat yürüşünün nəticəsini müəyyən edən toqquşmalar seriyasıdır. Bəzi xüsusiyyətlərinə görə Sanqan döyüşünə bənzəyən Kafir Qala döyüşü Abdali əfqanlarla Nadir xanın rəhbərlik etdiyi Səfəvi ordusu arasında baş tutmuş və Səfəvi ordusunun qələbəsi ilə nəticələnmişdir.
== Arxa plan ==
Nadir xanın bundan əvvəlki yürüşü Sanqanın yağmalanması və Abdali əfqanlar üzərində taktiki qələbə ilə nəticələnmişdi. Lakin Nadir xan bu yürüşündə heç bir yeni ərazi əldə edə bilməmiş və kiçik qələbədən sonra Məşhədə geri dönməyə məcbur olmuşdu. Onun planlarını pozan Səfəvi şahı II Təhmasib olmuşdu. Beləki II Təhmasib onu xain elan etmiş və bu Nadiri geri dönməyə məcbur etmişdi. Geri dönüb şah üzərində qələbə qazanan və onu özündən asılı vəziyyətə salan Nadir, bütün daxili problemləri həll etdikdən sonra çoxdan gözlənilən Herat yürüşünə başladı.
== Döyüş ==
=== İlk toqquşmalar ===
"Tarix-e Cahanqoşa-ye Naderi"də olan məlumata görə, Nadir qoşunu ilə 1729-cu ilin Novruz bayramından 46 gün sonra Abdali əfqanları ilə döyüşə yola düşdü. Kafir qala ətrafında düşərgə salandan sonra Niyazqulu bəy Qacarın rəhbərliyi altında 500 nəfərdən ibarət qarovul dəstəsi yaratdı və qoşunun mühafizəsini bu dəstəyə tapşırdı.Nadir yürüşünə cavab vermək üçün Abdali əfqanların rəhbəri olan Allahyar xan Heratın 80 km qərbində olan Kafir Qala adlanan yerdə onu qarşıladı. O, Səfəvi ordusunu xətt boyunca düzülmüş, hər bir tərəfinə səhra topları və tüfəngçilərlə əhatələnmiş şəkildə gördü.