Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi — 1981-ci ildən Cufa şəhərində fəaliyyət göstərən muzey.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi sistemindədir. 5 şöbədən ibarətdir.
Muzey Azərbaycan Respublikası Nazirlər Sovetinin 13 fevral 1981-ci il tarixli qərarı ilə yaradılmışdır.
Muzeydə 3000-dən çox eksponat saxlanılır. Bu eksponatlar sırasında mis və saxsı qab nümunələri, bəzək əşyaları, bədii tikmə və milli geyimlər, toxuculuq məmulatları, məişət əşyaları, rayon ərazisindəki tarixi memarlıq abidələrinin rəsm və fotoşəkilləri və s. toplanmışdır. 1981-ci ildə 50 ədəd eksponatla fəaliyyətə başlayan tarix-diyarşünaslıq muzeyində hazırda 3000-ə yaxın eksponat, arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri, eramızdan əvvəl III–I minilliyə aid, eləcə də orta əsrlər mədəniyyətinə aid dövrlərdən xəbər verir. 5 şöbədən ibarət olan muzeydə XVI–XIX əsrlər dövrünə aid, 40-dan çox xalça nümunələri, kilim, cecim, xurcun, heybə, corablar nümayiş etdirilir. Müasir dövrdə təşkil olunmuş ekspozisiyada xalqımızın müstəqillik illərində əldə etdiyi nailiyyətlərə aid sənədlər və materiallarla yanaşı, Qarabağ və Sədərək döyüşlərində həlak olmuş şəhidlərə aid fotoşəkillər də tərtib olunmuşdur.