Qara dul (Natalya Romanova)
Natalya Alianovna "Nataşa" Romanova (rus. Наталья Альяновна "Наташа" Романова), həmçinin "Qara dul" (ing. Black Widow; rus. Чёрная вдова) – Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Redaktor və hekayəçi Sten Li, ssenari yazarı Don Riko və rəssam Don Hek tərəfindən yaradılmış personaj "Tales of Suspense" #52 komiksində (aprel 1964) debüt etmişdir.
Personaj, Rusiya casusu, superqəhrəman Dəmir adamın düşməni kimi təqdim edilmişdir. Sonradan ABŞ-yə köçən Nataşa Romanova uydurma casus təşkiları Q.A.L.X.A.N.-da çalışmağa başlamış və "Qisasçılar" adlı superqəhrəmanlar dəstəsinin üzvü olmuşdur.
Marvel Kinematoqrafiya Kainatına aid olan "Dəmir adam 2" (2010), "Qisasçılar" (2012), "Kapitan Amerika: Qış əsgəri" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Kapitan Amerika: Vətəndaş müharibəsi" (2016), "Qisasçılar: Sonsuzluq savaşı" (2018), "Kapitan Marvel" (2019), "Qisasçılar: Final" (2019) və "Qara dul" (2020) filmlərində Nataşa Romanova rolunu aktrisa Skarlett Yohansson canlandırmışdır.
"Tales of Suspense" #52 komiksində (aprel 1964) debüt edən Nataşa Romanova Dəmir adamın düşməni, kostyumsuz Rusiya casusu kimi təqdim olunur. Beş nömrə sonra o, kostyumlu oxatan və gələcək superqəhrəman Şahingözü öz tərəfinə çəkir.