1. Həbs olunmuş, yaxud dustaqxanada saxlanılan adam; məhbus.
Dustaqlar gözdən qeyb olanacan camaat dallarınca baxırdı.
Qadın yalnız dustaqlara deyil, bəzən üç nəfər qarovul üçün də yemək gətirirdi.
Məşədi Şərəf danışdıqca Qüdrətov yazır, hərdən dayanıb dustağın sifətinə baxırdı.
// məc. Məhbus kimi oturub evdən bayıra çıxmayan, xarici aləm, cəmiyyət ilə əlaqəsi olmayan adam haqqında.
[Nina Xumara:] Daima evdə, sanki bir dustaq; Nə olur bir çıxıb hava alsaq!
// klas. Əsir mənasında.
Bülbüli-şeyda gülün, pərvanə şəmin dağıdır; Binəva könlüm, ki bir dilbilməzin dustağıdır.
□ Dustaq etmək (eləmək) – həbs etmək, həbsə salmaq, azadlıqdan məhrum etmək;
// məc. bir yerə salıb nəzarət altında saxlamaq, bayıra çıxmağa qoymamaq.
Qaraca qız duydu ki, [mürəbbiyə] Ağca xanımı evə salıb dustaq etdi.
[Səfər:] İndi bir ay, üç həftə, iki gündür ki, [Səriyyəni] burada dustaq eləyiblər.
Dustaq olmaq – məhbus olmaq, həbsə düşmək, həbsə salınmaq, dustaqlıqda olmaq.
İl yarım dustaq olandan sonra qurtarıb gəldi və başladı evlərdə mərsiyə oxumağa.
[Reyhan:] Həm insafdırmı, Elçinin anası, əlsizayaqsız bir qadın zindanlarda dustaq olsun?… ;
// məc. dustaq kimi bir yerdə oturub bayıra çıxmamaq, yaxud bu və ya başqa səbəbə görə bayıra çıxa bilməmək.
2. Həbsxana, həbs, qazamat, həbs yeri, dustaqlıq.
[Qubernator:] Dustaqdan bir şey çıxmaz, burada qan lazımdır.
Dustaqdan qayıtdı, görmədi qızı; Qaldı ürəyində hər söz, hər arzu.