Yeni Füyuzat (jurnal)
"Yeni füyuzat" jurnalı (az-əbcəd. یئنی فیوضات) — həftəlik ictimai-siyasi, ədəbi, şəkilli jurnal. 1910 il oktyabrın 18-dən 1911 il martın 15-dək Bakıda Azərbaycan dilində nəşr edilmişdir. Cəmi 21 nömrəsi çıxmışdır.
"Yeni füyuzat" 1910–1911-ci illərdə Bakıda Azərbaycan dilində nəşr edilən həftəlik ədəbi, siyasi, ictimai illüstrasiyalı jurnal. Jurnalın naşiri və məsul redaktoru Əlipaşa Hüseynzadə (Səbur), baş redaktoru Əhməd Kamal idi. Jurnal Azərbaycan milli burjuaziyasının mənafeyinə xidmət edirdi. "Yeni füyuzat"ın səhifələrində M. Ə. Sabir, Ə. Qəmküsar, A. Şaiq, Ə. Kamal, Ə. Münzib, Axund Yusif Talıbzadə, Ə. Hüseynzadə, Namiq Kamal, Əli Mişan, Məhəmmədsadıq Axundov, Ə. Səbri Qasımov və başqalarının bədii və publisist yazıları dərc olunmuşdur. 1911-ci il martın 19-da bir çox Azərbaycan jurnalistləri həbs edilmiş, jurnalın naşirinin və baş redaktorunun evində axtarış aparılmış, naşir və məsul redaktor Əlipaşa Hüseynzadə Həştərxana sürgün olunmuş, baş redaktor Əhməd Kamal isə Rusiya hüdudlarından çıxarılıb vətəni Türkiyəyə göndərilmiş, bununla da "Yeni füyuzat"ın fəaliyyəti dayandırılmışdı.
2010-cu ildə jurnalın bütün materialları transliterasiya edilərək kitab halında nəşr edilmişdir.