Füyuzat

"Füyuzat" jurnalı (az.-əski. فیوضات‎) — ictimai jurnal. Bir il ərzində 32 sayı işıq üzü görüb.[2][3][4][5]

Füyuzat
az.-əski. فیوضات
Baş redaktor Əli bəy Hüseynzadə
Növ ictimai jurnal
Təsisçi
Təsis tarixi 1 (14) noyabr 1906
Nəşrini dayandırıb 1 (14) noyabr 1907
Ölkə
Qərargah
Dil Osmanlı dili[1], Azərbaycan dili
fuyuzat.az

"Füyuzat" kəlməsi mənşəcə ərəb sözu olub, sözlük mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyzyab olmaq deməkdir.

"Füyuzat" jurnalının 1-ci nömrəsi 1906-cı il noyabrın 1-də nəşr olunub. Jurnalın sponsoru maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyev idi. Jurnalın səhifələrində onun baş redaktoru Əli bəy Hüseynzadə ilə birgə Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi.

XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər.

"Füyuzat" jurnalı füyuzatçılıq jurnalistika məktəbindən əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynadı.

Tolstoy, Höte, Russo, Monteskye kimi görkəmli simalar haqqında nisbətən ətrafılı və dəqiq məlumatı Azərbaycan oxucuları ilə ilk dəfə bu jurnalda çap olunan məqalə və tərcümələrdən almışdılar.

Ə. Hüseynzadənin başçılıq etdiyi "Füyuzat" jurnalı və eyniadlı ədəbi cərəyan əsrimizin əvvəllərində Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında ciddi xidmətlər göstərmişdir. Ayrı-ayrı ədəbi-ictimai problemlərə münasibətlərində, xüsusən dil məsələsində "Füyuzat" və Cəlil Məmmədquluzadənin başçılıq etdiyi "Molla Nəsrəddin" ədəbi məktəbləri arasında ciddi fikir ayrılığı vardı. Lakin, füyuzatçılar da xalqı maarifləndirmək, onda öz tarixinə, çağdaş durumuna gözüaçıq münasibət oyatmaq, mədəniyyəti və elmi yaymaq sahəsində geniş fəaliyyət göstərmişlər.

Jurnalın ilk sayında məram və məqsədlərini açıqlayan Əli bəy Hüseynzadə "Həyat və meyli-füyuzat" məqaləsində füyuzat kəlməsinin mənasını açıqlayaraq yazırdı:

" Məcmuəmizə "Füyuzat" adı təsadüfi verilmiyor, bu nam həyatdan təbii olaraq təvəllüd ediyor... "Füyuzat" ləfzon "feyz"in cəmil-cəmi olub rifah və bərəkətə, bolluğa, maddi və mənəvi nemətlərin bolluğuna, tərəqqiyyat və kəmalatın şəniəyyi-təcəllisinə dəlalət edərsə də, fəqət əsl məfhumu səadət və ələlxüsus səadəti-mənəviyyədir, həqiqi zövq və səfalərdən ibarət bir səadəti-mənəviyyədir. Həyat isə mənayi batinisilə daimi bir meyli-səadət, bir meyli-füyuzatdır. "

"Füyuzat" kəlməsi ərəbcə "feyz" sözündən olub lüğəvi mənası bolluq, bərəkət, nemət, müvəffəqiyyət, xeyir fayda, ləzzət, həzz, həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, zövq, feyz almaq, feyzyab olmaqdır.[2][3][5]

"Həyat" qəzetinin 1906-cı il sentyabr ayının 3-də çıxan sonuncu sayında belə bir elan vardı:

" Həyat qəzetəsi bu gündən etibarən tətil etdiyi üçün yerinə Fyuzat namı ilə ədəbi, fənni, ictimai, siyasi bir həftəlik məcmuə intişara başlayacaqdır. "

"Füyuzat" Əli bəy Hüseynzadənin baş redaktorluğu, maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin maddi vəsaiti hesabına 1906-cı ilin noyabr ayının 1-dən Bakıda nəşr olunmağa başladı. "Ədəbi, fənni, siyasi, ictimai, müsəvvər həftəlik türkcə məcmuəyi-islamiyyə" olan Füyuzat redaksiyası Nikolayevski küçəsində Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşirdi. İllik abunə haqqı 6 manat, 6 aylıq isə 3 manat 50 qəpik idi.[2][3][4][5]

"Füyuzat" Ə. Hüseynzadənin "Həyat" qəzetinin sonuncu sayında "Vidanamə" başlıqlı məqaləsində göstərdiyi kimi "qüdrətli, ədəbi qələm sahiblərinin cəm" olduğu nəşr kimi diqqəti çəkdi. Bəzi tədqiqatçılar, ədəbiyyatşünaslar 1905–1910-cu illər arasında Azərbaycan ədəbiyyatı barəsindəki fikirlərini cəmləşdirərək bu dövrü "Əli bəy və "Füyuzat" dövrü adlandırırlar. Jurnalist yaradıcı heyətinə daxil olan Abdulla Şaiq "Füyuzat"ı "islam aləmində görünməmiş ən möhtəşəm mətbuat orqanı" kimi dəyərləndirirdi. Mətbuatədəbiyyat tarixinin araşdırıcısı, MEA-nın müxbir üzvü, professor Əziz Mirəhmədov XX əsrin əvvəllərində yaranan ictimai, siyasi və mədəni hərəkatı öyrənmək zərurətini lakonik şəkildə belə ifadə edir:

" XX əsr ədəbiyyatını nəinki Molla Nəsrəddinsiz, habelə “Fyuzat”sız təsəvvür etmək çətindir. "

"Füyuzat" məcmuəsi XX əsrin 30-cu illərinədək Cəlil Məmmədquluzadə, M. Hadi, A. Şaiq, M. S. Ordubadi kimi böyük ədiblər tərəfindən yüksək qiymətləndirilmişdi. Lakin 1930-cu illərdən 1990-cı illərədək mətbuat və ədəbiyyat tariximizə həsr olunan elmi tədqiqatlarda, publisistik yazılarda "mürtəce mətbu orqan" kimi təqdim olunmuşdur. 1990-cı illərdən sonra professor Şamil Vəliyev, filologiya elmləri namizədi Ofelya Bayramlı, Rasim Kazımoğlu və b. Füyuzat irsini öyrənmiş, elmi monoqrafiyalar, tədqiqat əsərləri çap etmişlər. O. Bayramlı tərəfindən "Füyuzat"ın çap olunduğu 32 sayı ərəb qrafikasından transleterasiya edilib 492 səhifə həcmində nəşr olunmuşdur.

Jurnal Azərbaycanda neoromantizmi yaradan mətbuat orqanı kimi xarakterizə olunur. "Füyuzat"da Əli bəy Hüseynzadənin yazdığı məqalələrdən birində deyilirdi:

" Bizə fədai lazımdır! Türki hissiyyatlı, İslam etiqadlı, Avropa (müasir) qiyafəli fədai! "

Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və "Təzə həyat", "İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi", "İqbal", "Sədayi-həqq", "Şəlalə", "Açıq söz", "Bəsirət", "Qurtuluş", "Dirilik", "Azərbaycan", "Övraqi-nəfisə" və s. mətbuat orqanları tərəfindən "türkləşmək, islamlaşmaq, müasirləşmək bərabərdir azərbaycançılıq" şəklində formulə edilərək təbliğ olundu.[5]

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır. "Füyuzat" jurnalı füyuzatçılıq jurnalistika məktəbindən əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynadı.[4][5]

Çar Rusiyasının monarxizmi və müstəmləkəçilik əleyhinə mübarizə aparan "Füyuzat"çılar rus inqilabçı-demokratları, türk tənzimatçıları, İran məşrutəçiləri və başqalarının yeni cəmiyyət quruculuğu təcrübəsindən istifadə edir, Azərbaycanda demokratizmin qələbəsinə çalışır, ictimai həyatda, milli ədəbiyyat və mədəniyyətdə islahatların-reformaların aparılmasını məqsəd bilirdi.[4][5]

Bu mənada "Füyuzat" və füyuzatçıların məşğul olduğu əsas problemləri qısa şəkildə belə təsnif etmək olar: türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək), azərbaycançılıq; demokratik axtarışlar; neoromantik ədəbiyyatın yaradılması; füyuzatçı jurnalistika məktəbinin təsisi; dildə, fikirdə, işdə birlik konsepsiyasına əsaslanan ortaq türk dili, ədəbiyyatı və mədəniyyətinin yaradılması. "İttihad və tərəqqi" ideyasını yürütmək və Turançılığı təbliğ etmək, ictimai-siyasi şüurda reformaların aparılması, parlament və konstitusiya əsasında özünüidarə formasının yaradılması, yenilikçilik hərəkatını gücləndirmək, söz və mətbuat azadlığını müstəqil dövlət, sivil cəmiyyət və bütöv vətən ideyasına paralel şəkildə inkişaf etdirmək və s.[4][5]

"Füyuzat" və füyuzatçıların milli-tarixi və ictimai-siyasi xidmətləri sırasında qeyd etmək vacibdir ki, onlar ənənəvi epiqon-birtipli düşüncə tipindən imtina edir, yalnız "köhnə müsəlman" (M. Ə. Sabir) olaraq qalmır, Şərq və Qərb elmi-nəzəri fikri, ədəbiyyat və mədəniyyətləri arasında sərhədlər çəkmir, əksinə, onların dialoquna meydan açırdılar. Bu və digər səbəblərdəndir ki, Ə. Hüseynzadənin irsi və onun formalaşdırdığı füyuzatçılıq hərəkatının tarixi təcrübəsi indiki dünyaya inteqrasiya zamanında mühüm aktuallıq kəsb edir.[4][5]

Ə. Hüseynzadənin hələ "Füyuzat"ın nəşrindən əvvəl təbliğ və şərh etdiyi "türklük, müsəlmanlıq və avropaçılıq" şüarı, mahiyyət etibarilə bu gün ictimai həyatımızda özünə yer tapan "azərbaycançılıq, müsəlmançılıq və müasirlik" doktrinasının yaranmasında mühüm rol oynadı. Ə. Hüseynzadənin başçılıq etdiyi "Füyuzat" jurnalı və eyniadlı ədəbi cərəyan əsrimizin əvvəllərində Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında ciddi xidmətlər göstərmişdir.

Əks olunan mövzular

[redaktə | mənbəni redaktə et]

Dövrün ədəbi, siyasi qüvvələri məhz bu dərginin ətrafında toplanaraq XX əsrin ilk onilliyində milli şüurun, milli özünüdərk prosesinin aparıcılarına çevrildilər və füyuzatçılıq adlı siyasi, ədəbi cərəyanın intişarına xidmət etdilər. Füyuzatçılıq ilk növbədə çarizmə, əsarətə, istibdada qarşı çevrilmiş və türk xalqlarının mənəvi birliyinin təcəssümü olan turançılıq ideologiyasının daşıyıcısıdır. Bu ideologiya utopik düşüncələrdən, fikirlərdən qaynaqlanmırdı, tarixin reallıqlarından, milli özünüdərk prosesindən doğurdu.

Bu ideologiyanın məqsədi milli istiqlal uğrunda mübarizə aparan türk xalqlarının milli şüurunu "türkləşmək, islamlaşmaq, avropalaşmaq" istiqamətində oyatmaq, inkişaf etdirməkdən ibarət idi. Füyuzatçılıq, həmçinin ədəbiyyatda romantizmin, ortaq türk dilinin, ümumi ədəbi dil siyasətinin, islamçılığın, milli məsələlərdə farslaşma və ruslaşmaya qarşı türkçülük ideologiyasının təbliği demək idi.

Əli bəy Hüseynzadə jurnalda bu ideologiyanı elmi-nəzəri cəhətdən əsaslandırır, "Turani", "Füyuzat"ı, "Həyat"ı, "Şair Naim", "Dəli Şair" imzaları ilə dərc etdiyi yazılarda füyuzatçılığın başında dayanırdı. Azərbaycanda yaranan bu məfkurənin ideoloqu kimi Əli bəy Hüseynzadə "dünyanın bütün ümum və fünunun hər növünü ədəbiyyat və sənayeyi-nəfisənin hər şöbəsini tamamən əhatə etmiş və tətbiqə müvəffəq olmuş fövqəlbəşər" idi.

Ə. Hüseynzadə tərəqqi proqramına islamlaşmaq və avropalaşmaq məramlarını daxil etmişdi. İslamlaşmaq onun ortaya qoyduğu tərəqqi proqramının ideya-nəzəri əsaslarından biri idi. Mütəfəkkirin aydın nəzəri proqramına görə məzhəb və dinlər türkləri bir-birlərindən ayırmamalıdır, əgər onların elm və mədəniyyətləri tənəzzül etsə, türklər yalnız "dini-islam ilə müqəddəyin, ərəb elmi ilə mütəllim, ərəb mədəniyyəti ilə mütəməddin olduqları halda əsla ərəbləşməyib, yenə "türk oğlu türk kimi" qalmalıdırlar.

İslama ehkam kimi yanaşmayan Ə. Hüseynzadə milli intibahı dini intibahla bir arada götürürdü. Əgər türkləşmək məramı ilə türk dilini, tarixini, ədəbiyyatını öyrənməyini tələb edirdisə, islamlaşmaq məramı ilə islam dininin ümumbəşəri, ali, mənəvi-əxlaqi dəyərlərinin öyrənilməsini istəyirdi. Bu baxımdan o, islamlaşmağı milli tərəqqi proqramına daxil etmişdi. Ciddi şəkildə dini islahatların aparılmasının lazımlılığını önə çəkən Ə. Hüseynzadəyə görə, ilkin islama qayıdılmalı, tərəqqiyə doğru addım atılmalıydı. Əks təqdirdə əsl dini həqiqətləri, hikmətləri ortaya çıxarıb bərpa etmək mümkün olmayacaqdı. Ona görə də bu cür islahat islamın əsl mahiyyətini ortaya qoyacaq, müxtəlif şərhlərdən, təhriflərdən islam xilas olacaqdı.

Avropalaşmaq Ə. Hüseynzadənin milli tərəqqi proqramına daxil edilmiş əsas məramlardan, ideoloji istiqamətlərdən biri idi. O, xalqa bu ideyanı təbliğ etməklə Avropa elmtexnikasını, sənayesini öyrənmək və öz həyati işlərində tətbiqini nəzərdə tutur və yazırdı:

" Tərəqqi və təməddün həvəsində olan hər bir millət öz milli üdəba və üləmasının əsərlərilə kifayətləndikcə çox da irəliyə doğru gedə bilməz... Bir ingilis, bir fransız, bir alman, bir italyan ibn Rüşdün, Əbu Əli Sinanın, Fərabinin, Firdovsinin, Sədinin, Mollayi-Ruminin, İmam Təzaminin asarından feyzyab olmağa, bu kimi üləmaya-tərcümə, şərh və təfsirlər vasitəsilə öz millətlərinə mal edilməyə çalışdıqları halda bizə də lazımdır ki, onların Laplasları, Laviazi yerləri, Russoları, Pastorları, Nyutonları, Spenserləri, Edissonları, Rentgenləri, Marksları, Ginnesləri vasitəsilə öz maarifimizi, öz ana dilimizdə olan kitabxanaları təzyiqə çalışalım. Cəhalətin, təəssübün kökünü ancaq bu vasitə ilə qurutmaq, söküb atmaq olar. Başqa yol yoxdur. "

"Füyuzat"ın səhifələrində avropa şairyazıçılarının əsərlərinin tərcüməsinin çapı da bu məqsədə xidmət edir. Tolstoy, Höte, Russo, Monteskye kimi görkəmli simalar haqqında nisbətən ətrafılı və dəqiq məlumatı Azərbaycan oxucuları ilk dəfə bu jurnalda çap olunan məqalə və tərcümələrdən almışdılar.[4] Hötenin "Faust"u, Şeksprin "Yuli Sezar"ı Azərbaycan türkcəsinə tərcümə olunur, Avropa mədəniyyəti təbliğ edilirdi. Ə. Hüseynzadə onu "avropalaşalım" şüarında günahlandıranlara cavab verərək yazırdı:

" İndi bizə derlər ki, madam ingilislər, firənglər, filanlar böylə imişlər nə üçün siz də ... "Fyuzat"ımızda ingilislərə, firənglərə müraciət ediyorsunuz. Ortaya gah Hötenin "Faustu"nu, gah Şeksprin "Yuli Sezar"ını, gah nə bilim hanki avropalının hanki əsərini çıxarıyorsunuz? Avropalaşalım, firəngləşəlim

diyorsunuz? Lakin ey qare! Müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ülum və maariflərinə kəşfiyyat və ixtiraatlarına müraciət etmək istiyoruz, özlərinə deyil. Biz istiyoruz ki, islam ölkəsinə onların beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin. Biz istiyoruz ki, ölkəmiz onların beyinlərini həzm etsin.

"

Bunlardan əlavə bir çox TürkiyəRusiya ədiblərinin əsərləri tərcümə və iqtibas olunurdu. Məcmuədə bir çox rəsmlər və görünüşlər dərc olunurdu.[2]

"Füyuzat" türk xalqları arasında dil, din birliyini təşkil etməklə, Avropanın elmi yeniliklərini həzm etməklə tərəqqiyə, milli yüksəlişə nail olmağın salnaməsini yaratdı. Bütün təhdid, təzyiqlərə baxmadan "Füyuzat"çılıq ideyasını cəmiyyətə sirayət etdi.

"İcmal" məqaləsində Əli bəy Hüseynzadə öz ömrünü başa vurub yerini "Füyuzat"a vermiş "Həyat" qəzetini xatırlayır və "Həyat"ın "yoxluğundan keçən" iki aya qədər bir vaxtda baş verən ictimai-siyasi hadisələri diqqətə gətirirdi. Avropada, İranda, Osmanlı dövlətində və Qafqazdakı siyasi vəziyyətə toxunan müəllif yazırdı:

" İnqilabçılar qüvvətlərini, hökumət isə niyyətlərini gizlətməyə qeyrət ediyorlar... Gizli, fəqət şiddətli bir mübarizənin əlami meydanıdır. "

Birinci nömrədə Əli bəy Hüseynzadə "Tolstoyluq nədir?" məqaləsini də dərc etdirmişdi.[2]

"Füyuzat"ın 2-ci sayında "Vəqayeyi aləmə bir nəzər" məqaləsində inqilabın silahlı mübarizə yolunu qəbul etməyərək yazırdı:

" Həqiqi vətənpərvərlər heç nədən çəkinməməlidirlər. Əldə qan tökməyəcək çarələr var ikən xunrizanə vəsaitə müraciət etmək əbəsdir. "

Həmçinin 2-ci nömrədə Həsən Səbri "Həyat" qəzetəsinin bağlanması və Füyuzatın intişarı ətrafında bir məqalə dərc edərək Füyuzatın yol azanlara yol göstərəcəyinə ümid ediyordu.[2]

Jurnalın 3-cü sayında dərc etdirdiyi "Şüunat" məqaləsində türk xalqlarının azadlıq yolunu təkamüldə görürdü:

" Bu yolda biz hürriyyət, ədalət, müsavat deyə-deyə, fəryad edə-edə qanuni-əsasiyə doğru yüksələrək tərəqqi edəcəyik. "

Bu ideyanın daşıyıcısı olduğuna görə "inqilabın qızğın çağında" xalqı mübarizələrdən çəkindirdiyi ittihamı ilə Ə. Hüseynzadəyə basqılar olurdu. Ə. Hüseynzadə bu təzyiqlərə davam gətirir, düşüncələrini belə izah edirdi:

" Kim deyir bitərəf olmalı? Xeyr. Əsla bitərəf olmamalı! Bitərəflik ayaq altda qalmaqdır. Su belə yerdə sabit və rakid durmaqdan qorxur. Qorxur, çünki qoxuyar, kiflənər, yosun bağlar. Təmis və salim olmaq üçün su bir lərəfə axmalı, cərəyan etməli, ya heç olmazsa, dərya kimi ləpələnməlidir. "

"Füyuzat" yalnız ədəbi orqan kimi nəşr olunmamış, dünyada baş verən proseslərə siyasi münasibət bildirmişdi. İlk dəfə Qafqazda yaşayan türklərin istiqlal bəyannaməsi məcmuənin 7-ci sayında elan olunmuşdur:

" Biz qafqazlıyız - Qafqaz əhlinin öz ümumi idarəsinə özü baxa bilmək üçün lazım gələn muxtariyyət tələb edirik. "

Bu, Azərbaycanın istiqlalına gedən yolun başlanğıcını müəyyənləşdirən tezis idi. Ədəbi məcmuə olmaqdan daha çox "Füyuzat" türk xalqlarının həmrəyliyini, milli ideologiya ətrafında birliyini, siyasi hüquqlarını müdafiə edən mətbu orqan idi. Ona görə də ilk sayını müxtəlif coğrafiyada yaşayan türklər sevinclə qarşılayır, arzu və istəklərini redaksiyaya göndərirdilər. Məsələn, Tatarıstandan Həsən Səbri Ayvazov yazırdı:

" Qafqas qitəyi-mübarəkəsi heç mücahidsiz qalırmı? Cahanın on qaranlıq, aləmi-bəşəriyyətin ən vəhşi zamanlarında belə Qafqas əqtari-ərzə nur saçıyordu. Millətimin bugünkü gündə bəlkə yüz dərəcədə cahil bulunan bir zamanında Rusiya müsəlmanları arasında mətbəəyi-islamiyyə ilk Qafqasda açılmışdı. "Əkinçi"lər, “Kəşkül”çülər Qafqas övladları, Qafqas qəhrəmanlarıdır. "

"Füyuzat"ın 7-ci sayında dərc olunan başqa bir məqalədə isə Türkiyədən yazırdılar:

" "Füyuzat" meydani-intişara qopuldu. Bizə bu lazım idi. "Füyuzat" mənbəyi-feyz və kəmalatdır. “Füyuzat”ın yolu ilə Asiya qövmünün və Rusiya müsəlmanlarının məsud və bəxtiyar olmalarını təfaül edəriz. "

Milli məsələlərin mətbuatda təbliğinə mane olmağa çalışan çarizmin Azərbaycandakı hakim qüvvələri jurnalın ideya-siyasi istiqamətindən qorxuya düşürdü. Çünki məcmuənin ideoloqu, Ə. Hüseynzadə "İttihada doğru tərəqqi" proqramını irəli sürür, türk xalqlarının ictimai-siyasi fikir tarixində yeni bir səhifə açırdı. "İttihad və tərəqqi" məramı və bu iki anlayış Əli bəy Hüseynzadənin milli-azadlıq uğrunda apardığı mübarizənin qayələri idi.

Bu mərama sadiqlik Əli bəyin 1889-cu ildə Türkiyədə təşkil edilən "İttihad və tərəqqi" Cəmiyyətinin qarşıya qoyduğu ideyalardan doğurdu. Türk xalqlarının ilk siyasi təşkilatı kimi formalaşan "İttihadi- Tərəqqi"nin formalaşmasında, cəmiyyətin aparıcı siyasi strukturuna çevrilməsində Ə. Hüseynzadənin böyük xidmətləri olmuşdu və onun 39 yaşında Türkiyədən Bakıya dönməsi bu ideyanın Azərbaycan cəmiyyətinə aşılanması məqsədini daşıyırdı. 1907-ci ildə "Füyuzat"ın 7-ci sayında Ə. Hüseynzadə təşkilatın məram və məqsədlərinə bir neçə anlayış daxil edir, problemi "Maarif, ittihad, hürriyyət" şəklində qoyur və yazırdı:

" Bəşəriyyətin kəşf etdiyi hürriyyətə və kamil ədalətə nail olmağın yolu budur. "

Tərəqqinin mahiyyətinə varan və bu anlayışın siyasi-sosial məzmununu açıqlayan müəllif siyasi-publisistik məqaləsində sual verirdi:

" Biz deyiriz ki, tərəqqi edəlim, əvvələn bir millətin tərəqqisi nədən ibarətdir? Məqsəd və qayəsi nədir? Daha doğrusu, nə olmalıdır? "

Ə. Hüseynzadə verdiyi bu suallara tərəqqinin aktuallığından, mahiyyətindən çıxış edərək cavab verir və yazırdı:

" Bu suallara hər kəs öz elm və vüqufu ələlxüsus öz mənfəəti dairəsində bir növ cavab verə bilir. "

Dövrün əksər ziyalıları tərəqqini azadlıq məsələsindən tamamən ayrı götürürdü və Ə. Hüseynzadənin düşüncələri ilə ziddiyyət təşkil edirdi. Böyük mütəfəkkir "Füyuzat"da toxunduğu bu məsələyə konkret cavab verirdi:

" Tərəqqinin məqsədi, qayəsi ümumi rifaha və səadətə nail olmaqdır. "

O halda bu rifah və səadətin nədən ibarət olduğunu təyin etmək lazımdır. Rifah və səadət bir məmləkətdə əsla ac və möhtac bulunmayıb, hər kəsin hər xüsusda bir bolluq içində yaşaması, sərvətin əhali arasında bərabər və ədalət üzrə bölünməsidir. Tərəqqinin mahiyyətinə uyğun olan bu məqsəd inqilabçı- demokratların da yaradıcılığının əsasını təşkil edirdi. Lakin bu məqsədin həyata keçirilməsində ziyalılar arasında ciddi fikir ayrılıqları vardı. Ə. Hüseynzadə tərəqqi anlayışı ilə hürriyyət və maarif anlayışlarını vəhdətdə görürdü və deyirdi:

" Tərəqqi bir millətin, bir camaatın arasında hürriyyət və maarifin təzayid və intişar etməsindən ibarətdir və hansı millət arasında hürriyyət və maarif nemətlərindən daha çox əfrad və bəhrayab isə o millət daha mütərəqqidir. "

Müəllifin "hürriyyət və maarifi" vəhdətdə götürməsi onun bu məsələdə tutduğu siyasi mövqedən doğurdu. Çünki Ə. Hüseynzadə mövcud quruluşun inqilabi yolla deyil, təkamül yolu ilə dəyişdirilməsinin, inkişafının və tərəqqisinin tərəfdarı idi.

"Füyuzat" məcmuəsinin 8-ci nömrəsində "Əkinçi" qəzetinin təsisçisi Həsən bəy Zərdabinin də "hifz-səhhətə" dair elmi, fənni bir məqaləsi var idi. Lakin bu məqalə yarımçıq qalmışdı.[2]

Jurnalın ətrafında dövrün görkəmli ədəbiyyat xadimləri, publisistləri toplaşmışdı. Jurnalın səhifələrində onun baş redaktoru Əli bəy Hüseynzadə ilə birgə Məhəmməd Hadi, Hüseyn Cavid, Axund Yusif Ziya Talıbzadə, Abdulla Şaiq, Məhəmməd Əmin Rəsulzadə, Abdulla Sur, Əhməd Kamal, Əhməd Raiq, Abbas Səhhət, Həsən Səbri Ayvazov, İbrahim Tahir, Sabir Tahirzadə, Əli Ağa Həsənov, Səid Səlmasi, Ə. Səbur, Mirzə Ələkbər Sabir, Ə. Hamidin, A. Cövdətin, Səid Səlmasi, Abdulla Şaiq, Tofiq Fikrət kimi qələm sahiblərinin müxtəlif mövzulu yazıları dərc edilirdi.

Jurnalın əsas müəllifləri: Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq.[2][4][5]

"Molla Nəsrəddin" və "Füyuzat"ın müqayisəsi

[redaktə | mənbəni redaktə et]

XX yüzilin əvvəlində Azərbaycan ziyalıları iki mətbuat ətrafında birləşmişdilər : 1."Molla Nəsrəddin". 2."Füyuzat". Lakin bu iki mətbuat orqanı arasında süni ayrılıq, hətta düşmənçilik yaradılmış və onlar əkscəbhəli jurnallar kimi səciyyələndirilmişdir. Əslində, onların hər biri özünün məqbul hesab etdiyi yolla xalqa xidmət etmişdir. XX yüzilin əvvəlində Azərbaycan mədəniyyətinin yetişdirdiyi böyük şəxsiyyətlərin – Əli bəylə Mirzə Cəlilin məqsədi eyni, üslubu isə müxtəlif idi.[3]

"Füyuzat"çılarla "Molla Nəsrəddin"çilər arasında ideya baxımından fərqliliklər olsa da, oxşarlıqlar da yox deyildi. Azərbaycan xalqının maarifə, tərəqqi yoluna və çar rejiminin iztirablarına qarşı mübarizəyə çağırışında fərqliliklər yoxdur. Sadəcə, Cəlil Məmmədquluzadə inqilabçı-demokratizmin, Ə. Hüseynzadə isə təkamül yolu ilə inkişafın, dəyişikliklərin tərəfdarı idi. "Molla Nəsrəddin" realistlərin məfkurə, sənət dünyasının təşəkkülündə hansı işləri görmüşsə də, "Füyuzat" Azərbaycan ədəbiyyatında, bədii-estetik fikrində romantizmin əsasını qoymuş, M. Hadi, H. Cavid, A. Şaiq, A. Səhhət kimi qüdrətli ədiblərin yetişməsində əvəzsiz xidmət etmişdir.[2]

Dil məsələsi

[redaktə | mənbəni redaktə et]

"Füyuzat" bir çox ədəbiyyata, tarixə, siyasətə, ictimaiyyətə, dinə aid, lisanə aid məqalələr ilə dolu idi və tamamilə Osmanlı türkcəsini əsas tutaraq demək olar ki, dil xüsusunda bir "tovhidlisan" siyasətini yürüdürdüsə də, lakin əsas dil olaraq osmanlıcayı qəbul etdiyi üçün o dili bilməyən, ancaq tərəqqi etmək istəyən yenilər arasında belə iki cərəyanın oyanmasına səbəb olmuşdur.[2]

XX yüzilin əvvəlində dilə münasibətdə iki istiqamət var idi, Azərbaycan ədəbi dili ümumxalq dili və klassik üslubun, türk ədəbi dilinin təsiri ilə "ziyalı dili" -"lisani ədəb" yönlərində inkişaf edirdi. "Füyuzat"ın dili son dərəcə ədəbi idi. Çağdaş mədəniyyətə yiyələnmək üçün mübarizə nəticəsində meydana gələn "dil birliyi" ideyası ilk dəfə proqram şəklində "Füyuzat" jurnalında irəli sürülmüşdür. "Füyuzat" jurnalı Azərbaycan mətbuat üslubuna elmi-fəlsəfi xarakter gətirmişdi.[3]

"Füyuzat" 1907-ci ilin 1 noyabrına qədər davam etmiş və bu müddət ərzində 32 nömrəsi çıxmışdır. Axırıncı 32-ci nömrədə "Pərdə eniyor" adlı son məqaləsi ilə oxucularına "əlvida!" demiş, sonuncu nömrənin üz qabığının arxasında verilmiş belə bir elanla mətbuat aləmini tərk etmişdir:[2][3][4][5]

" "Bəzi əsbaba məbnu "Füyuzat" müvəqqəti olaraq bu gündən etibarən tətil ediləcəkdir. 32 nömrəyi təkmil almış olanlar on gündə bir nömrü hesabilə bir sənəlik abunələrini təkmil almış olurlar. Abunə bədəllərini tadiyə edib də 32-dən

əskik nüsxə almış olanların abunə bədəllərindən idarədə qalmış olan haqları tələb və ixtiyarlarına görə ya özlərinə iadə olunacaq, yaxud o haqlarına müqabil "Tazə həyat" və "Kaspi" göndəriləcəkdir.

"
  1. Baykal, Erol A. F. The Ottoman Press (1908-1923) (ing.). Leiden: Brill, 2019. ISBN 978-90-04-39488-9, 978-90-04-39486-5 doi:10.1163/9789004394889
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 "Аzərbaycan mətbuatı tarixi" (PDF) (az.). anl.az. 5 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 may 2021.
  3. 1 2 3 4 5 6 ""Füyuzət" jurnalı və dil problemləri" (PDF) (az.). anl.az. 8 March 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 may 2021.
  4. 1 2 3 4 5 6 7 8 9 "Füyuzat – 110 illiyi" (PDF) (az.). goychay.cls.az. 8 March 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 may 2021.
  5. 1 2 3 4 5 6 7 8 9 10 "Əli bəy Hüseynzadə və füyuzatçılıq]" (az.). azerbaijan-news.az. 11 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2021.
  • Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). "Azərbaycan mətbuatı tarixi" (1875–1920), Bakı "Elm və Təhsil", 2009 – 76–81 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]