Orxan Camal
Orxan Camal (rus. Орхан Джемаль; 12 noyabr 1966, Moskva – 30 iyul 2018) — Azərbaycan əsilli rusiyalı jurnalist və ictimai xadim.
Orxan Camal 12 noyabr 1966-cı ildə Moskva şəhərində anadan olub. O, rəssam Cövdət Camalın nəvəsi, şərqşünas-islamşünas yazar Heydər Camalın isə oğludur. Orxan Rusiya paytaxtındakı Serqo Orconikidze adına Moskva geoloji kəşfiyyat institutunun məzunudur. 1988-ci ildən televiziyada çalışıb, "Zdorovye" (rus. Здоровье) kimi məşhur teleproqramın rejissoru olub. Sonrakı dövrdə öz ixtisası üzrə işləmiş Orxan 1995-ci ildən jurnalistika ilə məşğul olmağa başlayıb. Onun imzası "Veçernyaya Moskva", "Veçerniy kuryer", "Nezavisimaya qazeta", "Novaya qazeta", "Versiya" kimi nəşrlərdə görünüb. Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq, Liviya kimi "qaynar nöqtələr"də, habelə Səudiyyə Ərəbistanında peşəkar fəaliyyətilə tanınan Orxan 2011-ci il avqustun 22-də Liviyada Tripoli uğrunda gedən döyüşlərdə ayağından yaralanıb.