Elmira Hüseynova (heykəltəraş)
Elmira Mehralı qızı Hüseynova (9 fevral 1933, Bakı – 23 yanvar 1995, Bakı) — heykəltaraş, Azərbaycanın əməkdar rəssamı (1967).
== Həyatı ==
Elmira Mehralı qızı Hüseynova 1933-cü ildə Bakıda anadan olmuşdur. Erkən yaşlarından rəsm çəkməyə maraq göstərən Elmira xanım daha sonra rəssamlıq təhsili almaq üçün ciddi çalışmış, beləliklə, 1954-cü ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini, 1960-cı ildə isə İ. Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunu bitirmişdir. O, 1957-ci ildən ölkəmizdə və ittifaq respublikalarında təşkil olunan sərgilərdə iştirak etmiş, heykəltaraşlığın məişət və portret janrlarında çalışmışdır.
Heykəltaraş Elmira Hüseynova 1995-ci il yanvar ayının 23-də Bakı şəhərində vəfat etmişdir.
== Yaradıcılığı ==
Elmira xanım eyni zamanda monumental heykəltaraşlıq sahəsində də fəaliyyət göstərib və özünəməxsus dəst-xət nümayiş etdirib. Onun 1967-ci ildə görkəmli dramaturq Cəfər Cabbarlıya həsr olunmuş sərgidə təqdim etdiyi xatirə lövhəsi (1968) kompozisiya və bədii keyfiyyətləri ilə tamaşaçıların marağına səbəb olmuşdur. Müəllif əsərdə böyük ədibin görkəmini dəqiq, dinamik, işıq və kölgə effektlərini harmonik şəkildə bütövləşdirmişdir.
Heykəltaraşın müxtəlif illərdə ərsəyə gətirdiyi bir-birindən maraqlı nümunələr ideya-sənətkarlıq cəhətdən mükəmməlliyi ilə seçilir. Müəllif əsərlərini əsasən tunc, daş, mərmər, keramika, gips, ağac və epoksid qatrandan hazırlamış, daha çox ağac üzərində işləmişdir.