Hindistan bayramları
Hindistan çoxmillətli və multikultural bir ölkə olduğundan burada müxtəlif dini bayramlar qeyd olunur. Dini bayramlarla yanaşı hazırda 3 rəsmi milli bayram: Hindistanın Müstəqilliyi Günü, Respublika Günü və Qandinin anadan olduğu gün qeyd olunur. Müxtəlif xalqların, etnosların, dinlərin, təriqət və məzhəblərin cəmləşdiyi Hindistanda bayramların çoxluğu tarixən burada bərqərar olmuş rəngarəngliyin nəticəsidir. Hətta ayrıca vilayətin, hər bir dini təriqətin, inancın bayramları vardır. Hindistanın saysız-hesabsız bayramları arasında "Pateti" (Zərdüştlərin Hindistana gəlmələrinin ildönümü) Zərdüştün ad günü, Caisalmerdə Çöl festivalı, Ahmedabadda Beynəlxalq Uçurtma Festivalı Keralada fillərin nümаyişi, Naqaurda dəvə nümayişi, Rishikeshdə beynəlxalq yoqa festivalı, Elephanta аdasında fil bayramı, Ladakhda "Hemis", Caypurda "Teej", Saharanpurda "Manqo" festivalı, Ellora festivalı, Qoa karnavalı, Koçində Beynəlxalq Ədviyyat festivalı (Koçin), Khajurahoda rəqs festivalı, Caypurda "Qanqaur" bаyrаmı, "Qovardhana" inək bayramı, Puşkar Dəvə Yarmarkası (Racəstan) və s. vardır.
== Mövsümi bayramlar ==
Hindistanda əksər bayramlar fəsillərin dəyişməsi, əkinçilik, maldarlıq, sənətkarlıq və s. sahələrlə bağlı olsa da zaman keçdikcə dini motivlə zənginləşmiş, dini mahiyyət daşımağa başlamışdır. Sevgi tanrısı Kamanın şərəfinə keçirilən, indi "Holi" adı ilə tanınan yeni il bayramı (və ya məhsul bayramı) yaz gün bərabərləşməsi zamanı başlayır, həmin gün evdə təmizlik aparılır, evin ətrafı təmizlənir. Bütün kənd icmasının qoşulduğu bayram zamanı kasta fərqləri unudulur, insanlar küçələrə çıxaraq bir-birinin üstünə toz səpir, yaxud rəngli su tökürlər.