Azərbaycan–Hindistan münasibətləri

Azərbaycan–Hindistan münasibətləriAzərbaycan Respublikası ilə Hindistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Azərbaycan-Hindistan münasibətləri
Azərbaycan və Hindistan
 Azərbaycan  Hindistan
Hindistandakı Azərbaycanın səfirliyi
Səfir Elçin Hüseynli[1]
Ünvan Yeni Dehli, Paschimi Marg, 41 Vasant Vihar
Azərbaycandakı Hindistanın səfirliyi
Səfir Sridharan Madhusudhanan[rus.][2]
Ünvan Bakı, Olimpiya küçəsi, 6A
Digər
Quruluş tarixi 28 fevral 1992
Dövriyyə 1,9 mlrd doll. (2022)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Münasibətlərin tarixi

[redaktə | mənbəni redaktə et]

1991-ci il dekabrın 26-da Hindistan Respublikası Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini tanımışdır.

Diplomatik əlaqələr

[redaktə | mənbəni redaktə et]

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 28-də qurulmuşdur[3].

Diplomatik əlaqələr 1992-ci ildə qurulsa da, sonrakı illər ərzində bu iki ölkə arasında əlaqələrin inkişafı yalnız beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlıqla kifayətlənmişdir. Qeyd etmək lazımdır ki, BMT-də Dağlıq Qarabağla bağlı keçirilən səsvermələrdə Hindistan Respublikası 1996 – 1999-cu illərdə Azərbaycanın lehinə səs vermiş, 2000 – 2004-cü illərdə isə bitərəf qalmışdır. 2004-cü ilin sonuncu rübündə Azərbaycan Respublikasının Hindistanda səfirliyinin açılması iki ölkə arasında mövcud olan diplomatik əlaqələrin yüksələn xətlə inkişaf edəcəyinə zəmin yaratmışdır. İkitərəfli əlaqələrə toxunduqda qeyd etmək lazımdır ki, Hindistandan Azərbaycana nazir və nazir müavinləri səviyyəsində bir sıra səfərlər olmuşdur. Eyni zamanda Xarici İşlər Nazirlikləri arasında qarşılıqlı olaraq bir neçə səfər həyata keçirilmişdir.

Bu səfərlər içərisində Hindistanın Neft və Təbii qaz Nazirinin səfəri diqqəti cəlb edir. Hindistanlı nazir səfər zamanı ölkəsinin Azərbaycanda energetika sahəsində həyata keçirilən layihələrdə iştirak etmək niyyətində olduğunu bildirmiş, hindistanlı iş adamlarının Azərbaycanda neft-qaz sahəsinə sərmayə qoymaqda maraqlı olduqlarını vurğulamışdır. Qeyd etmək lazımdır ki, Hindistanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə yanaşı Azərbaycanın bu ölkə ilə TRASEKA və Şimal-Cənub nəqliyyat dəhlizi kimi regional layihələr çərçivəsində də əməkdaşlığı mövcuddur və bu əlaqələrin inkişaf etdirilməsi üçün münbit zəmin vardır. Qeyd etmək lazımdır ki, regionun aparıcı dövlətlərindən biri və regionda nəhəng iqtisadi potensiala malik olan bir ölkə kimi Hindistan Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud iqtisadi münasibətlərin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi imkanları böyükdür və təəssüf ki, bu imkanlardan tam şəkildə istifadə olunmur. Ölkələrimiz arasında farmakologiya sahəsində əməkdaşlıq mövcuddur. Hindistanda farmakologiya sahəsinin inkişaf etdiyini nəzərə alaraq qeyd etmək lazımdır ki, hal-hazırda Hindistan Respublikasından xeyli miqdarda dərman preparatları Azərbaycana idxal olunur.

Azərbaycanla Hindistan arasında mədəniyyət sahəsində də əməkdaşlıq mövcuddur. 1996-cı il 19–20 oktyabr tarixlərində mədəniyyət sahəsində mübadilə çərçivəsində Bakıda hind teatr truppasının tamaşası təşkil olunmuş, 27 sentyabr 2005-ci il tarixində Hindistan kinosu günləri keçirilmişdir. "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə layihəsi üzrə BMTnin Baş Assambleyasında 14 mart 2008-ci il tarixində keçirilmiş səsvermədə Hindistanın qeyd olunan layihənin əleyhinə səs verməsinin Azərbaycan tərəfində anlaşılmazlıq və ciddi narahatlıq doğurmuş, iki ölkə arasında münasibətlərin inkişafına mənfi təsir göstərən hadisə olmuşdur. Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ilk iclasının 2009-cu il 26–27 noyabr tarixlərində keçirilmişdir.

Rəsmi əlaqələrin ardıcıllığı

[redaktə | mənbəni redaktə et]

20–24 yanvar 1995-ci il tarixində Hindistanın sabiq Xarici İşlər Naziri N. Vahranın rəhbərliyi ilə Hindistan nümayəndə heyəti Bakıda səfərdə olmuşdur. Nümayəndə heyətinin tərkibi Parlamentin üzvü Uttar-Pradeş ştatından M. K. Hamid və "Siyasət" qəzetinin baş redaktoru Zahid Ali Xandan ibarət olmuşdur. Səfərin məqsədi və Azərbaycan Respublikasının Xarici İşlər Naziri Həsən Həsənovla görüşün əsas mövzusu, 1994-cü ildə Mərakeşdə keçirilmiş İKT-nin VII Sammitində Azərbaycan və Albaniyanın birgə sponsorluğu ilə Cammu və Kəşmir haqqında təqdim edilən qətnaməyə aydınlıq gətirilməsi olmuşdur.

1995-ci ilin avqust ayında Hindistanın Baş auditoru və BMT Auditorlar Şurasının Sədri S. C. Somaya Bakıda BMT Komitəsinin yerli ofisinin qaçqınlar üzrə işini təftiş etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur. S. C. Somayanın Azərbaycan Respublikası Xarici İşlər Naziri H. Həsənovla görüşü zamanı, Azərbaycan-Hindistan arasında ikitərəfli münasibətlərin gələcək inkişafı və möhkəmlənməsi məsələləri müzakirə olunmuşdur. S. C. Somaya xüsusilə azərbaycanlı mühasiblər üçün Hindistanda kursların təşkil olunmasına öz dövlətinin köməyini Azərbaycan tərəfinə təklif etmişdir.

1997-ci ilin mart ayında Hindistanın Xarici İşlər üzrə Katibi K. Raqhunat və Birgə Katibin səfəri zamanı Azərbaycan və Hindistan Xarici İşlər Nazirlikləri arasında Əməkdaşlıq haqqında Protokol paraflanmışdır.

1997-ci ilin oktyabr ayında Hindistanın Azərbaycandaki Səfiri R. M. Abhyankar Qandi İnstitutunun rəhbərlərindən ibarət qrupla Gəncə şəhərində səfərdə olmuş və burada şəhərin rəhbərliyi, Gəncə şəhəri Texnologiya İnstitutunun rektoru ilə də görüş keçirilmişdir. Görüş zamanı Hindistan tərəfindən kiçik və orta biznes üzrə mütəxəssislərin hazırlanması məqsədilə Texnologiya İnstitutuna yardım məsələsi müzakirə olunmuşdur. Bu proqrama həmçinin, fəaliyyətə yeni başlayan azərbaycanlı iş adamlarına kredit vermək üçün Bakıda Azərbaycan-Hind müştərək bankının açılması da daxil idi. Bunun üçün Hindistan Respublikasının səfiri "Azəriqazbank"-da olmuş və bankın idarə heyəti ilə görüşmüşdür.

1997-ci il dekabr ayında Hindistanın "Dünya Məlumatları" adlı mətbuat agentliyinin redaktoru S. Naqvi öz çəkiliş qrupu ilə Azərbaycanda səfərdə olmuşdur. O, Azərbaycan haqqında televiziya oçerki hazırlamış və Hindistanın ən nüfuzlu televiziya kanalı "STAR TV" ilə Asiyanın 50 ölkəsinə yayımlanmışdır.

1998-ci il fevral ayında Hindistan Xarici İşlər Nazirinin Siyasi Məsələlər üzrə Müavini N. Dayal və Xarici İşlər Nazirliyinin birgə katibi A. Sen Bakıya səfər etmişlər. Səfər zamanı 1998-ci il fevralın 3-də "Hava məlumatı sahəsində Saziş", "İqtisadi və texniki əməkdaşlıq sahəsində Saziş", "Elm və texnologiya sahəsində Saziş" paraflanmışdır.

Hindistan Respublikasının Azərbaycandakı Səfirinin (R. M. Abhyankar) Bakıya çoxsaylı səfərləri zamanı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində bir çox məsələlər müzakirə olunmuşdur. Bu müzakirələr zamanı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Hindistan Respublikasına rəsmi səfərinin təşkil edilməsi əsas mövzulardan biri olmuşdur. Həmçinin Azərbaycan tərəfindən təqdim olunmuş yeni saziş layihələri, Azərbaycan və Hindistan arasında mövcud Sazişlər, Ermənistanla Azərbaycan arasında davam edən münaqişə, Cammu və Kəşmir problemi, Hindistanın Azərbaycanda Səfirliyinin açılması və beynəlxalq təşkilatlarda əməkdaşlıqla əlaqədar bir sıra məsələlər müzakirə edilmişdir.

23–25 iyun 1998-ci il tarixlərində Hindistan Respublikasının Xarici İşlər üzrə Dövlət Naziri V. Race Azərbaycanda səfərdə olmuşdur. Nümayəndə heyətinin tərkibinə, Hindistan Respublikası Parlamentinin üzvü M. Ravale, Xarici İşlər Nazirinin müavini N. Dayal, Hindistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri R. M. Abhyankar, Hindistan XİN-in Birgə Katibi, Mərkəzi Asiya İdarəsinin rəisi A. Sen, Neft-Qaz Şirkətinin sədri B. K. Bora və "İndia Trade Promotion Orqanisation" təşkilatının icracı direktoru və s. daxil olmuşlar. Səfər zamanı bir çox məsələlər müzakirə olunmuş və Hindistan tərəfindən tez bir zamanda Bakıda Səfirliyin açılması arzusu ifadə olunmuşdur. Hindistan tərəfinin fikrincə, bu, iki ölkə arasında münasibətlərin gələcək inkişafına imkan yaradacaqdır. Həmçinin, Azərbaycan Respublikası və Hindistan Respublikası Xarici İşlər Nazirlikləri arasında əməkdaşlığa dair Protokol, Azərbaycan Respublikası və Hindistan Respublikası Hökumətləri arasında İqtisadi və Texniki Əməkdaşlıq sahəsində Saziş imzalanmışdır. Hindistanlı nazir Azərbaycan Respublikasının Prezidenti H. Əliyev, Milli Məclisin spikeri Murtuz Ələsgərov, Baş nazir A. Rasizadə tərəfindən qəbul edilmişdir.

14 sentyabr 1999-cu il tarixində Asiyada qarşılıqlı fəaliyyət və inam Müşavirəsinə üzv ölkələrin Xarici İşlər Nazirlərinin Almatıdakı görüşü çərçivəsində Azərbaycan Respublikasının və Hindistan Respublikasının Xarici işlər nazirləri Tofiq Zülfüqarov və C. Sinqh görüşərək, ikitərəfli münasibətlərin inkişafı haqqında fikir mübadiləsi aparmışlar.

18–19 may 2000-ci il tarixlərində Hindistan Respublikası Xarici İşlər Nazirliyi Mərkəzi Asiya idarəsinin katibi A. Sen Azərbaycan Respublikasında səfərdə olmuşdur. 2000-ci il 18 may tarixində Hindistan diplomatını Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Xələf Xələfov qəbul etmişdir. Görüş zamanı iki ölkə arasında hərtərəfli əlaqələrin genişləndirilməsinə dair danışıqlar aparılmış, Dağlıq Qarabağ münaqişəsi, qaçqınlar və məcburi köçkünlərin problemi haqqında, həmçinin iki ölkə arasında mövcüd olan mədəni əlaqələr və bu əlaqələrin möhkəmləndirilməsi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi kimi bir sıra məsələlər müzakirə olunmuşdur.

Parlamentlərarası əlaqələr

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[4]. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Zeynəb Xanlarova olmuşdur[5]. 4 mart 2016-cı il tarixindən də Zeynəb Xanlarova işçi qrupunun rəhbəridir[4].

İqtisadi münasibətlər

[redaktə | mənbəni redaktə et]

Əmtəə dövriyyəsi (min doll.)

[redaktə | mənbəni redaktə et]
İl İxrac Idxal Ümumi dövriyyəsi
2020[6] 456 784,46 125 972,10 582 756,56
2021[7] 594 430,92 144 671,95 739 102,87
2022[8] 1 662 623,9 219 448,65 1 882 072,55

Mədəni əlaqələr

[redaktə | mənbəni redaktə et]
Hindistanın Azərbaycandakı səfirliyi V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında

İdman sahəsində əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Futbol qarşılaşmaları

[redaktə | mənbəni redaktə et]
  1. "E.N.Hüseynlinin Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-16.
  2. "İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib". 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-25.
  3. Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az (az.)
  4. 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  5. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2020-08-27 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2000-ci il tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  6. "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
  7. "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
  8. AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. ""AR Xarici ticarətin gömrük statistikasi 2022"" (PDF). customs.az. 2023-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]