Minoru Honda
Minoru Honda (本田 実, Honda Minoru, 26 fevral 1913, Tottori prefekturası – 26 avqust 1990, Kuraşiki, Okayama prefekturası) – Yaponiya astronomu. O, kometa ovçusu kimi tanınmış və 1940–68-ci illərdə 12 kometa kəşf etmişdir.
Minoru Honda 1913-cü ildə Yaponiyanın Tottori prefekturasında doğulmuşdur. İbtidai məktəbi bitirdikdən və 2 illik uzadılmış təhsil aldıqdan sonra valideynləri ilə birlikdə fermer kimi işləməyə başlamışdır. Lakin məktəb illərindən etibarən astronomiyaya maraq göstərən Honda 1927-ci ildə 28 millimetrlik linzalarla ilk teleskopunu düzəltmişdir. Honda 17 yaşına çatanda Şiqeru Kandanın kometalar haqqında kitablarını oxumuş və hələ də Yaponiyada kometa kəşf olunmadığını öyrənmişdir. O, dərhal kometa kəşf etməyə qərar vermiş və ulduz xəritəsi olmadan müşahidələrə başlamışdır.
1937-ci ildə Honda Şərq Astronomiya Cəmiyyətinin qurucusu olan İssey Yamamoto tərəfindən işə götürülmüş və o, Hiroşimada Zodiak İşığı rəsədxanasında işləməyə başlamışdır. 1941-ci ilin aprelində Kuraşiki rəsədxanasında astronom Şiqeki Obayaşinin yerini tutmuşdur.
1941-ci ilin iyulunda Honda Yaponiya ordusunun əsgəri kimi müharibəyə cəlb olunmuş və Çinin şimal-şərqinə, daha sonra isə Sinqapura göndərilmişdir.